Arutyunyanın çağırışı və növbəti erməni hiyləsi: "Uğursuz cəhddir”

Arutyunyanın çağırışı və növbəti erməni hiyləsi: "Uğursuz cəhddir”

Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Azərbaycan Ordusuna qarşı döyüşlərdə məğlub olduqlarını etiraf etməyə başlayıb.

Separatçının sözlərinə görə, hazırda Azərbaycan Ordusu Şuşa şəhərinin 5 kilometrliyindədir. Bundan təşvişə düşən A.Arutyunyan çıxılmaz vəziyyətdə olduqlarını gizlətməyib.

Son zamanlar Ermənistan ordusundakı hərc-mərclik və əsgərlərin döyüşdən yayınmaları ilə bağlı videolar sosial şəbəkələrdə də sürətlə yayılır. Videogörüntülərdən də aydın sezmək olur ki, erməni hərbçiləri artıq Qarabağda döyüşmək istəmirlər, hərbi hissə komandirlərinə müqavimət göstərərək, döyüş meydanından qaçırlar.

Cebhe.info-ya açıqlamasında politoloq Natiq Miri deyib ki, əslində düşmənin müqaviməti çoxdan qırılıb və Ermənistanda ruh səviyyəsi sıfıra bərabərdir:

 

“Ermənistandan gələn əsgərlər artıq Qarabağda vuruşmaq istəmirlər. Üstəlik onlara olan münasibət də xoş deyil. Əsgəri xidmətdə bütün zamanlara qarabağlı-ermənistanlı mövzusu həmişə aktual olub. Ermənistandan gedən əsgərlərə nizamnamədən kənar çox ağır işgəncələr verilib. Bununla bağlı minlərlə faktlar var. Erməni komandanlığının vahid mərkəzdən idarə olunmadığı da bu proseslərdə üzə çıxdı. Bu gün artıq nizami Ermənistan ordusundan danışmaq mümkün deyil. Bir tərəfdə muzdlular, bir tərəfdə 60-70 yaşlı qocalar, kriminal elementlər, ən nəhayət gənc əsgərlərin hamısını vahid mərkəzdən koordinasiya etmək üçün konseptual sənədə və zamana ehtiyac var ki, bununla bağlı bütövlükdə Ermənistan hökumətində şərait yoxdur. Bu baxımdan onların birinci və ikinci müdafiə sistemləri artıq dəf olunub. Artıq açıq sahələrdə kiçik səngərlər qazmaqla döyüşmək üçün erməni əsgərləri müəyyən şərait düzəldiblər. İndiki müasir dövrdə isə belə vəziyyətlə müdafiə olunmaq mümkün deyil”.

Araik Arutyunyanın çağırışına gəlincə, politoloq bu müraciətin iki məqsəd daşıdığını bildirib:

“Birincisi, Araik Arutyunyan anlayır ki, bütövlükdə qondarma rejimin, eyni zamanda Ermənistanın bu gün kiçik də olsa, hərbi uğura ehtiyacı var. Çünki hər hansı bir cəbhədə uğur əldə olunarsa, bu, Ermənistan cəmiyyətinə motivasiya ola bilər. Şuşanı da bir növ özlərinə erməni ordusu tərəfindən azad olunmuş simvol-şəhər kimi gördükləri üçün cəmiyyətin Şuşanı müdafiə və konsalina etməyini istəyirlər. Həmçinin, Şuşada Azərbaycan ordusuna zərbə vurmaqla gələcəkdə prosesi toparlamağa çalışırlar. Araik Arutyunyan, həmçinin Paşinyan da anlayır ki, belə bir hərbi uğur olarsa, əslində digər xarici gücləri də prosesə stimullaşdıra bilərlər. Bu gün ciddi mənada Ermənistana hərbi cəhətdən dəstək yoxdur. Artıq məğlub olacağını bütün Ermənistan qəbul edib. Bu, açıq hiss olunur”.

Politoloq bu məsələdə ikinci bir hiylənin mmükünlüyünü də istisna etməyib. O, Arutyunyanın çağırışında xaricdə yaşayan ermənilərə də mesaj verildiyini bildirib:

“Bu, təkcə Ermənistan cəmiyyətinə deyil, həm də xarici erməni havadarlarına da bir mesajdır ki, artıq Şuşaya nəzarətin Azərbaycan Ordusu tərəfindən alınması bütün Dağlıq Qarabağa nəzarət edilməsi anlamına gəlir. Bilirsiniz ki, Xankəndi Şuşanın 8 kilometrliyində və həm də “ayaq altında” yerləşir. Ona görə də Xankəndində müdafiə qurmaq və ya yaşamaq mümkün məsələ deyil. Bundan əlavə, Ermənistanın bu gün mövqe tutduğu yerlərdə də qalması qeyri-mümkündür. Şuşa və Laçın tamamilə azad ediləndən sonra taktiki aypara gedişi tədricən tapınmağa doğru sürətlə davam edəcək ki, bu da yalnız ermənilərin əsir alınması predmetinə çevriləcək və dirənməyə lüzum qalmayacaq. Ona görə də Araik Arutyunyan bunları anladığı üçün son müraciətini erməni cəmiyyətinə edib. Hesab edirəm ki, belə vəziyyətlərdə prosesi xilas etmək mümkün deyil. Azərbaycan bütün sahələrdə dominantlığını və üstünlüyünü saxlamaqdadır. Bu da hər hansı bir döyüşlə müəyyən ediləcək məsələ deyil ki, prosesin geriyə dönüşü təmin etmək mümkün olsun. Yəni uğursuz cəhddir. Düşünürəm ki, yaxın zamanlarda Azərbaycan Ordusu Şuşaya öz zəfər bayrağını sancacaq”.

 

Mənbə: cebhe.info