ABŞ “Krım platforması” üzrə Ukrayna ilə əməkdaşlıq edəcək

ABŞ “Krım platforması” üzrə Ukrayna ilə əməkdaşlıq edəcək

ABŞ “Krım platforması” layihəsinin yaradılması üzrə Kiyevlə əməkdaşlıq etməyə hazırdır. Layihənin məqsədi Krımı Rusiyadan ayırmaqdır. Məlumatı “İzvestiya.ru” verib.

Məlumata görə, belə bir bəyanatla ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kvin Ukrayna XİN başçısının birinci müavini Əminə Caparova ilə görüşdə çıxış edib. Caparova “Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə etdiyinə və Rusiyaya qarşı dəyişməz mövqeyinə görə” ABŞ-a minnətdarlığını bildirib.
Ukrayna XİN nümayəndəsi “Krım platforması”nın əsas vəzifələri ilə bağlı amerikalı diplomatı məlumatlandırıb. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri beynəlxalq ictimaiyyətin Krımı Rusiyanın bir hissəsi kimi tanımasına yol verməmək istiqamətində siyasi səyləri birləşdirməkdir.
Bildirilir ki, Kristina Kvin Ukrayna ilə əməkdaşlıq etməyə hazır olduğunu və yarım­adanın mənsubiyyəti ilə bağlı ABŞ-ın mövqeyinin dəyişməz olaraq qaldığını bəyan edib.
Xatırladaq ki, Krım məsələsi ilə bağlı beynəlxalq platforma yaratmaq niyyəti barədə Kiyevdə iyulda bəyan etmişdilər. Elan olunmuşdu ki, Kiyev rəsmiləri məsləhətləşmələrə Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-ı cəlb etmək niyyətindədir.
Avqustun 30-da Krım parlamentinin sədri Vladimir Konstantinov demişdi ki, Krım Respublikasının statusu şübhə doğurmayan məsələdir və hər hansı beynəlxalq platformanın yaradılması aktual deyil. Onun fikrincə, Ukrayna hakimiyyətinin yenidən Krım mövzusuna qayıtmaqda məqsədi əhalinin diqqətini ölkədəki daxili problemlərdən yayındırmaqdır.
Yarımada Rusiyanın tərkibinə ­2014-cü ildə keçirilmiş referendum nəticəsində qayıdıb, Krım əhalisinin 96,77 faizi Rusiyaya birləşməyə səs verib. Kiyev isə səsvermənin nəticələrini tanımır.

 

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com