RUSLAR “LAÇIN DƏHLİZİ”nin QARŞISINDA NİYƏ YERLƏŞİBLƏRMİŞ? –Kreml "sülhməramlı" gətirmək niyyətindən əl çəkimir - TƏHLİL

RUSLAR “LAÇIN DƏHLİZİ”nin QARŞISINDA NİYƏ YERLƏŞİBLƏRMİŞ? –Kreml "sülhməramlı" gətirmək niyyətindən əl çəkimir - TƏHLİL

Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə, 30 oktyabr 2020-ci il

Atəşkəs anlaşmalarına baxmayraq, Qarabağda döyüşlər davam edir. Ermənistan Azərbaycanın şəhərlərini, yaşayış yerlərini hədəfə aldığı halda, Azərbaycan döyüşlərin və irəliləyişin yalnız Qarabağ torpaqları ilə məhdudlaşacağını ifadə edir.

Ermənistan döyüş meydanından kənarda mülki əhaliyə hücumları şüurlu şəkildə davam etdirir. Vəzifəli şəxsləri bunları panika yaratmaq və maraqlı olan digər ölkələri prosesə cəlb etmək üçün etdiklərini gizlətmirlər.

Bu səbəblə, atəşkəsin qalıcı hala gəlməsi və ya problemin masaya daşınması, demək olar ki, imkansız görünür.

Doğrusu, Ermənistan işğal etdiyi 5 rayonu indidən itirmiş durumdadır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı alınmış, dünən axşam saatlarından da Şuşanın ətrafı Azərbaycan ordusunun nəzarətinə keçmişdir. Ağdərə-Kəlbəcər xəttindən aşağı doğru da mövqelər güclənməyə davam edir.

Əslində, döyüş meydanındakı strategiyaya baxılarsa, irəliləyişin Azərbaycanın daha öncə masada “bəli” dediyi bəzi maddələrlə örtüşdüyünü də söyləmək mümkündür.

Birincisi, BMT-nin qərarlarıdır. Azərbaycan Prezidenti Əliyev “Biz BMT qərarlarının həyata keçirilməsi vəzifəsini yerinə yetiririk” deyərək, bunu vurğulayır.

İkincisi də, Madriddə əldə edilən anlaşmadır. Bu kontekstdə, Ermənistan ilk mərhələdə 5 rayondan, sonrakı mərhəllədə isə Laçın və Kəlbəcərdən çəkilərək, 7 rayonu boşaltmalı idi. Dağlıq Qarabağ Muxtar Bölgəsi isə yeni bir status verilməklə, yenidən dəyərləndirilməyə alınacaqdı. Ayrıca, məcburi köçkünlərin öz yerlərinə geri dönməsi və lazım olarsa, sülhməramlı güclərin göndərilməsi də gündəlikdə idi. 2008-ci ildə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzənin təklifi də belə idi. Ermənilər buna da əməl etməmişlərdi.

İndi Azərbaycan, Xankəndi mərkəzli bölgə istisna olmaqla, bütün rayonları təkrar geri almanın astanasına gəlib. Hətta bu irəliləyiş qarşısında Xankəndinin də ayaqda qalması mümkün deyil. Ancaq Azərbaycan beynəlxalq güc balansını nəzərə alaraq irəliləmək istəyir.

Qeyd etmək lazımdır ki, 1923-cü ildə muxtar bölgə olaraq Azərbaycana bağlanan Dağlıq Qarabağ, 1988-ci ildə başlayan hadisələrin gedişində işğal edilmişdir.

Azərbaycan Prezidenti Əliyevin “Sülhməramlı qüvvələrin və ya müşahidəçilərin göndərilməsinə qarşı deyilik, ancaq bizim istədiyimiz şərtlərlə olarsa…” deməsi də yuxarıda qeyd edilən strategiya ilə bağlıdır.

Bununla birlikdə, dünən Putinin Qarabağla bağlı verdiyi açıqlamalar masada Türkiyənin də yer alacağına yönəlik qənaət hissi oyandırsa da, bunun Minsk qrupu həmsədləri səviyyəsində ola biləcəyini düşünmək xeyli çətindir.

Bu arada, Ərdoğanla Putin arasındakı telefon danışığında İdlibdəkinə bənzər bir ikili formatın müzakirə edildiyi də iddia edilir. Bu məsələ ilə əlaqədar Türkiyə və Azərbaycanın açıq tələblə çıxış etməli olduğunu ilk olaraq mən yazmışdım. Təbii, əgər yeni bir mexanizmin yaradılması istənilirsə, o ayrı məsələ… O halda, ABŞ və Fransanın da razı salınması lazım olacaq.

Putinin SSRİ dövründə tədbir alınmaması ucbatından bu 7 rayonun Ermənistan tərəfindən işğal edilməsinə töhfə verildiyini söyləməsi də maraqlıdır. Xocalı soyqırımına nəinki əngəl olmamışlar, bu, onların dəstəyilə həyata keçirilmişdir.

İndi ən önəmli məsələ Rusiyanın meydanda nə etmək istədiyinə dair işarətlərin olub-olmamasıdır. Ayrılıqda götürüldüyündə, bir əlamət olmasa da, TASS xəbər agentliyinin yaydığı iki fotoşəkil haqqında heç danışılmadı. Rusiyadan gələn tək bir bağlamanı belə, gündəliyə gətirən Ermənistan mediası da buna yer vermədi. Rusiya 25 oktyabrda Ermənistanın sərhəddində olan Texdə kiçik bir zastava (hərbi düşərgə – tərc.) qurmuşdu və rus bayrağı qaldırılmışdı. Bura Ermənistanı Dağlıq Qarabağa bağlayan Laçın dəhlizinin həmən başlanğıcında yer alır. Bu, o deməkdir ki, proseslərin inkişafı Laçın-Şuşa xəttinin, yəni Dağlıq Qarabağla Ermənistan arasındakı tək logistika dəhlizinin nəzarət altına alınmasına doğru gedir.

Beləliklə, ruslar “biz gəldik, buradayıq” deyir. Elə bu yerdə Əliyevin mümkün bir sülhməramlı qüvvə təklifilə bağlı hansı şərtləri irəli sürəcəyi və Türkiyənin masadakı mövqeyi daha çox önəm qazanır.

Təcümə Strateq.az-ındır

Mənbə: strateq.az