Türk Şurası Ermənistanın hücumlarını qətiyyətlə pisləyir

Türk Şurası Ermənistanın hücumlarını qətiyyətlə pisləyir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda son zamanlar Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüquqa və Cenevrə konvensiyalarının tələblərinə zidd olaraq Azərbaycan şəhərlərinə, mülki əhaliyə və ictimai obyektlərə hücumlarını qətiyyətlə pislədiyini, qardaş Azərbaycan xalqı ilə bu həlledici tarixi dönəmdə həmrəy olduğunu qeyd edib.

Unikal.org xəbər verir ki, məktubda, həmçinin vurğulanır ki, Türk Şurası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini və onlar üzərində suverenliyini tam şəkildə bərpa etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsini dəstəkləyir.

Bağdad Amreyev Azərbaycanın dövlət bayrağının onun azad edilmiş əzəli torpaqlarında daim dalğalanacağına inamını ifadə edib.

Mənbə: www.unikal.org