Könüllü zabit kadrları hazırlanacaq

Könüllü zabit kadrları hazırlanacaq

Bu müharibədə müasir silahların, dronların istifadəsi onu göstərdi ki, hərb sahəsində də ali savadlı insanlara daha çox ehtiyac var

Milli Məclisin dünən keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Qanuna təklif edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olan vətəndaşlar bir qayda olaraq dövlət sirrinin daşıyıcıları olurlar.

Qanuna ediləcək dəyişilikdən öncə vətəndaş könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə 1 il 6 ay xidmət etdikdən sonra həmin xidmətdən tərxis ola bilirdi. Bu şəxslər (birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar) hazırkı dəyişikliklə qiymətləndirmə yolu ilə birbaşa kadr zabit heyətinə keçirilirlər. Yalnız zabit heyəti vəzifələrində (burada dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti əməkdaşları nəzərdə tutulur) təqvim hesabı ilə (hərbi vəzifə və hərbi xidmət haqqında) Qanunun 41.0.9-cu maddəsinə və (hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq azı 10 il xidmət etdikdə ehtiyata buraxıla bilərlər. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

 

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə bölüşən hərbi ekspert Azad İsazadə qeyd edib ki, ilk dəfə belə bir təcrübə Sovet ordusunda olub. Ekspert vurğulayıb ki, həmin dövrdə ali təhsilli insanlar institutu bitirdikdən sonra zabit adı alırdı, yəni onlar ehtiyatda olan zabitlər hesab olunurdular:

"Həmin şəxslər bir çox yığıncaqlara çağrılaraq təlimlər keçirdilər və növbəti rütbəyə də layiq görülürdülər. Lakin müstəqillik dövründə ali təhsil ocaqlarında hərbi kafedralar ləğv olundu. Nəticədə ali tədris ocağını bitirənlər orduda yalnız sıravi əsgər kimi qulluq etdilər. Lakin real müharibə dövrü onu göstərdi ki, bu məsələnin yenidən icrası daha məntiqlidir.

Çünki orduda ilk növbədə zabit heyəti lazımdır. Xüsusilə aşağı səviyyədə leytenant, baş leytenant, kapitan, yəni konkret əsgərləri döyüşə aparanların olması çox əhəmiyyətlidir".

Ekspert vurğulayıb ki, bu müharibədə müasir silahların, dronların istifadəsi onu göstərdi ki, hərb sahəsində də ali savadlı insanlara daha çox ehtiyac var:

"Düşünürəm ki, Milli Məclis tərəfindən bu qərarın icrası təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, riyaziyyat və fizikaçılar adətən artilleriya, tankçı olurlar. Aydındır ki, həkim heyətini artilleriya topunun qabağında qoymayacaqlar, ondan hərbi həkim kimi istifadə edəcəklər. Kompüteri yaxşı bilənlər isə müəyyən hərbi hissələrə cəlb olunacaqlar.

 

Düşünürəm ki, bu qanunun icrası orduda zabit ehtiyatını daha da çoxaldacaq. Yəni onlar 10 il müddətində qulluq etdikləri müddətdə heç də kadr kimi zabit heyətindən fərqlənməyəcəklər".

Mənbə: sherg.az