"Ermənilər Paşinyan kimi siqaret qaçaqmalçısıının xilas olması naminə ölmək istəmir" - AÇIQLAMA

"Ermənilər Paşinyan kimi siqaret qaçaqmalçısıının xilas olması naminə ölmək istəmir" - AÇIQLAMA

“Azərbaycanın cəmi 1 ay ərzində Ermənistanın xarici havadarlarının vasitəsi ilə qurduğu müdafiə sistemini çökdürməsi, ermənilərin öyündüyü raket və hava hücumundan müdafiə sistemlərini məhv etməsi, sürətlə əraziləri işğaldan azad etməsi ciddi ajiotaja səbəb olub”.

Bunu sosial şəbəkələrdə erməni əsgərlərinin acınacaqlı vəziyyətdə olması ilə bağlı yayılan videonu KONKRET.az-a şərh edən deputat Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, Ermənistan rəhbərliyi bu günə qədər erməni ordusunu yenilməz, müdafiəsini isə keçilməz olması ilə bağlı ölkədə dərin inam yaratmışdı:

“Azərbaycan əsgərinin onların düşüncələrini və inancını bir neçə saat içində yerlə yeksan etməsindən sonra ölkə tam mənada düşkünlük yaşayır, artıq sıravi erməniləri Qarabağ və Azərbaycanın işğal edilmiş torpaqları maraqlandırmır. Ermənistanın həmsədr dövlətlər tərəfindən silahla və siyasi dəstəklə təmin olunması bu ölkədə döyüş ruhunun yüksəldilməsi üçün bəs etmir, əksinə Ermənistan rəhbərliyini öz xalqını uçuruma aparmağa təşviq edir. İqtisadi cəhətdən çökmüş Ermənistan öz əsgərinin minimum təminatını həyata keçirə bilmir. Əsgər dağlarda ac-susuz qalıb, geyimlər çatmır, əsgərlərin minimum tələblərinin ödənməməsi orduda iyerarxiyaya ciddi təsir edib, faktiki olaraq tabesizlik mövcuddur. Erməni əsgərləri heç silahı belə təhvil vermədən ordunu özbaşına həm də nümayişkaranə şəkildə tərk edir. Bu da əslində normaldır, mülki ayaqqabı və mülki paltarda dağlarda əsgərdən döyüş aparmağı tələb etmək dövlət üçün utancdır”.

Deputat vurğulayıb ki, Ermənistan hakimiyyətindəki 3 tirəlik, vahid komandanlığın olmaması ölkədə böhranı daha da dərinləşdirir:

“İndi cəmi bir neçə video yayılıb, lakin əslində cəbhə boyu kütləvi fərarilik adi hala çevrilib. Artıq ermənilər Paşinyan kimi bir siqaret qaçaqmalçısıının xilas olması naminə ölmək istəmir. Bundan başqa müharibənin ilk günlərindən Azərbaycanın əzici gücünü, yeni nəsil müharibə üslublarının və vasitələrinin tətbiqini görən ermənilər çox gözəl başa düşür ki, kimin kömək etməsindən asılı olmayaraq işğal etdikləri torpaqlarda qala bilməyəcəklər. Bəli, ola bilsin ki, Ermənistana silah daşınır, lakin bu silahı da axı kimsə istifadə etməlidir. Artıq Ermənistanda əlinə silah alıb cəbhəyə getməyi arzu edən bir toplum yoxdur. Düzdür, sosial şəbəkələrdə bir müqavimət, bir təbliğat var, lakin bu virtual “döyüşçülərin” əksəriyyəti Paşinyanın və erməni lobbisinin trollarıdır”.

 

Mənbə: konkret.az