"Dinc sakinlərin həlak olmasından çox məyus oldum" Özbəkistan səfiri

"Dinc sakinlərin həlak olmasından çox məyus oldum"  Özbəkistan səfiri

Bərdədə həlak olan dinc sakinlər arasında uşaqlar, qadınlar və qocalar da var. Bu insanların silahlı münaqişəyə heç bir təsiri yoxdur, münaqişəyə cəlb edilməyiblər. Onlar hərbi əməliyyatların aparıldığı zonadan uzaqda yaşayırdılar. Mən Bərdədə gördüklərimdən və ən başlıcası dinc sakinlərin, xüsusən uşaqların həlak olmasından çox məyus oldum. SİA xəbər verir ki, bunu Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Bərdədə erməni terrorunun izləri ilə tanış olarkən jurnalistlərə müsahibəsində deyib.

“Bu gün Prezident Administrasiyasının və Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə diplomatik korpusun böyük nümayəndə heyətinin tərkibində Bərdə şəhərinə gəldik ki, hər şeyi öz gözlərimizlə görək. Ciddi narahatlıq doğuran odur ki, dinc sakinlərin raket hücumlarının hədəfinə çevrilməsinin coğrafiyası genişlənir. Dünənə kimi əsasən Gəncə şəhəri, Tərtər, Ağdam və Goranboy rayonları atəşə tutulurdu. İndiyədək həlak olan dinc sakinlərin sayı artıq 80 nəfəri keçib. Bu, yolverilməzdir. Mən fürsətdən istifadə edərək, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram”, - deyə Özbəkistan səfiri bildirib.

Mənbə: sia.az