Yeni düzən ! - “Rusiya Türkiyə ilə hesablaşmadan uğura imza ata bilməz”

Yeni düzən ! - “Rusiya Türkiyə ilə hesablaşmadan uğura imza ata bilməz”

“İstənilən halda dünyada yeni düzən yaranır. Düşünürəm ki, bu düzəndə Türkiyə və Rusiyanın müttəfiqliyi hər iki dövlətə uğur qazandıracaq”

“Gələcəkdə, bəlkə, də yeni siyasi gücün və siyasi - hərbi blokun yaranmasının təməli də qoyula bilər”

“Bu prosesdə Azərbaycanın da iştirakı mümkündür. Odur ki, qardaş ölkənin mövqeyinin güclənməsi Azərbaycanın marağındadır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlər telefon söhbəti zamanı Dağlıq Qarabağ və Suriya məsələlərini müzakirə ediblər. R.T. Ərdoğanla V.Putin Qarabağ münaqişəsi ilə bağlı hər iki ölkənin hərbi, diplomatik və xüsusi xidmət orqanları arasında koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.

 

 

Məlum telefon danışığını “Sherg.az”a şərh edən AĞ Partiya sədri Tural Abbaslı bildirib ki, Rusiya və Türkiyə yaxınlaşması artıq bir müddətdir davam edir. Bu yaxınlaşma və müttəfiqliyi dünyada yaranmış yeni siyasi situasiya ilə əlaqələndirmək olar:

“Məlumdur ki, Türkiyə və Rusiya Suriya, İraq və Liviyada bir çox məsələlərdə qarşı-qarşıya gəldilər. Lakin sonra ümumi dil tapdılar və hər iki tərəf əmin oldu ki, müttəfiqlik onlara daha çox şey qazandıracaq, nəinki düşmənlik və yersiz rəqabət. Ona görə Türkiyə və Rusiyanın bəzi məsələlər üzrə ümumi razılığa gəlmək kimi bir ənənəsi var. Bu əlaqələr nə qədər dərinləşsə və səmimiləşsə, Azərbaycan üçün o qədər faydalı olacaq”.

Qarabağda hadisələrin çox sürətli cərəyan etdiyini deyən partiya sədri vurğulayıb ki, beynəlxalq aləmin, Avropa və Amerikanın, hətta Rusiyanın özünün bəzi dairələrinin ölkəmizə təzyiqi var:

“Düşünürəm ki, Türkiyə Rusiya ilə tez əlaqədə olub, öz mövqeyini sərgiləməlidir ki, Azərbaycan bu qüvvələrlə təkbətək qalmasın. İstənilən halda dünyada yeni düzən yaranır. Düşünürəm ki, bu düzəndə Türkiyə və Rusiyanın müttəfiqliyi hər iki dövlətə uğur qazandıracaq. Gələcəkdə, bəlkə, də yeni siyasi gücün və siyasi - hərbi blokun yaranmasının təməli də qoyula bilər. Bu prosesdə Azərbaycanın da iştirakı mümkündür. Odur ki, qardaş ölkənin mövqeyinin güclənməsi Azərbaycanın marağındadır”.

T.Abbaslının qənaətincə, artıq Rusiya qəbul edib ki, Türkiyə regionda və dünyada yeni gücdür. Ona görə də Rusiya Cənubi Qafqazda Türkiyə ilə hesablaşmadan hər hansı bir uğura imza ata bilməz:

“Hələlik Rusiyanın atdığı addımlar məqbul hesab edilə bilər. Düzdür, Putinin bəyanatlarında bəzi ermənipərəst nüanslar səslənsə də, Rusiyanın hazırkı mövqeyi Azərbaycana sərf edir. Putinlə Ərdoğanın tez-tez ünsiyyətdə olması və gündəmi dəyərləndirməsi indiki məqamda maraqlarımıza tam uyğundur”.

Mənbə: sherg.az