“Ailə həyatı qurmadım, şəhid olan qardaşımın 5 övladını böyütdüm, vətənimdən çıxanda isə bir banka bal çıxardım” -FOTO

“Ailə həyatı qurmadım, şəhid olan qardaşımın 5 övladını böyütdüm, vətənimdən çıxanda isə bir banka bal çıxardım” -FOTO

“Orda həm ev-eşiyimizi, həm işimizi, hər bir şeyimizi itirdik”.. Mən orada gözəl evlər tikdim, təəssüflər olsun ki, onun içində biz yaşaya bilmədik. 30 ilə yaxındır ki, Bakı şəhərində yaşayıram, elə gün olmur ki, gündə bəlkə 20 dəfə o yerlərə xəyalımda getməyim”

Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini Murad Məhərrəmov deyib. O Xocalıda özünümüdafiə batalyonu təşkil edərək, kənd sakinlərini qoruduğunu deyir:

“Get-gedə artıq vəziyyət çətinləşirdi, ermənilər əvvəlcə azərbaycanlıların maşınların, insanların daşla, armaturla xəsarət yetirirdilər, öldürürdülər. Demək olar ki, tam mühasirəyə almışdılar Xocalını. Biz də artıq qorunmaq üçün özünümüdafiə dəstəsi yaratdıq, batalyon yaratdıq. Xocalını 3 bir tərəfdən raket atəşinə tuturdular. Xocalıda hər bir məhlədə yeraltı zirzəmilər qazılmışdı ki, qadınlar və uşaqlar raketdən qorunmaq üçün ora yığılsınlar. Həmin gecəni xatırlamaq çox dəhşətdir. Elə bil ki, yerlə-göy qovuşmuşdu, mən sağ qalmağıma inana bilmirəm” deyə bildirib.

Murad Məhərrəmovun bacısı Südabə Məhərrəmova isə bildirib ki, doğma kəndindən heçnə çıxara bilməyib. Təkcə 28 ildir saxladığı baldan başqa..

“ Ordan heçnə çıxara bilmədik. Bir dənə bu bir banka baldan başqa. Onu da anamın-atamın yas mərasimində halvasına qatdıq. İçində bir az qalıb. Rəhmətlik atam Laçında arı saxlayırdı. Balımız daimi çox olub. Həmişə deyirdim bunu saxlayacam, torpaqlar alınanda öz evimizə qaytaracam. Mən də istəyərəm ki, bunu o torpaqlara qayıdanda aparım atamın, anamın, qohumlarımın ruhu şad olsun ki, bu torpaqdan apardıqımız bir şey ora qayıtdı. Qardaşım və həyat yoldaşı bu faciədə şəhid oldu, ailə həyatı qurmadım, onun 5 övladını saxladım, sənət, ailə sahibi etdim” deyə bildirib.

İndi Xocalı sakinləri bu gün öz el-obalarına qayıtmağı səbirsizliklə gözləyirlər. Bu günü elə biz də gözləyirik. Xocalıda görüşənədək!

 

 

Mənbə: moderator.az