Ermənistanın xilası Azərbaycanla razılığa gəlməkdədir - Politoloq şərhi

Ermənistanın xilası Azərbaycanla razılığa gəlməkdədir - Politoloq şərhi

Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Zöhrab Mnatsakanyanın İsveçrənin Çenevrə şəhərində görüşü planlaşdırılır. Müharibənin davam etdiyi bir zamanda və ortaq məxrəcə gəlinmədiyi bir vaxtda danışıqların necə keçirilməsi və ortaya qoyulacaq məsələlər ciddi maraq və sual doğurur.

Eurasia Diary görüşlər və Ermənistanın mövqeyi ilə bağlı siyasi şərhçi Turab Rzayevin fikirlərini alıb.

Politoloq hesab edir ki, ümumilikdə Azərbaycan görüşlərdən imtina etməməlidir və danışıqlarda Ermənistan isə mövcud reallığı nəzərə almalıdır.

“İstənilən halda danışıqlar davam etməlidir. Heç bir halda yeganə yol müharibədir və biz sülhə gəlməyəcəyik kimi fikirləri dəstəkləmirəm. Belə bir mövqe ümumiyyətlə ola bilməz. ATƏT-in Minsk Qrupu qarşı tərəfi real yaranmış vəziyyət ilə bağlı xəbərdarlıq etməlidir. Misal üçün artıq, əvvəllər müzakirə olunan Laçın və Kəlbəcər ümumiyyətlə müzakirə olunmur və qeyd-şərtsiz Ermənistan oranı boşaltmalıdır. Bundan sonra, Dağlıq Qarabağ ərazisində olan rayonlarla bağlı müəyyən kompromislər ola bilər”.

Turab Rzayev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin daha ciddi fəallıq göstərməli olduğunu bildirib.

“Bundan əlavə, ATƏT-in Minsk Qrupu da öz üzərinə öhdəlik götürməlidir. Misal üçün, müəyyən vaxt ərzində Kəlbəcəri boşaldacağını və sonra Dağlıq Qarabağda status-kvo hansı şəkildə davam edəcəi ilə danışıqları başlanacağını bəyan etməlidir. Qarşı tərəf bunu dedisə belə, ATƏT-in Minsk Qrupu bununla bağlı öhdəlik daşımalıdır. Yəni onlar da bunu təsdiqləməlidirlər ki, Ermənistan razılığa əlavə qüvvə toplamaq və ya ərazidə möhkəmlənmək üçün gəlməyib. Bu o deməkdir ki, ATƏT-in Minsk Qrupu Ermənistanın qüvvələrinin müəyyən edilmiş vaxt ərzində tərk etməsinə zəmanət verir. Bir sözlə bu razılaşma kağız üzərində növbəti aldatma olmayacaq, bizim bundan əvvəl kifayət qədər onlarla atəşkəs razılaşmamız və humanitar atəşkəs razılaşmamız olub. Lakin bütün bunlar fayda verməyib”.

Danışıqlar prosesində ən önəmli amil olan qarşılıqlı inamın da təmin olunmasına toxunan politoloq, bu işdə də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin vacibliyini və ciddiliyini qeyd edib.

“Qarşıqlıqlı inamın yaranmasında isə, razılığın ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təsdiqlənmiş şəkildə olması vacibdir. Konkret yol xəritəsi kimi plan ortaya qoyulmalıdır ki, nə vaxt? necə olacaq?. Təbii ki, bizim də öz müşahidə məntəqələrimiz var və biz onların hərəkətlərini izləyə biləcəyik. Yəni onlar ərazidən qüvvələri çıxardırlar, yoxsa orda post tikirlər”.

Politoloq Cenevrədə itirəcək bir şeyin olmasını düşünmür, belə ki, o, bizim Xarici İşlər Nazirinin Cenevrədə danışıqlar apardığı zamanda hərbi əməliyyatların davam edə biləcəyini hesab edir. Turab Rzayev Ermənistanın mövqeyindəki dəyişiklikləri də nəzərə çatdırıb.

“Əlbəttə, bu zaman ərzində Ermənistanın mövqeyində dəyişiklik olub. Ermənistan artıq kompromislərə hazırdır. Burda bir məsələ var ki, Ermənistan hər bir ərazi azad olunduqda bir şok yaşayır. Biz isə artıq həmin mərhələləri keçmiş oluruq. Biz ilk bir rayon aldıqda Ermənistan buna razı deyildi və status-kvonun bərpasını istəyirdi. Lakin say artıqda isə onlar həmin rayonların bizdə qalmasına və bu şəkildə danışıqların davamına hazır olduğunu ifadə edirdi. Artıq beş rayon azad olunub, Ermənistan buna razıdır, amma biz razı deyilik. Çünki bu beş rayon onsuz da biz azad etmişik. Ermənistanın ən böyük problemi reallığı qiymətləndirməməkləridir. Onlar müharibənin reallığını qiymətləndirə bilmədilər, elə bildilər ki, sanki 2016-cı il Aprel döyüşləri kimi olacaq. Onlar düşünürdülər ki, Azərbaycan Ordusu elə bir ruh əldə edə bilməyəcək. Onlar bunu gözləmirdilər.

İndi isə onlar reallığı dərk edib, bizə elə bir təklif irəli sürməlidirlər ki, bizi maraqlandırsın. Çünki bizdə olan beş rayon şərtlərə daxil olmamalıdır. Sadəcə yerdə qalan rayonların hansı şəkildə boşaldılması və hansı şəkildə qaytarılması və hansı muxtariyyatın olması müzakirə edilə bilər”.

Politoloq məğlubiyyətlərin fonunda Ermənistanda narazılıqların da artdığına diqqət yetirib.

“Ermənistan cəmiyyətində müəyyən narazılıqlar yüksəlir, Paşinyanın yarıtmazlığı, ordunun məğlubiyyəti, xüsusilə ölmüş əsgər analarının narazılığı, bir sözlə hər şey onun ayağına yazılır. Bir neçə nəfər artıq Paşinyanın xoşluqla istefa verməsini tələb edib. Burada iki nüans var. Birinci odur ki, Paşinyan Ermənistanı Rusiyanın caynağından uzaqlaşdırıb, Qərbə yaxınlaşdırsa, o şəkildə cəmiyyətdə yaranacaq Rusiya düşmənçiliyi onu qoruya bilər. Ya da ki, Rusiyaya yaxın Qarabağ klanı onu hakimiyyətdən uzaqlaşdıracaq. Burada artıq vəziyyət kimin daha yaxşı diplomatik oyun qurmasından asılıdır.

Yəni, əgər Paşinyanın rəqibləri- Qarabağ klanı nümayəndələri daha açıq oynaya bilsə və əhaliyə nümayiş etdirə bilsələr ki, bütün bunlardan Paşinyan məsuliyyət daşıyır, o zaman onlar hakimiyyətlərini gücləndirəcəklər və Paşinyanı devirəcəklər. Ya da ki, Paşinyan izah edəcək ki, Rusiya bizi qorumadı, Rusiya bizi satdı, hətta Qarabağ klanını da Rusiyaya qarşı qoya bilər. Hətta mən düşünürəm ki, bu yaxınlarda biz İrəvanda və Gümrüdə Rusiya hərbi varlığına qarşı nümayişlər görə bilərik. Yəni əgər bizi qorumursa bu bazaların nə işi var. Onda artıq Paşinyan münasibətləri korlayıb, Qarabağ klanını da Rusiyanın əlaltısı kimi göstərib, özünə dsətək qazanıb özünü qoruya bilər. Bu onun son imkanıdır, əgər bunu bacarmasa bu onun sonudur. Münaqişə başlayandan mən demişəm ki, müharibə bir çox hərbi və siyasi xadimlərin karyerasını bitirəcək”.

Turab Rzayev eyni zamanda Ermənistanın Qarabağı itirməsinə də münasibət bildirib. O, hesab edir ki, Ermənistan öz mövcudluğunu qorumaq üçün Azərbaycanla razılığa gəlməlidir.

“Ermənilərin müharibədən sonra Qarabağı bizim ərazi kimi tanıyıb tanımamaları fərq etmir. Bu heç nəyi dəyişmir. Amma əlbəttə ki, Qarabağın Azərbaycan ərazisi kimi tanınması Ermənistanın özü üçün müsbət olardı. Bununla da Ermənistan dövlət kimi və xalq da xalq kimi öz taleyini həll edə biləcək və məhv olmayacaq. Çünki əks halda Ermənistan dövlət kimi çökəcək. Təsəvvür edin, Ermənistanın Türkiyə ilə Qarabağ da artıq Azərbaycandadır münasibətləri yoxdur, müharibə sonrası da müəyyən problemlər yaranacaq, on minlərlə qaçqınlar var, on minlərlə həlak olan insan var, demoqrafik böhranlar yaranacaq, müharibənin maddi yükü və psixoloji travması dövləti məhv edəcək. Amma Ermənistan Azərbaycanla razılığa gəlsə, o zaman Ermənistan dövlətçiliyini qoruya biləcək. Bu onlar üçün sonuncu şansıdır. Şuşa və Xankəndi alınsa müharibə bitmişdir. Bundan sonra sülhə razılıq olsa, bu Ermənistanı dövlət kimi qoruya biləcək yox alınmasa, Ermənistanın dövlət kimi varlığı bitəcək. Çünki Azərbaycan, Türkiyə və Gürcüstanla düşmənçilik fayda verməyəcək. Bu kütləvi problemlər yaradacaq”.

Ülvi Əhmədli

Mənbə: ednews.net