İlham Heydər oğluna açıq məktub

İlham Heydər oğluna açıq məktub

Cənab Prezident, əziz İlham Heydər oğlu! Adətən, atanızın adı ilə bağlı bu xitabla Sizə xarici ölkələrədən gələn müxtəlif məzmunlu məktublardan tanışıq. Amma mənim, bir Azərbaycan jurnalistinin bu şəkildə müraciətinin xüsusi mənası vardır.

Mənim Sizinlə ilk qiyabi tanışlığım atanız, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ömrünün sonlarına yaxın Klivlenddən Azərbaycan xalqına etdiyi müraciətlə başlayır.

O vaxt Heydər Əliyevin xalqa müraciətində belə bir cümlə var idi: "Mən İlhama özüm qədər inanıram..."

Bu müraciət yayılanda 23 yaşım var idi, indi isə 40 yaşındayam. O vaxt tale elə gətirdi ki, mən jurnalist kimi 2003-cü ildə fəaliyyətə başlayanda elə Prezident müxbiri kimi Sizi bütün yerli səfərlərinizdə izləməli, keçirdiyiniz görüşlərdən reportajlar hazırlamalı oldum. Bu proses 6 il davam etdi. Bu illərdə yüzlərlə səfərlərinizdə iştirak etdim, danışıqlarınızı yazdım, xəbər hazırlayıb ölkə ictimaiyyətinə təqdim etdim.

Amma adi və quru xəbərlərə sığışdıra bilmədiyim, xəbərə şərh verə bilmədiyim Sizin həmin görüşlərdə etdiyiniz çıxışlar zamanı üzünüzdəki cizgilər, danışıqlarınızın daxili dünyanızla vəhdəti, təbəssümləriniz idi.

Bu görüşlərdə baş verənlər, Sizin çıxışlarda dedikləriniz uzaq keçmişlərdi. O vədlərdən, o çıxışlarda deyilənlərdən çoxu yerinə yetib.

Amma hər görüşdə mütləq toxunduğunuz, çıxışınızın ən incə məqamları olan Qarabağla bağlı hissələr olurdu. Siz həmişə bu hissəyə gələndə köks ötürər və deyərdiniz ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq...

Cənab Prezident, açığı, o vaxt da, ondan sonrakı dövlərdə də biz bu çıxışları sadəcə, bir xəbər kimi yazırdıq.

Bir növ öyrəşmiş, adət etmişdik ki, bu məqamları da qeyd edək. Amma illər keçdi, çox fəsillər dəyişdi, biz azərbaycanlıların ümidsizliyə qapıldığı bir vaxtda, Siz elə bir geridönüş etdiniz ki... Siz göstərdiniz ki, tarix son 30 ildən ibarət deyil, tarix minillərə söykənir.

Və minillərdə Qarabağ son 30 ildəkindən fərqli olaraq elə Azərbaycan olub. Bunu sizin tez-tez istinad etdiyiniz müqavilələrdəki imzalar təsdiqləyir.

Cənab Prezident, son bir ayda nəinki bütün Azərbaycan və azərbaycanlılar, az qala bütün dünya sizin xalqa müraciətlərinizi böyük həyəcanla izləyir.

Bu müraciətlərdə dedikləriniz, sadaladıqlarınız həqiqətlər bir yana, müraciət tərziniz, danışıq tonunuz, o qədər içdən, o qədər təbii, o qədər xalqa məxsusdur ki, hər sözünüz, müraciət formanız, xitablarınız dillər əzbəri olur.

Son müraciətinizdə düşmənin sıradan çıxarılan texnikalarını sadalayarkən düşmən raketinin adını çəkdiniz. Siz düşmənin məhv edilən raket qurğusunun adını çəkərdən Elbrus dediniz. Mən həmin vaxt kollektivimlə birgə işdə sizin müraciətinizə baxırdıq.

Elbrus sözünü, yəni, öz adımı eşidəndə qeyri-ixtiyari olaraq "can" dedim. İlk dəfə idi ki, adımı bu şəkildə eşidərkən "can" deyirdim...

Cənab Prezident, mən bu barədə çox yaza bilərəm. Son dörd ildə heç nə yaza bilməyən bir jurnalist kimi ürəyim doludur.

Ancaq Sizdən bir xahişim, ricam var. Əlbəttə, işğaldan azad olunan hər qarış torpaq bizim üçün müqəddəsdir, hər kəndin, fəth edilən zirvənin adına göz yaşları ilə reaksiya veririk.

Amma bir xüsusi həssas məqam da var. Vaxtı ilə Şuşanın işğal olunduğunu eşidən neçə-neçə azərbaycanlının ürəyinin partladığını eşitmişəm. Şuşanın işğalını qəbul etməyən bu adamların ürəyi dözməyib.

İndi də Ordumuz Şuşaya yaxınlaşır və yaxınlaşdıqca çox böyük təlatüm yaşanır içimizdə. Sizdən ricam, Şuşanın işğaldan azad olunmasını elan edərkən, özünüzü də, ölkənin həssas insanlarını da nəzərə alın. Şuşa ilə bağlı müraciətinizdə bu həssas məqamlar yenidən yaşanacaq. Heydər Əliyevin Sizə özü qədər inanması, necə dəruni bir hiss imiş. Tanrı sizi və bu məmləkəti qorusun! Sizin ən çox sevdiyimiz son fikirlərinizdən biri də, "Mən nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilirəm" deməyiniz idi... Bu dünyada hər şeyin bir vaxtı var, əlbəttə. Hər vaxtınız Azərbaycan olsun, Ali Baş Komandan!

Azərbaycanın Əməkdar jurnalisti, "Qafqazinfo"nun Baş Direktoru Elbrus Ərud

 

Mənbə: qafqazinfo.az