"Biz Ermənistanın heç bir şəhərinə atəş açmamışıq"

"Siyasət aləmini həmişə qınayırlar ki, orada düzlüyə, centlmenliyə, dostluğa yer yoxdur. Amma siyasət var, siyasət var".

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İnterfaks-a müsahibəsi zamanı düz buyurdu ki, Ermənistan mənəviyyatdan uzaqdır:

"Ümumiyyətlə, siyasətdə hər bir tərəf çalışır güclü olsun, ancaq güclü olmaq tək fiziki baxımdan üstün olmaq anlamına gəlmir. Güclü olmaq həm də böyük ürəkli olmaq deməkdir, mərhəmət göstərmək deməkdir, güclü olmaq həm də mənəvi baxımdan yetkin, məğrur olmaq deməkdir. Amma Ermənistanın bu məsələlərdə heç bir böyüklüyünün təzahürünü, centlmenliyinin işarələrini görməmişik. Adətən onlar bir qayda olaraq həmişə düşük, cılız və dağıdıcılıqda ən aşağı səviyyədə olan normaları sərgiləyirlər. Bu baxımdan da təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev İnterfaks-a müsahibəsində düz buyurdu ki, onlar mənəviyyatdan, böyüklükdən uzaqdırlar. Müharibədə hamı çalışır ki, üstün olsun, qalib gəlsin. Ancaq düzgün və bərabər rəqabətdə qalib gəlmək başqadır, hiyləgərliklə kimisə aldadıb, onun arxasına keçib zərbə endirmək isə başqa bir şeydir. Prezidentin müsahibəsi zamanı bu dedikləri ilə tam razıyam ki, onlarda mənəviyyat məsələləri ümumiyyətlə yox dərəcəsindədir. Belə olmasaydı, onlar Azərbaycanın dinc şəhərlərini - gecə yarısı iki dəfə Gəncəni, sonra günün günorta çağı Bərdə şəhərini raketlə vurmazdılar. Halbuki orada da heç bir hərbi obyekt yoxdur".

T.Abbasov onu da qeyd edib ki, vurduğumuz hədəflər ancaq bilavasitə hərbi obyektlərlə əlaqəlidir:

"Ermənilər o dərəcədə barbar və vəhşidirlər ki, hərb meydanında geriləməklərinin əvəzini dinc əhalidən, uşaqlardan, 7 yaşlı Aysu balamızdan çıxmağa cəhd göstərirlər. Əlbəttə, bu, yolverilməz bir şeydir və bu cinayətlərin hamısının araşdırılmasına böyük ehtiyac var və təsadüfi deyil ki, artıq dövlət nümayəndələri bildirirlər ki, beynəlxalq məhkəmə orqanlarına müraciət olunmalıdır. Çünki, bu, yolverilməz addımlardır. Onlar Azərbaycanın güya Xankəndinə, Əsgərana və digər şəhərlərinə endirdikləri zərbələri dillərinə gətirirlərsə, bu, bilavasitə onunla bağlıdır ki, həmin yerlərdə hərbi obyektlər qurublar, istehkamlar tikiblər, bunkerləri var. Bunu bilərəkdən ediblər ki, dinc əhalini qalxanc yerinə istifadə etsinlər. Amma Azərbaycanda bütün normalara hörmət və izzət saxlanılır, qorunur və özünü də əks etdirir. Biz Ermənistanın heç bir şəhərinə atəş açmamışıq və Qarabağda da dinc əhalinin yaşadığı yerləri vurmamışıq. Vurduğumuz hədəflər ancaq bilavasitə hərbi obyektlərlə əlaqəlidir. Odur ki, Ermənistanla qarşıdurmada mənəviyyatdan, yüksəklikdən, böyüklükdən, alicənablıqdan danışmağa dəymir".

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Erməni vandallığının qurbanları təkcə insanlar deyil…

SONRAKI XƏBƏR

Azərbaycan Ermənistanın cinayətlərinin qiymətləndirilməsi üçün “Human Right Watch” və “Amnesty İnternational”a dəvət göndərib