10 minlərlə gənc cəbhəyə çağırılacağı günü gözləyir -

10 minlərlə gənc cəbhəyə çağırılacağı günü gözləyir -

Ermənistan və ona “züy tutan” bəzi ölkələr sentyabrın 27-dən başlayan döyüşlərin ilk günlərindən “Azərbaycan tərəfindən muzdlular döyüşür” kimi iddialarla çıxış edir, sərsəm açıqlamalar verirlər. Halbuki Azərbaycan Ordusunda muzdluların olmasına dair heç bir fakt təqdim edə bilmirlər.
“Bizim nizami ordunun 100 min döyüşçüsü var. Zərurət yaranarsa, biz ümumi səfərbərlik elan edərik. Yeri gəlmişkən, Ermənistandan fərqli olaraq, biz bunu elan etməmişik. Ona görə bütün bunlar yalan və böhtandır”. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın “Rai-1" televiziya kanalına müsahibəsində suriyalı muzdluların Azərbaycan tərəfində döyüşməsi ittihamı ilə bağlı sualı cavablandırarkən bildirib.
N.Paşinyan özü də çıxışlarında “Azərbaycan Ordusu bizi üstələyir, 1 erməni mövqeyinə 10-12 Azərbaycan əsgəri hücum edir” kimi fikirlər deyib, əsgərlərinin Qarabağda döyüş meydanından qaçdığını bu cür əsaslandırmağa çalışıb.
10 minlərlə Azərbaycan gənci cəbhəyə çağırılacağı günü gözlədiyi bir vaxtda bizə muzdlu döyüşçü lazımdırmı?
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyir ki, xüsusilə Bakıda hər gün müvafiq dövlət qurumlarına cəbhəyə getmək üçün müraciət edənlər var. Ali Baş Komandan əmr versə, bu gün ordu sayımız qədər gənc könüllü cəbhəyə gedər. Xalq qələbə üçün hər şeyə hazırdır: “Azərbaycanda ictimai rəy, müharibəyə münasibət, əhval-ruhiyyə Azərbaycan xalqında yekdildir, birmənalıdır. Azərbaycan on illərdir müharibəyə hazırdır. Amma sülh prosesinə, danışıqlara hər zaman səmimi yanaşmamızı ortaya qoyurduq. Bununla belə, qarşı tərəfdən hər cür riyakarlıq, yalanla dolu böhtan, aqressiya görürdük. Atəşkəs dövründə belə əsgərlərimiz təmas xəttində şəhid olurdu. Düşmən təxribatları son 30 ildə bitib-tükənmədi. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi. 1 ayın tamamında Ermənistanın illərlə qurduğu istehkamlar, hərbi obyektlər darmadağın edildi, düşmənin 10 min nəfərdən çox canlı qüvvəsi məhv olunub. 100 milyonlarla dəyəri olan hərbi texnikaları qənimət olaraq ələ keçirilib, 1 milyarddan çox dəyərində olan hərbi texnikaları məhv edilib. Nə desinlər? Şər-böhtan həmişə erməni tərəfin əsas ”silah"ı olub. Azərbaycan Ordusunun qarşısında aciz durumdadırlar. Bu qədər dəstəyin, silah-sursat yardımının qarşısında rəzil günə qalıblar. Utanmadan, müharibə cinayətlərinə qol qoyur, qoca kaftarların, uşaqların əlinə avtomat verib döyüşə yollayırlar".
Partiya sədrinin müavini deyir ki, bu gün Azərbaycan Ordusunun sayını dəfələrlə üstələyən könüllü ordusu gözləmə mövqeyindədir: “Vətən oğulları Ali Baş Komandanın əmrini gözləyir. Hər gün yüzlərlə gənc hərbi komissarlıqların qarşısına toplaşıb cəbhəyə göndəriləcəklərinə ümidlərini itirmirlər. Ermənistanda isə əks proses müşahidə olunur. Erməni mətbuatı yazır ki, 2 min dollar qarşısında erməni çağırışçılar koronavirus testinin müsbət cavabını satın alırlar. Bu, Ermənistandakı faciəvi durumu sübut edən faktdır”.
Arzuman Abdulkərimov deyir ki, ermənilərin pul müqabilində hərbidən yayınmaları həm də başqa bir həqiqətin etirafıdır: “”Korona" testinin müsbət cavabını rüşvət müqabilində alan çağırışçı ermənilər 1 ay izolasiya olunacaqlarını bilirlər. Çox gözəl bilirlər ki, 1 aya müharibə bitəcək, darmadağın edilmiş orduları tezliklə Qarabağı tərk edəcək. Yəni 1 aylıq möhlət almaqla qaçılmaz ölümün pəncəsindən yayınmağa çalışırlar. Qarabağın özlərinə aid olmadığını etiraf edirlər və buna görə də döyüşmək istəmirlər. Paşinyanın təlxəkliyi, gah arvadının əlinə silah verib ortaya atması, gah da oğlunu çağırışçı olaraq cəmiyyətə təqdim etməsi də vəziyyəti dəyişmir. Erməni cəmiyyəti bilir ki, illərlə yalanla onları bəsləyənlər bu gün həmin yalanlarla övladlarını gözgörəsi ölümə göndərməyə çalışır. Azərbaycanda isə tam əks proses gedir. Hər kəs döyüşə can atır, amma nizami ordumuzun sayı, texniki imkanlar, canlı qüvvənin yetərincə olması könüllülərin cəbhəyə göndərilməsi zərurətini aradan qaldırır. Tovuz döyüşlərindən sonra Ali Baş Komandan çağırış etdi və orduya ilk bir neçə gündə 150 min nəfər könüllü olaraq yazıldı. Azərbaycanda qismən səfərbərlik olub. Tam hərbi səfərbərliyə isə ehtiyac yoxdur. Belə bir vaxtda Azərbaycana kənardan muzdluların gətirilməsi absurddur, erməni təbliğat maşınının növbəti yalanıdır".
Partiya sədrinin müavini deyir ki, Azərbaycanın başlatdığı Vətən müharibəsi yeni döyüş modelinə əsaslanır və bunu bütün dünyanın hərbi mərkəzləri etiraf edir: “Azərbaycanın da istehsal etdiyi zərbə dronları düşmən qüvvələrini və texnikasını dəqiq zərbələrlə məhv edir, sıradan çıxarır. Ermənilərin olan-qalan döyüş qabiliyyəti 1 ayın içində acınacaqlı vəziyyətə gətirilib. Fərarilik baş alıb gedir, döyüş meydanından qaçırlar. Ermənistanda fərariliklə bağlı başlanan cinayət işlərinin sayı itib. Belə bir halda Paşinyanın sərsəm açıqlamaları gözləniləndir və öz xislətlərinə uyğundur. Bu cür şərləmələri təbii qəbul etmək lazımdır”.
 

Mənbə: teref.az