Bu, XXI əsrdə ilk müharibədir ki, heç kimin gözləmədiyi... - Professor

Bu, XXI əsrdə ilk müharibədir ki, heç kimin gözləmədiyi... - Professor

Azərbaycan Ordusu təkcə qarşıya qoyulan tapşırıqları icra etmir, bu saat dünya Qarabağda gedən savaşlara baxaraq ordumuzun taktiki və strateji addımlarını öyrənmək, təhlil etməklə məşğuldur. Elə dövlət yoxdur ki, onun hərbi mütəxəssisləri ordumuzun apardığı hərbi taktikanı öyrənməsin. Bu, XXI əsrdə ilk müharibədir ki, heç kimin gözləmədiyi hərbi taktika ortaya çıxıb.

Azərbaycan Ordusunun uğurlarından danışan istiqlalçı deputat, sabiq nazir Firudin Cəlilov Teleqraf.com-a deyib ki, Azərbaycan Ordusu Şuşa və Xankəndi kimi tarixi şəhərlərimizə daxil olaraq dövlət bayrağını dalğalandırmalıdır.

Firudin Cəlilovun fikrincə, dronların, Pilotsuz Uçuş Aparatlarının aktiv şəkildə hərbi teatrda müharibəyə qoşulması, dərinliklərdə olan düşmən hərbi arsenalının məhv edilməsi təsadüfi sayıla bilməz: "Ordumuz artıq bir ay ərzində 4 rayonu işğaldan azad edib. Bunlar asan məsələ deyil. Bu mənada Azərbaycan Ordusunun göstərdiyi başarılar artıq hərb tarixinə düşüb".

Professor hesab edir ki, əks-hücum əməliyyatları nə qədər tez başa çatsa, bir o qədər yaxşıdır: “Amma belə addımları hərbçilər daha yaxşı bilir, nə zaman hansı addım atmaq lazım olduğunu onlar ölçüb-biçirlər. Həm də Azərbaycan Ordusu elə məharətlə savaşır ki, proqnoz vermək də olmur. Laçın dəhlizinin nəzarət altına alınması barədə xəbərlər dolaşır. Bəlkə də, ermənilərin oradan çıxıb gedə bilməsi üçün dəhliz açıq olmalıdır. Rədd olub tarixi Azərbaycan torpaqlarından çıxıb getsinlər.

Ancaq bizim hərbçilərin də özlərinə görə ciddi arqumentləri var. Əlbəttə, Ermənistan ərazisindən Qarabağa hərbi texnika, silah-sursat və canlı qüvvələrin keçməsinə də imkan vermək olmaz. Belə hallarda həmin silah-sursatlar məhv edilməlidir. Necə ki, müharibə başlayandan bu yana biz düşmənin yüzlərlə texnikasının məhv edildiyini görmüşük. Amma imkan da olmalıdır ki, Qarabağa gələn, buranı son 30 ildə özünə vətən hesab edən şəxslər oranı tərk etsinlər”.

Mənbə: teleqraf.com