Torpaqların azad edilməsi bizə iqtisadi güc verəcək

Torpaqların azad edilməsi bizə iqtisadi güc verəcək

Otuz il ərzində Azərbaycan xalqının əmlakı və sərvətləri talan edilib

Müzəffər Azərbaycan Ordusu artıq Qarabağ bölgəsini tamamilə işğaldan azad etmək ərəfəsindədir. Burada mən "Dağlıq Qarabağ" ifadəsini ona görə işlətmirəm ki, işgal altında təkcə Dağlıq Qarabağ deyildi, ermənilər Rusiya SQ-nın köməyi ilə həm Dağlıq Qarabağı, həm də Aran Qarabağın bir hissəsini işğal etmişdi. Ermənilərin və rusların hələ xəbəri yoxdu ki, bizim Dağlıq Qarabağdan başqa Aran Qarabağ adlanan bölgəmiz də var. Həmişə Kəlbəcər və Laçından aran zonasına səfər edənlər deyirdi ki, Qarabağa gedirəm, yəni Aran Qarabağa... Adətən "Aran" sözünü işlətmirdilər.

Hazırda Müzəffər Ordumuzun işğaldan azad etdiyi bölgənin iqtisadi potensialı barədə yazmaq istəyirik. Bəribaşdan qeyd edim ki, işğal altında olan ərazilərin böyük əksəriyyətində əhali kənd təsərrüfatı, heyvandarlıq, bitkiçillik, çoxillik əkmələr və bağçılıqla məşğul olurdu. Belə bir kontingentin 90-cı illərdə Abşeron iqtisadi rayonuna üz tutması ölkədə ciddi problemlər yaratmışdı. Bir tərəfdən məcburi köçkün əhalinin vərdişlərinə uyğun məşğuliyyət tapmaq çətin idi, digər tərəfdən isə ölkə iqtisadiyyatı 20 faiz ərazidə formalaşan ümumidaxili məhsuldan, maddi nemətlər istehsalından məhrum edilmişdi. Azərbaycan xalqı bu çətin dönəmdən üzü ağ çıxdı, 700 min məcburi köçkünü, 300 min qaçqını ərazisində yerləşdirə bildi. Deyirlər pis günün ömrü az olar, bəli, maddi cəhətdən qaragünlərimizin ömrü gödələlsə də, mənəvi üzqaralığımız - Vətən torpağının işğal altında qalması 30 ilə yaxın uzandı. Axır ki, bu gün də gəlib çatdı, Azərbaycan Ordusu düşməni sürətlə vurub ərazilərimizdən çıxarır - dünya hərb tarixində yeni səhfə açır. Bu otuz ildə hamı arxayın idi ki, Azərbaycan Ordusu dərədə, düzənlikdə, ermənilər isə zirvələrdə, bu torpaqlar heç vaxt işğaldan azad edilməyəcək. Lakin zalımın arxasında böyük dayağı varsa da, haqq yolunda olan türkün də əyilməyən biləyi var. Çoxları bunu unudurdu.

Beləliklə, işğaldan azad edilən torpaqları iqtisadi baxımdan bir neçə rakursdan qiymətləndirmək olar. Birincisi, kənd təsərrüfatı məhsullarına yerli tələbatın yalnız yarıya qədərini ödəyə bilən Azərbaycan iqtisadiyyatının bu qəbildən olan gücünə yeni güc qatılacaq. Füzuli, Zəngilən, Qubadlı, Ağdam, Əsgərən və Ağdərə rayonlarında əsasən heyvandarlıq, bitkisilik və bağçılıq təsərrüfatlaının inkişafı sayəsində kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli məhsullarla ödənilməsi sayəsində ciddi irəliləyiş olacaq. Ən azı kənd təsərrüfatı məhsulları istehsalı 20-30 faiz artacaq. Hələ biz onu nəzərə almırıq ki, həmin ərazilərdə əkilən bitki sortları və heyvan cinsləri indi daha məhsuldar sort və cinslərdən ibarət olacaq. Sovetlər dönəmində doqquz ay Aranda bəslənən onminlərlə xırda buynuzlu davarlar üç ay yayı Kəlbəcər dağlarında bəslənirdi ki, bu da heyvanların istidən və xəstəliklərdən qorunmasında başlığca əhəmiyyətə malik idi. Fikrimizcə, ərazilər minalardan təmizləndikdən, infrastruktur bərpa edildikdən sonra tərəkəmələrin bu ənənəsi yenidən bərpa ediləcək, həmin yerlərdə əsil "Yaylaq festifalı" təşkil olunacaq. Heyvandarlıqla məşğul olan qədim tərəkəmələrin payız qışlağa - Aran Qarabağa, yazın sonunda isə yaylağa - Kəlbəcər dağlarına köç etmək ənənəsi var.

Bununla yanaşı, qeyd etmək gərəkir ki, ölkənin suvarma suyunun yarıdan çoxu məhz indiyə qədər işğal altında olan ərazilərdə formalaşır və su resurslarının idarə edilməsi məqsədilə yaradılmış infrastruktur ermənilərin nəzarətində idi. Sərsəng su anbarı, Suqovuşan su qovşağı, Araz çayı böyunca tikilmiş su anbarları və s. bizim nəzarətimizdən kənarda idi. Məsələn, Araz çayı üzərində tikilmiş su anbarları hesabına çayda suyun həcmi azalırdı ki, bu üzdən də Aran rayonlarında sü qıtlığı yaranırdı. Ermənilər isə həmin hissədə suyu boşuna israf edirdi ki, aşağı axarda yaşayan Azərbaycan əhalisi su qıtlığı yaşasın. Düzdür, bu işdə İran İslam Respublikası da ermənilərə dəstək verirdi, lakin artıq İran da bu imkanlardan məhrum edildi.

Suqovuşan su hövzəsinda ermənilər böyük bir bəndlə Tərtər və Bərdə rayonlarına gedən suvarma suyunun qarşısını kəsmişdi. İnfrastruktur işğaldan azad edilən kimi sözügedən rayonların suvarma suyu ilə təminatı dərhal bərpa edildi.

Digər tərəfdən, İşğaldan azad edilən Dağlıq Qarabağ bölgəsi, Şuşa, Laçın və Kəlbəcər turizmin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli ərazilərdir. Düzdür, ölkəmizin digər ərazilərində də turizm əhəmiyyəti kəsb edən zonalar var, amma bu yerlər daha gözəl və daha cəlbedicidir.

Bütün bunlarla yanaşı, Laçın və Kəlbəcər rayonları ərazisində qızıl yataqları və digər nadir faydalı qazıntılar - filiz yataqları, müəlicəvi sular mövcuddur. Kəlbəcər rayonunun yalnız qızıl ehtiyatları sovetlər dönəmində 36 ton həcmində qiymətləndirilmişdi. Ötən 28 il ərzində dünyanın müxtəlif şirkətləri bu yataqları istismar edib. Torpaqlar azad edildikdən sonra bu yataqlar yenidən qiymətləndiriləcək və otuz il ərzində buradakı fəaliyyətə beynəlxalq səviyyədə hüquqi qiymət veriləcək. Artıq bundan sonra yataqlar Azərbaycan hökuməti tərəfindən istismar ediləcək.

İşğaldan azad edilən ərazilərin bərpa edilməsi həm də Azərbaycan iqtisadiyyatında yaranmış kəskin disbalansın, Abşeron iqtisadi rayonunun yükünün azaldılması üçün bir fürsətdi. İran İslam Respublikası ilə birgə işğaldan azad olunmuş ərazilərdə azad iqtisadi zonanın yaradılması mümkündür. Bu qəbildən olan layihələr ölkələr arası gediş-gəlişi də asanlaşdırar ki, bu da Naxçıvanla əlaqələrin inkişafına töhfə verə bilər.

Akif Nəsirli

Mənbə: paralel.az