Arman Şuraev: Rusiyanın hərbi məktəblərində təhsil alan gənclər agent olacaqlar

“Dünən Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bizim hakimiyyətə təklif edib ki, Qazaxıstanın gələcək hərbçiləri, gələcək zabitləri Rusiyanın ali məktəblərində pulsuz təhsil ala bilərlər. Rusların bu xeyirxahlığı hardan gəlir?”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti yanında Milli Etimad Şurasının keçmiş üzvü, ictimai fəal Arman Şuraev “Facebook” sosial şəbəkəsində paylaşdığı videoda deyib.
Arman Şuraev bildirib ki, 30 il əvvəl Azərbaycan Ordusu Dağlıq Qarabağda uduzurdu: “Əlbəttə Azərbaycan Ordusunun uduzmasının səbəbi o deyildi ki, ermənilər yaxşı döyüşçülərdi. Səbəb o idi ki, Rusiya onlara açıq dəstək verirdi. “Pskov xüsusi təyinatlıları” və s.”
Arman Şuraev bu gün Dağlıq Qarabağda vəziyyətin fərqli olmasının səbəbini Azərbaycan hərbçilərinin Türkiyənin, ABŞ-ın və digər NATO ölkələrinin Ali Hərbi Məktəblərində oxuması ilə əlaqələndirib: “Erməni hərbçlərinin demək olar ki, 100%-i Rusiyanın ali hərbi məktəblərindən məzun olublar. Xatırlayıram ki, bir-neçə il əvvəl Rusiyalı bir general öz açıqlamasında bilirib ki, biz azərbaycanlı hərbçilərlə ortaq təlimlər keçirə bilmirik. Çünki azərbaycanlı leytinantlar, kapitanlar hətta rus dilini belə bilmirlər. Biz bu məsələdə Azərbaycandan nümunə götürməliyik. Heç bir halda, gənc insanlarımızı Rusiyanın ali hərbi məktəblərinə göndərməməliyik. Gənclərimizin 80-90%-ni qardaş Türkiyənin ali hərbi məktəblərinə, Azərbaycanın ali hərbi məktəblərinə, ABŞ-ın, Böyük Britaniyanın, Finlandiyanın, İsveçin, Polşanın, hətta Ukraynanın hərbi məktəblərinə göndərilməlidir. Hətta bizim gənclər Gürcüstanın hərbi məktəblərində də oxumurlar”.
Bu ölkələrin silahlanmasının Rusiyadan fərqli olduğunu deyən qazaxıstanlı ictimai fəal bildirir ki, Suriyada, Liviyada, hətta Dağlıq Qarabağda gedən müharibədə istifadə olunan Rusiya hərbi texnikası köhnəlib: “Mən demək istəyirəm ki, Rusiyanın ali hərbi məktəblərində oxumaq bizim gələcək generallar və komandirlər üçün doğru yol deyil”.
Arman Şuraev bildirib ki, Rusiya Ukraynanın, Gürcüstanın, Moldovanın ərazisinə müdaxilə etdiyi kimi nə zamansa Qazaxıstanın da ərazini müdaxilə edə bilər: “Bilirsiniz, Rusiya Qazaxıstanın şimalında, şərqində hansısa haqlarının olduğunu bəyan edib. Əgər nə zamansa hibrid müharibə olarsa, Rusiyanın hərbi məktəblərində təhsil alan gənclər Rusiya Baş Qərərgahının agentləri olacaqlar”.
Milli Etimad Şurasının keçmiş üzvü çıxışının sonunda Qazaxıstan hökumətinə müraciət edərək deyir ki, gələcəkdə böyük imperiyanın vassalı olmaq istəmiriksə, gənclərimizi Rusiyanın ali hərbi məktəblərinə göndərməməliyik.

 

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Kütləvi peyvənd pandemiyanın gedişatını necə dəyişəcək? – İnfeksionist

SONRAKI XƏBƏR

Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev