The Jerusalem Post: Azərbaycanda və Ermənistanda yəhudi olmaq

The Jerusalem Post: Azərbaycanda və Ermənistanda yəhudi olmaq

Oktyabrın 8-də, Azərbaycanda yaşayan Aşkenazi yəhudiləri Azərbaycan ordusunun Qarabağ müharibəsində qələbəsi üçün dua etməyə yığışmışdılar. Düşünürəm ki, Azərbaycanın bütün yəhudi icması – dağ yəhudiləri və Gürcüstan yəhudiləri bu duaçılara qoşulmalıdırlar. Azərbaycan Aşkenazilərinin rəhbəri, rabbi Şneor Segal deyib ki, biz ana vətənimiz Azərbaycanı sevirik. Biz ölkəmizin qələbəsi və torpaqlarının təcavüzkar işğalından azad olunması üçün dua edirik.

Mənim ailəm keçən əsrin əvvəllərindən Bakıda yaşayır. Bakı yəhudiləri necə yaşayır? Niyə onlar öz şəhərini belə isti hisslərlə xatırlayırlar? Çünki yəhudilər burada heç vaxt təqib görməyiblər.

İlham Əliyev və yəhudi icması üzvləri

Siz bakıda yəhudi memorial və abidələrini görə bilərsiniz. Bura dahi fizik Lev Landau, Sovet atom proqramının rəhbəri, üç dəfə sovet əməyi qəhrəmanı, general Boris Vannikov və digər tanınmış alimlərə ucaldılmış abidələr aiddir. Burada həm də Azərbaycanın milli qəhrəmanı, 1992-ci ildə Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş tank komandiri Albert Aqarunovun da heykəli var. Albertin yaşadığı və oxuduğu məktəb də indi onun adını daşıyır. Aqarunovun dəfni zamanı onun ailəsinin istəyi ilə mərasimdə həm molla, həm də rabbi dua edirdilər. Mən Bakıda yəhudilərə aid yaddaşın yalnız az bir hissəsinin adını çəkdim. Bu siyahı əslində çox uzundur.

Bu hamıya bəlli faktır ki, Azərbaycanda antisemitizm mövcud deyil. Biz uşaqlıqdan bir–birimizin dininə və ənənələrinə qarşılıqlı hörmət şəraitində böyümüşük.

Qeyd etmək vacibdir ki, Azərbaycan İsrailin loyal strateji tərəfdaşıdır. Biz Azərbaycandan İsrailin inkişafı üçün həyati vacib olan enerji ehtiyatları alırıq. Biz müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətləri qurmuşuq və buna görə Azərbaycana çox minnətdarıq. Mossad buna görə İsrail düşmənlərinə qarşı effektiv mübarizə əməliyyatları keçirə bilir.

Gəlin 30 il əvvəlin Bakısına geri dönək. O zaman Azərbaycan Yazıçılar Birliyində erməni dilində yazan ədiblər üçün xüsusi şöbə mövcud idi. Dövlətin dəstəyi ilə erməni dilində nəşr olunan qəzet çıxırdı. Ali məktəblərdə erməni dilində tədris verən kafedralar, erməni məktəbləri var idi. 1989-cu ilin Sovet statistikasına görə Azərbaycanda 390 min erməni yaşayırdı. İnsanlar özlərini təhlükəsizlikdə hiss etmədikləri yerlərdə yaşamırlar. Bakıda yaşayan ermənilər bu şəhəri tərk etmək və azərbaycanlılara qarşı vuruşmaq istəmirdilər.

Münaqişənin alovlandırılması, nifrət, qan və iztirablar Azərbaycana onun xaricindən gətirilmişdi. Perestroyka illərində “Dənizdən dənizə böyük Ermənistan” ideyasının daşıyıcıları, böyük dövlətin zəifliyindən və dağılmasından istifadə edib, öz planlarını işə saldılar.

Ermənistanda yaşayan yüzminlərlə azərbaycanlı öz yağmalanan evlərindən qovuldular. Onların çoxu ayağı yalın, qollarında uşaqları, dağlı-dərəli yollarla Azərbaycana qaçdılar. Dağlıq Qarabağda yaşayan ermənilər də burada nəsillərlə yaşamış azərbaycanlı qonşularını evlərindən çıxardılar ki, bura bizim qədim torpaqlardır və ermənilərdən başqa burada heç kim yaşamamalıdır. Bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzü, müharibə və işğal başladı.

Moskva bu vəziyyətdə nə edəcəyini bilmirdi və bəlkə də heç alovlanmaqda olan münaqişənin söndürülməsi onu maraqlandırmırdı da. “Qara yanvar” günlərində Qarabağdakı münaqişəni yatırtmaq üçün Sovet tankları Bakıya daxil oldu. Bu aqressiyaya qarşı dinc yolla etiraz edən insanları yatırtmaq üçün Sovet qoşunları amansız güc tətbiq etdi, küçələrdə silahsız etiraz edən sivil insanlara atəş açıldı. Sovet tankları hətta yardıma tələsən təcili yardım maşınlarını da əzdilər. Bu günlər Sovet Azərbaycanının sonundan xəbər verən günlər idi.

Biz müasir dünyada yaşayırıq və onun reallıqlarını nəzərə almalıyıq. Dünyada beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin hörmət eləməyə məcbur olduğu dövlətlərin ərazi bütövlüyü prinsipləri var. Burada, öz ölkəsində sülh içində yaşayan insanlar vardı. Ermənistan qonşu müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünə qarşı hücum edib və 20% torpaqlarını işğal edib. Özü də bura Dağlıq Qarabağdan başqa yeddi digər Azərbaycan rayonu da daxildir.

Bu müharibədən 1994-cü ildə kim xeyir qazandı? Yalnız bu münaqişənin qızışdırılmasından milyonlarla dollar gəlir əldə edən siyasətçilər. Onların çoxu Qafqazdan çox uzaqlarda yaşayırlar. Bu aqressiya Ermənistan əhalisinə peşmanlıq, səfalət və təcriddən başqa heç nə vermədi.

Bəs Ermənistanda yəhudilərə qarşı münasibət necədir?

Nyu Yorkda çıxan həftəlik The Jewish Voice qəzetinin müxbiri Fern Sidman özünün “Erməni antisemitizmi yenə öz iyrənc başını qaldırır” adlı məqaləsində yazır ki, Pew Research Center-in apardığı sorğulara əsasən, qapalı, tamamilə monoetnik Ermənistan 18 Mərkəzi və Şərqi Avropa ölkələri arasında, yəhudilərə qarşı ən dözümsüz ölkədir. Ermənistandan olan sorğu iştirakçılarının 32%-i bildirib ki, onlar hətta yəhudiləri öz həmvətənliləri kimi belə qəbul etməyəcəklər. Bu rəqəmlər heyrətləndiricidir, amma təəccüblü deyil.

Antisemitizm və anti-defomasiya liqasının indeksinə görə Ermənistan keçmiş sovet ölkələri içində yəhudilərə qarşı olan ölkə kimi liderdir. Bu cür fikirdə olan insanlar bu ölkənin əhalisinin 58%-ni təşkil edir.

Sidman yazır ki, Ermənistanda bu cür meyllərə rəsmilərin tipik reaksiyası bunu inkar etməkdir. Ermənistan paytaxtı Yerevanda Xolokost memorialı 2004 və 2005-ci illərdə dəfələrlə vandalizm hədəfinə çevrilib, amma polisin buna rəsmi münasibəti o olub ki, bu abidə öz-özünə yararsız hala düşüb və heç bir rəsmi şəxs bu halları pisləməyib.

Bunu da qeyd etmək vacibdir ki, Ermənistanın ən yaxın müttəfiqi yəhudi dövlətini açıq şəkildə məhv etməklə təhdid edən və dünyada terrorizmin böyük sponsoru olan İrandır.

Bundan başqa amerikalı rabbi İsrael Baruk The Times of Israel saytında yazır ki, ABŞ-da fəaliyyət göstərən erməni tələbə təşkilatları bu ölkə universitetlərində İsrailə qarşı geniş və koordinasiya olunmuş boykot kampaniyası təşkil ediblər. Onlar İsraillə hər cür əməkdaşlığı rədd edirlər.

“Xüsusən də ABŞ-da bu halların geniş kütlələrə məlum olmaması şəraitində yəhudilərə qarşı yönəlmiş belə qəddar önyarğılar və dərin antisemit davranışlar Ermənistanda uzun müddətli prosseslərin nəticəsidir. Çoxu bilmir ki, Hitlerin “Yəhudi məsələsinin birdəfəlik həlli” layihəsində erməni antisemitizminin ciddi rolu olub. Bu xüsusda faşist alman qüvvələrinin tərəfinə keçmiş 20 min erməni millətçilərinin o dönəmdə yəhudi və digər “ikinci sort” insanların həbs edilməsində alman ordusuna yardım etmələrini qeyd etmək lazımdır” deyə Baruk davam edir.

Njedinin Yerevanda heykəli

Bu faşist yandaşlarının o zamankı liderləri general Dro və general Njde idi. Onların hər ikisi bu gün Ermənistanda milli qəhrəmanlar kimi qəbul olunurlar.

Bundan başqa 1930-cu illərdə Hayrenik kimi erməni-amerikan mətbuatı Hitleri açıq şəkildə dəstəkləyən propaqanda ilə məşğul idilər. Onlar yəhudiləri “zəhərli ünsürlər” adlandırır, Xolokostu isə edilməsi vacib olan “cərrahi əməliyyat” kimi əsaslandırırdılar.

Bu gün Yerevanın mərkəzində ermənilərin milli qəhrəman hesab etdikləri Njdenin heykəli dayanır. “Rəqəmlər yalan danışmır. Erməni antisemitizmi ciddi problemdir və bu məsələ inkar edilməməli və ona haqq qazandırılmamalıdır” deyə Sidman yekunlaşdırır.

Bəs biz bu gün İsrail tərəfindən nə görürük?

Bir tərəfdə bizə qarşı heç zaman ciddi antisemitizm meylləri görmədiyimiz, İsraili həyati vacib enerji ehtiyatları ilə təmin edən, bölgədə İsrailə düşmənləri ilə mübarizədə dəstək olan və öz ərazi bütövlüyünü təmin etmək və işğalçı qüvvələri ərazisindən çıxarmaq üçün vuruşan Azərbaycan.

O biri tərəfdə isə İranla sıx strateji müttəfiqlik əlaqələri quran, millətçi kollaborasionistləri milli qəhrəman elan eləmiş, Avropada ən yüksək antisemitizm meyllərinə sahib, qonşu dövlətin ərazisini işğal etmiş və dinc insanları bombalamaqla geniş miqyaslı münaqişə yaratmaq istəyən Ermənistan.

Bu, bir cəbhənin iki tərəfidir.

Roman Qureviç
The Jerusalem Post

Yazı “Azlogos”da dərc edilib.

Mənbə: banker.az