“Nə fərqi var, hökumətin rəhbəri bədnam Nikoldur, yoxsa hansısa quldur dəstəsinin başçısı?"

Ermənistanın sabiq Baş naziri Vazgen Manukyan Dağlıq Qarabağda vəziyyətin ağırlaşması ilə əlaqədar Paşinyan hökumətini istefaya getməyə və hakimiyyəti orduya təhvil verməyə çağırıb.
“Vəziyyəti dəyişmək, bir dönüş nöqtəsi yaratmaq mümkündürmü? Bəli, amma mövcud hökumətin dövründə yox . Bu hökumət istefaya getməli, bütün hakimiyyəti orduya təhvil verməli və bunu könüllü şəkildə, nəticəsi fəlakətli, dağıdıcı zərbələr olmadan etməlidir”-Manukyan “Vernatun” ictimai-siyasi klubunun səhifəsində yerləşdirdiyi bəyanatında belə qeyd edib.
Onun sözlərinə görə, ordu bütün hakimiyyəti öz əlinə alaraq qondarma Dağlıq Qarabağ Respublikası ilə birlikdə müdafiə komitəsi yaratmalı, mövcud hərbi vəziyyətə əsasən lazımi tədbirləri təşkil etməli, özünə inam qazanmalı, maraqlı dövlətlər və beynəlxalq strukturlarla danışıqlar aparmalıdır. “Bu yeganə xilas yoludur, əks halda, hər şeyi itirə bilərik”-Manukyan belə deyib.
Təbii ki, eks-Baş nazirin fikirləri ilk baxışdan qeyri-ciddi təsir bağışlaya bilər. Çünki onun təklifi Ermənistanın konstitusion dövlət quruluşuna tam ziddir. Ermənistan parlamentli respublikadır və konstitusiyaya görə, hakimiyyət ali qanunverici orqana keçirilən seçkilərin nəticələrinə uyğun olaraq formalaşır. Prezident belə, parlament tərəfindən seçilir. Ermənistanın silahlı qüvvələri icra hakimiyyətinin formalaşmasında iştirak etmək və ona rəhbərlik etmək səlahiyyəti yoxdur. Lakin Vazgen Manukyanın açıqlaması dolayısı ilə Ermənistanda hərbi çevrilişə çağırışdan xəbər verir. 1998-ci ildə Ermənistanda Qarabağ müharibəsində iştirak etmiş silahlı qrupların dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsi faktiki olaraq ölkədə hərbi xuntanın yaranması ilə nəticələndi. Nəticədə, 1999-cu ildə və 2008-ci ildə hakimiyyətin uzurpasiyası məqsədilə prezident Robert Köçəryan tərəfindən təşkil olunan terror aktları ölkədə idarəetmə ənənəsinə çevrildi. Bu səbəbdən də Ermənistanda silahlı yolla növbəti çevrilişin baş verəcəyi istisna olunmur.
Dağlıq Qarabağda məğlub olan baş nazir Paşinyanın siyasi dayaqlarının zəifləməsindən istifadə edən rəqib siyasi qüvvələr görünür, onu güc yolu devirmək barədə düşünür. Ancaq hərbçilərin çevriliş yolu ilə iqtidara gəlməsi Ermənistanı məğlubiyyətdən xilas edəcəkmi? Ermənistanda hökumətin ordunun əlinə keçməsi ölkəni sonu görünməyən müharibəyə sürükləməyə gətirib çıxara bilər. Lakin Ermənistanın hərbi resursları da tükənmək üzrə olduğundan uzunmüddətli müharibə aparmaq imkanları da yoxdur. Üstəlik, Ermənistanda ordunun güc yolu ilə hakimiyyətə gəlişi bu ölkəni siyasi dəstəkdən də məhrum edə bilər.
Politoloq Tofiq Abbasov hesab edir ki, hərbçilərin Paşinyanı yıxıb yerinə keçməsi Ermənistana heç bir uğurlu model gətirməyəcək.
“Ermənistan cəmiyyəti xəstədir və bütün psixopoatik əlamətlər onlara xasdır. Əgər Vazgen Manukyan desə ki, Nikol Paşinyanın hökuməti istefaya getməli, müharibə dayanmalıdır və Azərbaycanla danışıqlar prosesinə qatılmalıyıq, mən deyərdim ki, sağlam mövqe sərgiləyir. Amma o, xəstə təxəyyülü ilə vəziyyətin daha da pisləşməsini təklif edir. Buna heç cür bəraət qazandırmaq olmaz. Onsuz da Ermənistan dövləti dərin siyasi, iqtisadi, hərbi, humanitar böhran içindədir. Belə olan halda, bir siyasətçi hökuməti istefaya getməsini, bütün xalqın orduya çevrilərək axıra qədər döyüşməyi təklif edirsə, deməli, onlar həqiqətən, ağıllarını itiriblər. Ermənilərin güclü müalicəyə ehtiyacı var. Ermənistanın siyasi qüvvələri daxilində sağlam bir siyasi ideya görməmişəm. Hər kəs Azərbaycanla sona qədər döyüşməyi təklif edir. Bu ondan xəbər verir ki, onlar səhv yoldan dönməyə özlərində cəsarət tapmırlar. Elə bilirlər ki, əgər Nikol Paşinyan düzgün döyüşmürsə, onun yerinə gələn daha uğurlu model tapa biləcək. Ümumiyyətlə, Ermənistanda uğurlu model tapıla bilməz. Çünki bu ölkə müstəqilliyini əldə etdikdən sonra 30 ildir ki, səhv yola qədəm qoyub və özünü ifadə etməyin yolunu da zorakılıqda görür. Bu baxımdan, Ermənistan heç cür nicat tapa bilməz. Azərbaycan çox dözdü, axırda öz sözünü dedi. Əgər onlar formalaşan vəziyyətdən çıxış yolu tapa bilmirlərsə, deməli, ermənilərin gözləri kor olub, qulaqları kardır, ağılları da qıc olub. Buna heç bir bəraət qazandırmaq olmaz”.
Ekspert bildirdi ki, Ermənistanda orduya güvənən siyasi qüvvələr əsasən Qarabağ klanının nümayəndələridir. Qondarma rejimin keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan Ermənistanın sabiq dövlət başçıları arasında əlaqə yaratmaqla alternativ variant tapmağa çalışır:
“Onların aralarında olan münasibətlərdə heç bir bağlılıq yoxdur. Levon Ter-Petrosyan Robert Köçəryandan və Serj Sarkisyandan intellekti və savadı ilə fərqlənir. O birilər isə quldurbaşıdırlar. İndi çıxılmaz vəziyyətə düşüdükləri üçün koordinator rolu oynayan Qukasyan-Saakyan birləşməsinin vasitəsilə məsləhətləşmələr keçirirlər. Maraqlı odur ki, bu müzakirələrin nəticəsi nə olacaq? 1997-ci ildə hakimiyyətdən devrilən Levon Ter-Petrosyanın xəbərdarlığı bunalara təsir göstərirmi? O, bir neçə il bundan öncə partiyasının qurultayında aktual çıxış etdi və bildirdi ki, Ermənistan səhv yoldadır. Ona görə də Ermənistanı xilas etmək lazımdır. Ter-Petrosyan dedi ki, Ermənistan Azərbaycanla mübarizədə tab gətirə bilməyəcək. O, 1997-ci ildə də bunu demişdi. Sonra da təkrar etdi. Təbii ki, Köçəryan, Sarkisyan, Qukasyan, Saakyan kimi quldurbaşılar ağıla üstünlük versələr gərək atəşkəsə əməl etməyin vacibliyini anlasınlar. Onlar Ter-Petrosyanın fikirlərini qəbul etmirlərsə, deməli, sona qədər döyüşməyin tərəfdarıdır. O halda nə fərqi var, hökumətin rəhbəri bədnam, səriştəsiz Nikol Paşinyandır, yoxsa hansısa quldur dəstəsinin başçısıdır? Əgər onlar müharibə yolunu davam etdirsələr, deməli islah olunan qüvvə deyillər. Ağılla hərəkət edib, müharibəni dayandırıb, Azərbaycandan üzr istəyib danışılar masası arxasında otursalar, qoşunları işğal olunmuş ərazilərdən çıxartsalar, nə isə dəyişə bilər”.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda mülki əhalinin qorunması üçün israilli diplomatdan - Təklif

SONRAKI XƏBƏR

Azərbaycan hərbçisi: “Biz bu yoldan dönməyəcəyik” - VİDEO