Şəhid xanımı: "Qubadlıya gedən kimi alnımı torpağa qoyacam"

Şəhid xanımı: "Qubadlıya gedən kimi alnımı torpağa qoyacam"

“Özümə söz vermişdim ki, torpaqlarımız işğaldan azad olmayınca, bir daha hərbi formamı geyinməyəcəyəm. Qubadlının azad olunması xəbərini eşidəndən sonra geyinmişəm”.

Bunu Qubadlının Xanlıq kəndindən olan Gülbəniz Eminova deyir. Gülbəniz xanım, həm də keçmiş döyüşçüdür. O, 27 il bundan əvvəl Qubadlı rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərinə gəlir və həyatını bu şəhərdə davam etdirir.

“Bu il yaşadığımız sevincin həddi-hüdudu yoxdur” deyən Gülbəniz xanım, Qubadlının işğaldan azad olunması xəbərini eşidəndə necə sevindiyini xatırlayır:

“Xəbəri eşidəndə sevincimdən həyətə qaçırdım. Allah Prezidentimizin canını sağ eləsin ki, bu sevinci bizə yaşadır. Rayon işğal olunanda evdən ayaqyalın çıxdıq, dedik qayıdarıq. Amma olmadı. Rayondan uzaqlaşanda başımı torpağa qoydum ki, biz artıq gedirik. Prezidentimiz Qubadlının işğaldan azad olunduğunu deyəndə, mən evimdə təkrar başımı yerə qoydum. Qayıdan kimi yenidən alnımı torpağa qoyacam”.

Gülbəniz xanım doğma vətənindən 24 yaşında çıxıb:

“Elə bir an idi ki, yaralılar, şəhidlər... 24 yaşında gənc qız üçün çox ağır mənzərələr idi. Çox çətin günlər yaşadıq. Köməksiz qaldıq. Bütün çətinliklərə baxmayaraq, yenə də döyüşdük. 1993-cü il avqustun 31-də Qubadlı işğal olunduqdan sonra çıxdıq”.

Gülbəniz xanım döyüşçü olan yoldaşı ilə çiyin-çiyinə işğalçıya qarşı mübarizə aparıb:

“Yoldaşım “sapyorların” komandiri idi. 24 əsgəri var idi. Tibb işçisi kimi həm cərahiyyədə, həm sarğı otağında çalışırdm. Bir sözlə, həm əsgər, həm tibb işçisi kimi mən də döyüşlərin iştirakçısı idim”.

Gülbəniz xanımın Qərbi Azərbaycanın Dərələyəz mahalından olan həyat yoldaşı 1993-cü ildə şəhid olur:

“Bir oğlan övladım var. Atasının üzünü görmədi. O hələ dünyaya gəlməzdən atası şəhid oldu. İndi bir nəvəm var, babasının adını daşıyır”.

O deyir ki, özü də oğlu da cəbhəyə getmək üçün qeydiyyatdan keçib, döyüşə getməyə hazırdır. Gülbəniz xanım kəndlərinə gedəcəkləri günü səbirsizliklə gözləyir:

“Kəndimiz çox gözəl, mənzərli kənd idi. Əvvəllər xanlar, bəylər o kənddə yaşayıb. Mənim babam da bəy olub. Torpaqlarımızın qayıdacağına inanırdım. Prezidentimiz hər dəfə çıxışında deyirdi ki, torpaqlarınız qayıdacaq, evinizə qayıdacaqsınız. Ona görə də heç kim ümidini itirmirdi”.

Bəli, məcburi köçkünlərimiz və eləcə də bütün Azərbaycan xalqı Tanrıdan onlara əmanət edilən halal torpaqlarına qayıdacaqlarına inanırdılar. Ümid edirdilər və bu gün artıq Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Əsgəri xalqın bu inamını doğruldur.

 

Aygün İbrahimli

Lamiyə Məmmədova

Mənbə: lent.az