“Ermənistan Cenevrə görüşünə bu şəkildə getməlidir, yoxsa..." - Deputat

“Ermənistan Cenevrə görüşünə bu şəkildə getməlidir, yoxsa..." - Deputat

Azərbaycan mövqeyini açıqlayıb. Bizim mövqeyimiz ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrə görüşündə Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılması təqvimini müzakirə etməlidirlər.

Bu fikirləri oktyabrın 29-da Cenevrədə keçiriləcək növbəti danışıqlar raundu haqqında fikirlərini açıqlayan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Millət vəkili əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Minsk Qrupunun özünün təklif etdiyi “Madrid prinsipləri” əsasında müvafiq iş planı ortaya qoymalıdır:

"Eləcə də Ermənistan açıq şəkildə bunu qəbul etdiyinə dair bəyanat verməlidir”.

Asim Mollazadə əlavə edib ki, əks təqdirdə Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməyə davam edəcək:

“Ordumuz onsuz da öz sülhməramlı missiyasını uğurla həyata keçirir. Üstəlik Minsk Qrupunun fəaliyyətini və onların üzərinə düşən öhdəlikləri də həyata keçirir. Hamısını da həyata keçirməkdə davam edəcək. Seçim Ermənistanındır”.

 

Mənbə: teleqraf.com