"Son sözü ancaq Azərbaycan Ordusu deyəcək" - Polkovnik

"II Dağlıq Qarabağ müharibəsinin dəsti-xəttindən açıq görünür ki, döyüş meydanında tab gətirə bilməyən düşmən bizim mülki obyektlərə, insanlara atəş açmaqla fəlakət törətməklə məşğuldur".

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, beynəlxalq ictimiyyət tərəfindən Ermənistana mülki əhaliyə yönəlik törətdiyi cinayətlərə görə təzyiq göstərilmir:

"Mülki əhalinin kütləvi qırğınına səbəb olmaq üçün istifadə olunmuş raketlər bütün beynəlxalq normalara, konvensiyalara ziddir. Ancaq bu gün beynəlxalq qurumlar nədənsə susurlar. Baxmayaraq ki, həmsədrlər də artıq bu haqda məlumatlandırılıblar, videomateriallar da var, ancaq Ermənistana təzyiq göstərilmir. Cənab Prezident demişkən, artıq bunların havadarları, onların kimlər olduğunu bütün bəşəriyyət bilir. Belə çıxır ki, həmin o Minsk Qrupunun üzvləri elə Ermənistanın havadarları imiş. Çünki Fransanın hərəkəti, Moskvadakı humanitar atəşkəs, Amerikada humanitar atəşkəslə bağlı qərar qəbul olunsa da Ermənistan tərəfindən buna riayət edilmədi. Amerikanın da, Rusiyanın da onlara təzyiq göstərəcək mexanizmləri çoxdur, amma təzyiq göstərmir. Yəni, bu da onu göstərir ki, bu dövlətlərin ümumiyyətlə heç bir fəaliyyəti bu məsələnin dinc yolla həllinə yönəlməyib. Humanitar atəşkəslə bağl çağırışlar sadəcə vaxt uzadılmasına, işğalçı dövlətin müəyyən bir şəkildə dəstəklənməsinə yönəlib".

Ş.Ramaldanov onu da qeyd edib ki, döyüşlər davam edəcəyi müddət ərzində düşmənin bu cür təxribatları da davam edəcək:

"Son sözü ancaq Azərbaycan Ordusu deyəcək. Azərbaycan Ordusu artıq Bərdənin qisasını döyüş meydanında alıb. Ancaq biz hələ ki onları qovmamışıq, hələ ki onlar işğal olunmuş torpaqlardadır, hələ ki onların bütün atəş vasitələrini məhv etməmişik. Cəbhə bölgəsinə yaxın olan yaşayış məntəqələrimiz daha çox ehtimalla bu təcazvüzlərə, bu hərbi cinayətlərə məruz qala bilərlər. Döyüşlər davam edəcəyi müddət ərzində düşmənin bu cür təxribatları da davam edəcək. Ermənistanın mülki əhalini hədəf almasının sona çatması Azərbaycanın işğalçı qüvvələrin üstündə tam zəfər çalmasına bağlıdır. Ona görə də düşünürəm ki, biz nə vaxt qələbə qazanacağıq və düşmənləri torpaqlardan qovacağıq, onda da yaşayış məntəqələrimiz və mülki əhali o vaxt sakit yaşaya biləcərlər. İndi isə bu vəziyətdə təhlükəsizlik tədbirləri ilə bağlı əhali arasında müəyyən maarifləndirmə də gedir. Düşmənin baş verə biləcək istənilən təxribatı zamanı tələfatı maksimum azaltmaq üçün görülən tədbirlərə ciddi riayət etmək lazımdır".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

BNA sürücülərə müraciət edib

SONRAKI XƏBƏR

“BƏM-ə müraciət olunub” - VİDEO