İranın Qarabağ təşəbbüsü nəticə verə bilərmi? - Şərh

İran diplomatının Bakı, Moskva, Ankara və İrəvanda danışıqlar aparmaq niyyəti və Qarabağ münaqişəsinə dair hansısa təşəbbüslərlə çıxış etməsi maraqlı nüansdır. Əslində İran daima münaqişəyə dair təşəbbüslər irəli sürüb, lakin bu təşəbbüslər dəstək qazanmayıb.

Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov İranın Qarabağ münaqişəsinin həllinə dair yeni təşəbbüslə çıxış etməsini şərh edərkən deyib.

Xatırladaq ki, hazırda İran xarici işlər nazirinin müavini Abbas Əraqçı Bakıda səfərdədir. O, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə müzakirələr aparıb. Eləcə də Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcəyi ehtimal edilir. Səfərdən öncə İran tərəfi elan edib ki, hazırda hərbi əməliyyatların getdiyi, Azərbaycan Ordusunun qanı və canı hesabına işğaldan azad etdiyi konflikt bölgəsinə dair yeni sülh təşəbbüsləri var. Tehranın sülh təşəbbüslərinin mahiyyəti hələlik bəlli deyil.

Professor Əli Abbasov ehtimal edir ki, İranın təşəbbüsləri dəstək qazanmayacaq: “Biz tarixə diqqət etməliyik. İran tərəfi bir dəfə belə bir təşəbbüslə çıxış etmişdi. Ancaq o zaman Azərbaycan rəhbərliyi Tehranda Ermənistan rəhbərliyi ilə danışıqlar aparmaq ərəfəsində Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olundu. Beləcə İranın təşəbbüsü iflas etdi. O hadisədən sonra İran uzun illər bu problemdən kənarda qalmalı oldu. Belə reallıq var”.

Əli Abbasov qeyd edib ki, 2018-ci ildə Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra İrəvan-Tehran münasibətlərində müəyyən dəyişikliklər olub: “Tehran qərbpərəst olan Paşinyandan ehtiyat edib. Paşinyan da Qərb amilini nəzərə alaraq Tehrana əvvəlki erməni hökumətləri qədər yaxınlaşmayıb. Amma sözsüz ki, münasibətləri var. Bu mənada inanmıram ki, tərəflərin özü İranın təşəbbüsünə razı olsun. Nəzərə almaq lazımdır ki, bir aydan çoxdur Azərbaycan Ordusu hərbi əməliyyatlar aparır. Bu müddət ərzində ayrı-ayrılıqda Fransa, ABŞ və Rusiya atəşkəsi dayandırmaq üçün təşəbbüs göstəriblər. Ancaq nəticədə heç nə alınmayıb. Odur ki, İranın təşəbbüsünün ciddi dəstək alacağı ehtimalı azdır. Xüsusilə, nəzərə alaq ki, İranın təşəbbüs və təkliflərinin mahiyyəti hələlik bizlərə bəlli deyil”.

Professorun sözlərinə görə, hazırda Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir: “İran müharibə ərəfəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bu, pozitiv haldır. Sözsüz ki, biz İranla münasibətlər saxlamalıyıq”.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Beynəlxalq subyektlər Ermənistanı cəzalandırmalıdır - Deputat

SONRAKI XƏBƏR

Bartomeu istefa verdi, Messi üçün yaşıl işıq yandı - Yeni müqavilə imzalayacaq