“İnsanlarımız böyük bir həsrətlə öz dədə-baba torpaqlarına qayıdacaqlar”

“İnsanlarımız böyük bir həsrətlə öz dədə-baba torpaqlarına qayıdacaqlar”

İşğaldan azad olunmuş torpaqlarımızda yaşamaq istəyən bütün vətəndaşlara dövlət hər cür şərait yaradacaq

Ordumuz sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, eləcə də Hadrutu işğalçılardan azad edib. Rayonlarımızın, kəndlərimizin işğaldan azad olunması xəbərləri xalqımızı, xüsusilə uzun illərdir ki, torpaqları işğalda olan məcburi köçkünləri daha çox sevindirir. Bəs məcburi köçkünlərin öz yurdlarına qayıtması necə təşkil olunacaq?

Deputat Fazil Mustafa bildirib ki, şəxsi mülkiyyətdə olan evlərin heç birinə hüquqi cəhətdən toxunmaq mümkün deyil: “İkincisi, əgər dövlət hər hansı bir şəkildə konkret ərazilərdə məcburi köçkünlərimizi evlə təmin edəcəksə, ictimai müzakirə keçirib, bununla bağlı bir qərar qəbul etmək lazımdır ki, narazı insan qalmasın. Yəni ola bilsin ki, müəyyən kateqoriyadan olan insanlara güzəşt olunacaq, müəyyən kateqoriyadan olanlar isə könüllü şəkildə öz seçimini işğaldan azad olunan ərazilərin üzərindən gerçəkləşdirəcəklər. Biz o əraziləri müəyyən məskunlaşma siyasəti yeridərək doldurmasaq, orada geniş şəkildə əhalinin yaşayışını təmin etməsək, bu torpaqların həm müdafiəsi baxımından, həm də ərazinin inkişafı baxımından problemlər olacaq. Ona görə də hesab edirəm ki, müəyyən dərəcədə könüllülük, müəyyən dərəcədə məcburilik prinsipi olmalıdır. Fərdi yanaşılmalıdır. Hansı ailələr ki, artıq Bakı ilə bağlıdır və hər hansı bir şəkildə buradan qoparılması iş və ya fəaliyyətə problem yaradacaq, onlara güzəştli olaraq yanaşılması mümkündür. Amma hansı ailələr ki, yeni məkanda həm iş yeri tapmaq, həm də məskunlaşma imkanına sahibdirlər, onların da bu istiqamətdə təmin olunması vacibdir. Əslində bu mürəkkəb bir məsələdir, amma bir həmrəylik qaydasında həll edilməlidir. Elə etmək lazımdır ki, hər kəs buna borc kimi baxsın. Özü də burada söhbət təkcə qaçqınlardan getməməlidir. Könüllü şəkildə işğaldan azad olunmuş torpaqlarımıza getmək istəyən vətəndaşlara da bu şərait yaradılmalıdır. Çünki belə insanlar da olacaq, onlar torpağın qorunması, orada iş yerlərinin açılmasına maraqlı olacaqlar. Ola bilsin onların Bakıda şəxsi evləri var, amma o torpaqlarda yaşamaq istəyirlər. Bu şərait onlara da yaradılmalıdır. Məskunlaşmanı yalnız məcburi köçkün kateqoriyasının üzərinə qoymaq olmaz. Burada daha geniş şəkildə, daha çox sayda məskunlaşmaya ehtiyac olduğuna görə digər komponentlərdən də istifadə etməliyik”.

Deputat Fəzail Ağamalı dedi ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunduqdan sonra Prezidentin söylədiyi kimi, ciddi quruculuq işləri aparılacaq: «Erməni vandalizmi bütün yaşayış məntəqələrini yerlə-yeksan eləyib. Torpaqlarımızda evlərin daşlarına kimi söküb aparıblar. Bütün bunlar hamısı yenidən qurulacaq, Azərbaycan xalqının iradəsi və dövlətimizin imkanları ilə biz həmin yerlərə köçəcəyik. Bundan sonra da təbii ki, məcburi köçkünlərin geri qayıtması məsələsi hüquqi şəkildə öz həllini tapmalıdır. İnsanlarımız böyük bir həsrətlə öz dədə-baba torpaqlarına qayıdacaqlar. Öz doğma yurdlarında ən müasir kommunikasiyalara, imkanlara malik olan gözəl evlərində yaşayacaqlar".

Qeyd edək ki, 2001-2018-ci illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 3,3 milyon kvadratmetr yaşayış sahəsinə malik 97-si, yaxud 95 faizi son 15 ildə inşa edilib. Yeni yaşayış komplekslərində 156 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 62 mədəniyyət və 63 səhiyyə müəssisəsi, 65 uşaq bağçası, 2 olimpiya idman kompleksi tikilmiş, 775 kilometr asfalt yol çəkilmiş, 985 kilometr su xətti, 1,8 min kilometr elektrik xətti, 655 kilometr qaz xətti, 78 kilometr rabitə xətti, 62 kilometr istilik xətti, 102 kilometr kanalizasiya xətti, 193 kilometr drenaj şəbəkəsi inşa edilmişdir, 866 ədəd müxtəlif gücə malik elektrik transformatorları quraşdırılmış, 217 artezian quyusu qazılaraq, istifadəyə verilib.

Son 20 ildə həcminə görə ən böyük - 1.300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilib. 2018-ci ildə 5.923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.

Mənbə: cia.az