Otuz günlük müharibə...

Otuz günlük müharibə...

Və düşmənin otuz illik hərbi “qüdrəti”

Sentyabrın 27-dən başlanan müharibədən keçən bir ay müddətində əsaslı uğurlar əldə edilib. İşğal edilmiş ərazilərimizin azad edilməsi istiqamətindəki döyüş əməliyyatları nəticəsində artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonları, yüzdən çox kənd və neçə-neçə strateji yüksəklik işğaldan azad edilib. Düşmənin saysız-heesabsız hərbi texnikası məhv edilərək sıradan çıxarılıb. Eləcə də düşmən canlı qüvvə sarıdan xeyli itki verib. Həm hərbi texnikasını, həm də əsgərini, yüksək rütbəli hərbçilərini itirən erməni silahlı qüvvələrində çətin vəziyyət yaranıb. Döyüşə getməkdən imtina edənlər, fərarilik edənlər, tank və döyüş texnikasını qoyub qaçanlar erməni silahlı qüvvələrinin, ordusunun hansı “qüvvə”də olmasının əyani göstəricisidir. Artıq məğlubiyyəti anlayan, lakin bunu etiraf etməməklə saxtakarlığın yeni nümunəsini sərgiləyən rəsmi Ermənistan orduya inamı bərpa edə bilmir. Əslində, düşmən ordusunda belə bir inam da çox güclü olmayıb, zaman-zaman aclıq və səfalətdən ölkəni qoyub qaçanların sayı durmadan artdığından, bu gün erməni tərəfin canlı hərbi qüvvəsi kifayət həddə deyil. Hərbi əməliyyatlar başlayandan isə erməni əhalisi qüvvələrinin, texnikalarının, döyüş hazırlığının qeyri-bərabər olduğunu açıq şəkildə anlayıb. Beləliklə, Ermənistanda həm daxildə, ölkə içində, həm də döyüş meydanında baş verənlər hazırkı mənzərəyə ciddi çəkildə təsir edib. Bu gün düşmən ölkənin özlərinin hazırladığı videomateriallarda onların hərbi gücünün, hərbçilərinin hansı səviyyədə olduğunu görmək çətin deyil. Əsgər adına döyüşə göndərilənlərin yaşlılardan və həddən çox qocalardan, bəzi hallarda uşaqlardan və qadınlardan ibarət olduğunu açıq-aşkar yaymaq, göstərmək onlara baş ucalığı gətirmir, həmişə olduğu kimi. Bu videomateriallarla “topu öz qapılarına vuran” erməni hərbçilərinin qarşılıqlı döyüşdə hansısa qələbəni qazanacağına inanmaq da çox çətindir. Onların üz-gözündən, söhbətindən, hərbi-siyasi rəhbərliyə ünvanladığı mesajlardan da döyüş qabiliyyətini, savaşa canatmanı görmək qeyri-mümkündür. Məcburi şəkildə döyüş əməliyyatlarına cəlb edilənlər ona görə də ilk fürsətdəcə hərbi texnikanı, silahlarını və döyüş mövqeyini qoyaraq ən yaxşı halda geri çəkilir, ən pis halda isə arxasına baxmadan qaçır... Bugünün müharibəsində erməni tərəfinin hərbi gücünün göstəricisi budur.

Hazırkı vəziyyət döyüş əməliyyatlarının başladığı ilk günlərdən belə olub. Nə hərbi gücü, texnikası, nə də canlı döyüş qüvvələri yetərli olan erməni ordusunda məğlubiyyət ab-havasının olmasına baxmayaraq, düşmən tərəfi bununla barışmaq istəmir. Mayası saxtakarlıqdan yoğrulan erməni tərəfi Azərbaycanın mülki əhalisini hədəf alaraq, heç bir müharibə və hərb qayda-qanunlarına məhəl qoymayaraq, dinc əhaliyə ağır artilleriya, raket və digər silahlardan zərbələr endirməkdədir. Onlar üçün humanitar atəşkəsin də belə məqamlarda baş tutan hərbi, yaxud, sülh danışıqlarından hansısa bir fərqi yoxdur. Özlərinin xeyrinə olacaq addımları da hesaba almayan, əhalisini, ordusunu, silahlı qüvvələrini taleyin axarına buraxan düşmən ölkə siyasi və hərbi səriştəsizliyini açıq şəkildə göstərməkdədir.

Lakin bütün məğlubiyyətlərə baxmayaraq, hansısa möcüzəyə ümid edən rəsmi Ermənistan özü hiss etməsə də, isterik bir vəziyyətdədir. Öz-özünü bilərəkdən mövcud duruma salan ölkəni isə artıq heç nə xilas edə bilmir.

Sıravi erməni xalqı bunu çox gözəl anlayır və övladlarını hərbi əməliyyatlara, döyüş meydanlarına göndərməkdən imtina edir. Əhalinin hərbi-siyasi hakimiyyətə sərgilədiyi açıq-aşkar etimadsızlığa və narazılığa baxmayaraq, rəsmi Ermənistan bunu da görməzlikdən gəlir. Fəqət döyüş ruhu, əzmi, ən sadə formada isə gücü-qüvvəsi, əsgər sayı çatışmayan bir durumda hansısa irəliləyişdən, qələbə və uğurdan danışmaq sadəcə, ağılsızlıqdır. Ağıl və uzaqgörənlik sarıdan problem yaşayan düşmən tərəfin bu gedişlə haracan gedəcəyi və nə əldə edəcəyi özünə də aydın deyil...

Aydın olan gücün, qüvvələrin qeyri-bərabərliyi, otuz günlük hərbi əməliyyatlarda haqlı tərəfin haqsız tərəfdən otuz ilin qisasını alması və digər məqamlardır. Bütün məqamlara göz yuman Ermənistanın tarixən yoluxduğu mərəzdən sağalmağına heç bir inam olmasa da, o, bir xalq şəklində var olmaq imitasiyasını olmayan hərbi strategiyasına və taktikasına qurban verməsin, heç olmasa. Çünki belə davam etsə, üç milyonluq xalq adına ölkəsində üç-beş adam qala-qalmaya...

Nigar Orucova

Mənbə: paralel.az