Ermənilərin milyonlar xərclədiyi “Osa”larını ordumuz necə məhv edir? – ƏTRAFLI+FOTO

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Onların sırasında daha əvvəl də məhv edilmiş 9K33 “Osa” zenit-raket kompleksləri də var.

Ordumuz bu günə qədər 40-a yaxın “Osa” (NATO təsnifatına görə: SA-8 Gecko) məhv edib. Bəs, “Osa” ermənilərə nə üçün lazımdır? Nə üçün istifadə edilir? Haradan əldə ediblər?

“Osa” özüyeriyən HHM üçün nəzərdə tutulmuş zenit raket kompleksidir. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. Yəni hazırda ermənilər əsasən “Osa”lardan dronlarımızı vurmaq üçün istifadə edir. Amma görünən budur ki, işə yaramır. Çünki 40-a yaxın “Osa” ordumuz tərəfindən ən müasir silahlarla məhv edilib, dronlar da iş başındadır.

Özünü qoruya bilməyən hava hücumundan müdafiə sistemi barəsində məlumatımıza davam edək…

“Osa” SSRİ istehsalıdır, amma Belarus istehsalı olan yeni modifikasiyaları mövcuddur. 1971-ci ildən orduda istifadə edilən raket kompleksi hazırda bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bilinir. İraq, Serbiya, Liviya, Suriya, Livan müharibələrində, Rusiya-Çeçenistan, Rusiya-Gürcüstan müharibəsində və digər vətəndaş müharibələrində tətbiq edilib.

“Osa” sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kiloqramdır. Raketin daşıdığı mərmi başlığı 19 kiloqram olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 metrdir. Ən aşağı döyüş hündürlüyü isə 25 metr təşkil edir.

Atma sistemi və lazım olan radar və kompüter texnikası üç oxlu, 6 təkərli avtomobil gövdəsində (VAZ-5937) yerləşdirilir. Avtomobil çətin keçilən yerlər üçün nəzərdə tutulub.

Radar sistemi axtarış və idarəedici hissədən ibarətdir. Nəzarətçi radar H tezliyində işləyir və 360° dönə bilir. Radarın nəzarət məsafəsi 350 km-dir. Atəş radarı J tezliyində işləyir və 20–25 km arasında fəaliyyət göstərir. Raketi idarə etmək üçün iki müxtəlif tezlikdə işləyən ötürücü kanallar mövcuddur.

Bu sistemin hədəfi vurma ehtimalı 35-85% arasında qiymətləndirilir. Osa-AK və Osa-AKM sistemlərində bu 55-85% arasında dəyişir. Bir dəfəyə hədəfə iki raket buraxıla bilər. Ekipajı 5 nəfərdən ibarətdir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Hərəkət mənzili 500 km təşkil edir.

Variantları: 9K33 “Osa” – 4 ədəd TELAR 9A33B raketindən istifadə edir, maksimum atış mənzili 12 km-dir.

4K33 “Osa-M” – 2 ədəd 9M33M raketi olan dəniz versiyası təqdim olunub. Bu, həmçinin, Gepard sinfi freqat, Kara sinfi kruyser, Kiyev sinfi VTOL kruyserləri və Kirov, Slava, Krivak sinfindən olan katerlərə də quraşdırıla bilər.

9K33M3 “Osa-AKM” – atış uzaqlığı 15 km-ə qaldırılıb. Aşağı uçuşda isə 12 km-dir.

Ermənistanda bu sistemdən nə qədər var? Haradan əldə ediblər?

Bu zenit-raket komplekslərindən bir çox ölkə istifadə edir. Amma bəziləri artıq öz ordusundan bu silahları çıxarıb. Məsələn, İordaniya Silahlı Qüvvələri 2017-ci ilin oktyabr ayında 9K33 “Osa” ZRK-ləri istismardan çıxardığını elan edib. Həmin il də 52 “Osa”nı satıb. Belə ki, İordaniya Silahlı Qüvvələrinin rəsmi internet saytında yerləşdirdiyi elanda 52 ədəd “Osa” ZRK-nin satışa çıxarıldığı açıqlanmışdı. Həmin il də Ermənistan İordaniyadan bu sistemlərin 35 ədədini satın alıb. Sövdələşmənin ümumi dəyəri 27 milyon ABŞ dolları təşkil edib. Hazırda bu sövdələşmədə alınan sistemlər artıq yoxdur, çünki ordumuz tərəfindən məhv edilib. Əlavə nə qədər bu sistemdən onlarda qaldığı da müharibənin gedişatında bəlli olacaq.

Bununla yanaşı Ermənistan “Osa-AKM” üçün İordaniyadan və gizli saxlanan satıcıdan 400 ədəd idarəolunan zenit raketləri alıb. Satınalmalar erməni iş adamı David Qaltsyanın şirkəti üzərindən həyata keçirilib. Erməni mətbuatı həmin illərdə qeyd etmişdi ki, ZRK-lər Ermənistanın hərbi sənaye kompleksi tərəfindən müasirləşdirilib. Amma döyüş meydanında görünür ki, bu da digər məsələlərdəki kimi yalandan ibarətdir.

Əslində ermənilər bu sistemi uzun müddət almaq istəyiblər. Məsələn, 2013-cü ildə Ermənistanla Ukrayna arasında 22 ədəd “Osa-AKM” ZRK-nin alqı-satqısına dair müqavilə imzalansa da, Ukraynada hakimiyyət dəyişikliyindən sonra rəsmi Kiyev satışın Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcəyini nəzərə alaraq müqaviləni ləğv edib. Bu sistemdən 1200 ədəd istehsal edilib və hazırda 400 ədədi Rusiyada, 80 ədədi Azərbaycandadır. Sistemdən istifadə edən digər ölkələr, Əlcəzair, Belarus, Bolqarıstan, Ekvador, Hindistan, İraq, Küveyt, Liviya, Polşa, Rumıniya, Suriya, Türkmənistan, Ukrayna və Yunanıstandır. Yunanıstana da bu sistemi Şərqi Almaniya Almaniyanın birləşməsindən sonra satıb. Hazırda Azərbaycan bu sistemdən yeni, qat-qat müasir və sınaqlardan uğurla çıxmış digər HHM sistemlərindən daha çox istifadə edir. Bu haqda növbəti yazımızda…

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda xaos, çəkişmə, üsyan: Narazılıq artır - VİDEO

SONRAKI XƏBƏR

Aksiyalar səngiməsin ! - “Fransa xalqı Makronun əleyhinə səs verənədək davam etsin!”