Azərbaycanın böhrandan çıxardığı ölkələr niyə haqq savaşına dəstək vermir? – “O ölkələr ikiüzlülük nümayiş etdirirsə...”

Azərbaycanın böhrandan çıxardığı ölkələr niyə haqq savaşına dəstək vermir? – “O ölkələr ikiüzlülük nümayiş etdirirsə...”

Bir aydan çoxdur ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab olaraq uğurlu əks-həmlə əməliyyatlarını davam etdirir.

Azərbaycanın apardığı haqq savaşında Azərbaycanı dəstəkləyən, Ermənistanın təcavüzkarlığını pisləyən, münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edən ilk iki ölkə məhz Türkiyə ilə Pakistandır. Azərbaycan da illərdir terrorla üz-üzə olan Türkiyənin və Pakistanın yanındadır, onların terrora və terrorçulara qarşı bütün addımlarını istisnasız müdafiə edir, dəstəyini əsirgəmir.

Bugünkü haqq savaşında vaxtilə Azərbaycanın dəstək, yardım və böhrandan çıxardığı ölkələrin səsi çıxmır. Bu günlərdə ölkə başçısı İlham Əliyev də çıxışında ərazi bütövlüyümüzü tanıyan, ölkəmizlə müəyyən əməkdaşlıq və tərəfdaşlıq edən, amma Azərbaycanın haqq savaşında yanında olmayan dövlətlərə açıq mesaj göndərdi. Prezident birbaşa həmin ölkələrə səslənərək müharibədən sonra bu hesabın sorulacağını və ikitərəfli münasibətlərə yenidən baxılacağını vurğuladı .

Mövzu ilə bağlı Cebhe.info-ya danışan siyasi şərhçi Fikrət Sadıqov hesab edir ki, Ermənistana açıq dəstək verən və yanında olan ölkələrin gələcəkdə Azərbaycanla münasibətlərinə yenidən baxılacaq:

 

“Ermənistana açıq dəstək verən ölkələrlə münasibətlərimizə yenidən qayıda bilərik. Bütün bu problemləri araşdırmalıyıq və müəyyən nəticə çıxarmalıyıq. Əgər bəzi ölkələr ikiüzlülük nümayiş etdirirsə, bizi bu, qane edə bilməz. Ya o tərəfdə olsunlar, ya da bu tərəfdə... İstənilən halda reallığı qəbul etsinlər və ədalətin tərəfində olsunlar. Bizə başqa heç nə lazım deyil. Məsələn, Serbiya ilk dönəmlərdə Ermənistanı silahla təmin etdi. Amma sonradan peşiman olub və Azərbaycandan üzrxahlıq istədilər. Yəni bu ölkə müəyyən mənada səhv etdiklərini anladı və peşimanlığını nümayiş etdirdi. Əlbəttə ki, burada kommersiya amili də var. Görünür, pul qazanmaq istəyirlər və hansısa erməni diasporası onlara silaha görə külli miqdarda pul verib. O ki qaldı Belarusa, onların dövlət rəhbərinin dili ilə desək, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hər halda biz Belarusun silahlarından istifadə edirik və ölkə başçısı da bunu açıq etiraf etdi. Belarus, Rusiya, Türkiyə, İsrail, Pakistan və s.. dövlətlərdən silah alırıq. O da reallıqdır ki, Belarusun siyasi vəziyyəti olduqca mürəkkəbdir. Orada bəzi dairələr bu vəziyyətdən istifadə edib, nəsə Ermənistana etmək istəyə bilərlər. Amma belə bir reallığı faktiki hələ görmürük. İstənilən halda müharibədən sonra Azərbaycanın yanında olmayan, dəstək olmayan ölkələrlə münasibətlərimizi yenidən tənzimləməliyik və bu çox vacibdir”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info