Ərdoğan üçün Qarabağda “qırmızı xətt”: Rusiyaya nəyin xəbərdarlığı idi?

Ərdoğan üçün Qarabağda “qırmızı xətt”: Rusiyaya nəyin xəbərdarlığı idi?

Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Prezidentlər Dağlıq Qarabağ məsələsini müzakirə ediblər. Müzakirədə diqqət çəkən məqam R.T.Ərdoğanın Vladimir Putinə etdiyi “qırmızı xətt” xəbərdarlığıdır.

R.T.Ərdoğan sözügedən telefon danışığından bəhs edərkən “Qırmızı xəttimizi də söylədik. Bildirdik ki, bu xətlərdən keçilsə, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq”,- deyib.

Maraqlıdır, Dağlıq Qarabağda Türkiyənin xəbərdarlıq etdiyi “qırmızı xətt” ifadəsində nələr nəzərdə tutulur?

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, Türkiyə “qırmızı xətt” deyərkən, Azərbaycan ərazisində gedən proseslərə üçüncü dövlətin müdaxiləsini nəzərdə tutur:

 

“Əgər söhbət qırmızı xətdən gedirsə, Türkiyə Azərbaycan ərazisində gedən proseslərə üçüncü dövlətin müdaxiləsini nəzərədə tutur. Türkiyə bunu heç gizlətmir və açıq şəkildə bildirir. Bundan öncə də Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirmişdi ki, əgər Azərbaycan ərazisində gedən müharibəyə üçüncü bir dövlət müdaxilə edərsə, Türkiyə ordusu Azərbaycana girəcək. Prezident Ərdoğan bir daha demək istəyir ki, Türkiyə Azərbaycanın yanındadır və bu istiqamətdə hər bir addımı atmağa hazırdır. Yəni Rusiyanın və ya digər dövlətin Dağlıq Qarabağda gedən proseslərə müdaxilə edib Ermənistana kömək etmək istəyi Türkiyənin prosesə qatılması və Azərbaycanın mövqeyini dəstəkləməsi ilə nəticələnəcək. Bu, artıq hərbi formada baş verəcək”.

Əli Bədir
Cebhe.info

Mənbə: cebhe.info