“Biz bəzən sosial şəbəkədə şəkil paylaşaraq əsgərlərimizin yerini düşmənə nişan veririk”

“Biz bəzən sosial şəbəkədə şəkil paylaşaraq əsgərlərimizin yerini düşmənə nişan veririk”

“Ümumiyyətlə müharibə ilə bağlı xəbərlər, konflikt bölgələrlə bağlı sujetlərin, reportajların hazırlanmasının özünün qaydaları var. Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, bu həm jurnalistikanın özünü tənzimlənmə mexanizmində, həm də hüquqi tənzimlənmə mexanizmində konkret prinsiplər və maddələrlə öz əksini tapıb”

Bunu Moderator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib. O sosial şəbəkə istifadəçilərini paylaşımlar edərkən diqqətli olmağa səsləyib:

“Peşəkar jurnalistlər məhz bu prinsiplərdən irəli gələrək münaqişə bölgələrində öz fəaliyyətlərini qururlar və peşə fəaliyyətləri ilə məşğul olurlar. Bu gün sosial mediyanın inkişafı elə bir səviyyəyə gəlib çatıb ki, həvəskar jurnalistika, vətəndaş jurnalistikası son dərəcə aktivdir. Müəyyən bu peşəkar meyarlara əməl edilməməsi bəzən müxtəlif dezinformasiyaların media məkanına daxil olmasına gətirib çıxarır. Biz vətən müharibəsi aparırıq, mənə elə gəlir ki, professional jurnalistlərimiz kimi həvəskar jurnalistlərimiz də bir çox meyarlara əməl etməlidirlər. Biz yalnız rəsmi qaynaqların paylaşdığı xəbərlərə istinad etməliyik. Rəsmi qaynaqlar isə bizim dövlət strukturları və Müdafiə Nazirliyimizdir. Düşmən sosial şəbəkələrdə başqa adlarla bizdən informasiya alır, dialoqa çəkirlər. Maksimum dərəcədə bu dialoqdan qaçmaq lazımdır. Bəzən müharibə məkanı paylaşılır. Biz həmin görüntünü paylaşmaqla əsgərlərimizin yerini nişan veririk. Paylaşımlar edərkən diqqətli olmaq lazımdır” - deyə Vüqar Zifəroğlu bildirib.

Mənbə: moderator.az