Ermənilərin tarix saxtakarlığı hələ belə fantastika göstərməmişdi - Bakı hara, “Bakurakert” hara...

Ermənilərin tarix saxtakarlığı hələ belə fantastika göstərməmişdi - Bakı hara, “Bakurakert” hara...

İlqar Niftəliyev: “Ermənilərin Bakını “Bakurakert” adlandırması böyük saxtakarlıqdır”

Erməni alimlərinin “erməni tarixi”nə dair yazdıqlarının hamısı saxtadır. Onlar bəzən bu saxtakarlığı elə ifrat dərəcədə ortaya qoyurlar ki, adamın ayağından yer qaçır.

Müstəqil Azərbaycan dövlətinin paytaxtı qədim Bakı şəhərinə qarşı da erməni iddiaları ortaya çıxıb. Bu o qədər fantastik iddiadır ki, adam onu eşidəndə bilməyir ağlasın, yoxsa gülsün. Ermənilər iddia edirlər ki, guya Bakı “qədim erməni şəhəri”dir və Bakının adı “Bakurakert” olub. Guya ki, şəhərimizin adı eramızın 160-164-cü illərində yaşamış “erməni çarı Bakura”nın adından götürülüb(?). Ermənilər yazırlar ki, guya 80 il bundan əvvəl Bakı sakinlərinin yalnız 5-də 1-i azərbaycanlı olub, XX əsrin ortalarına qədər Bakıda xristianlar çoxluq təşkil edib. Ermənilərin iddialarına görə, çoxlarına məlumdur ki, Bakı heç vaxt Azərbaycan şəhəri kimi tanınmayıb(?).

Qeyd edək ki, ermənilərin əndazəni aşan bu iddiasının heç bir əsası yoxdur və Bakı ilə ermənilərin yaxından-uzaqdan heç bir tarixi bağı yoxdur.

“Bakıda 18-ci əsrin əvvəllərinə, yəni I Pyotrun köçürülmə siyasətinə qədər ermənilər yox idi”

Ermənilərin məlum iddiasını şərh edən tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu, birmənalı olaraq, həqiqətə uyğun deyil və növbəti erməni saxtakarlığıdır. “Bilirik ki, Çar Rusiyasının işğalı ərəfəsində Bakıda Bakı Xanlığı olub. Ondan əvvəl Bakı Səfəvilər dövlətinin əsas liman şəhərlərindən biri idi. Bunlardan da əvvəl Şirvanşahlar dövlətinin paytaxtı olub. Bakı haqqında ilk məlumatlar hələ IX-X əsrlərdə ərəb və fars mənbələrində qeyd edilib və həmin mənbələrdə Bakının adı çəkilib. Həmin dövrlərdə də Bakı Şirvanşahlar dövlətinin əsas liman şəhərlərindən biri idi və sonradan bu dövlətin paytaxtına çevrilib. Müxtəlif mənbələrdə Bakının adı “Badi kübə”, rus mənbələrində “Baka” kimi göstərilib. Həmin dövrlərdə heç bir erməni mənbəsində Bakı haqqında məlumatlar olmayıb. Ümumiyyətlə, qədim və orta əsrlər dövründə Bakıda ermənilər yaşamayıblar. Çar Rusiyasının Cənubi Qafqazda nüfuzu artdıqdan sonra, təxminən 18-ci əsrin əvvəllərindən başlayaraq, I Pyotrun dövründə ermənilər bu ərazilərə köçürülməyə başlayıb. Xüsusən də I Pyotrun 1724-cü ildə verdiyi fərmanla Bakıda, Şirvanda, ümumiyyətlə, Xəzəryanı bölgələrdə ermənilərin yerləşdirilməsi haqqında mənbələrdən məlumatlar alırıq. O dövrdə də Çar Rusiyasının erməniləri bu ərazilərə köçürməkdə məqsədi özünə xristian dayağı yaratması idi. Amma buna baxmayaraq, mənbələrdə qeyd edilir ki, 18-ci əsrin sonlarına qədər Bakı əhalisinin arasında ermənilərin sayı çox cüzi idi, onlar bir neçə yüz nəfər ancaq olardılar. Bakı əhalisinin sayı haqqında daha dolğun məlumatları 19-cu əsr mənbələrindən əldə edirik. 19-cu əsrin ortalarına qədər Bakı əhalisinin 95 faizini azərbaycanlılar təşkil edirdi. Burada yaşayan əhalinin yalnız 3 faizi ermənilər idi. Bu ermənilər də əsasən Bakıya Qarabağ bölgəsindən, İrəvandan gələnlər idi ki, Çar Rusiyası tərəfindən bizim həmin bölgələrimizə köçürülmüşdü. Ermənilər gəlib burada müxtəlif mövsümi işlərlə məşğul olurdular, sonra da çıxıb gedirdilər”.

Ermənilərin Bakıda məskunlaşmasının 19-cu əsrin 2-ci yarısına təsadüf etdiyini deyən İ.Niftəliyevin fikrincə, bunun da səbəbi Bakıda neft sənayesinin sürətli inkişafı ilə bağlı idi. “Azərbaycanın müxtəlif bölgələrindən neftdə işləməyə gələnlər arasında ermənilər də vardı. Gəlib neft sənayesində fəhləlik edirdilər, bəziləri burada məskən salsalar da, qalanları mövsümi işlər bitəndən sonra geri qayıdırdılar. Amma buna baxmayaraq, artıq 19-cu əsrin əvvəllərində Bakının ətrafında müxtəlif erməni məhəllələri meydana gəlməyə, onların daimi yaşama məskənləri yaranmağa başladı. Bununla da ermənilərin Bakıda sayı artmağa başladı. Bütün bunlara baxmayaraq, 1920-ci ilin məlumatlarına görə, ermənilər Bakı əhalisinin cəmi 15 faizini təşkil edirdi. Bilirik ki, Bakı çoxmillətli şəhər idi və burada azərbaycanlılardan, ermənilərdən başqa digər xalqlar da yaşayırdılar, Bakıda rusların da sayı kifayət qədər çox idi. Ermənilərin Bakını “Bakurakert” adlandırması böyük saxtakarlıqdır və Bakının adının hansısa bir qondarma “erməni çarı” ilə heç bir bağlılığı yoxdur. Bakıda 18-ci əsrin əvvəllərinə, yəni I Pyotrun köçürülmə siyasətinə qədər ermənilər yox idi. I Pyotrun köçürülmə siyasətinin planında işğal etdiyi Xəzəryanı bölgələrdə erməniləri yerləşdirmək vardı. O da bunu burada özünə dayaq yaratmaq məqsədilə edirdi” - deyə İ.Niftəliyev vurğuladı.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com