"İnformasiya savaşı anlamında ermənilərlə bizim işimiz hələ yeni başlayır..."

"İnformasiya savaşı anlamında ermənilərlə bizim işimiz hələ yeni başlayır..."

Başda TRT Haber olmaqla Türkiyənin ancaq bir-iki TV kanalı Qarabağ savaşına ciddi ilgi göstərir, gün ərzində bir neçə dəfə xəbərlər və reportajlar verilir. ATV, STAR TV, KanalD, ŞouTV, FOX TV kimi məşhur kanallarınsa sanki dünya vecinə deyil. Bəs qardaş ölkədəki yazılı mediada Azərbaycanın Vətən Savaşına ilgi göstərilirmi? Yoxsa hamının başı koronavirusla mücadiləyə qarışıb?

Moderator.az-ın sualını Türkiyədə yaşayan tanınmış ermənişünas alim Qafar Çaxmaqlı cavablandırıb:

"İkinci Qarabağ savaşının gedişinə həqiqətən Türkiyədə böyük maraq var və bəzi TV kanalları bunu yaxşı işıqlandırır. Müxbirləri savaş bölgəsindən canlı yayınlar verirlər. Təbii ki, bunlar təqdir olunmalıdır. Amma buradakı insanlar, Türk xalqı proseslərin və hadisələrin mahiyyətini daha çox maraq edirlər, bir informasiya aclığı var. Bilirsiniz, Türkiyə jurnalistikası əsasən olay jurnalistikasıdır və operativlik jurnalistikanın birinci funksiyası sayılır. Hadisə yoxdursa demək həmin məsələnin də üstündən keçilir. Məqsədli şəkildə Qarabağ məsələsini daim gündəmdə saxlamaq barədə yalnız o adamlar fikirləşirlər ki, onların bütün çalışmaları buna istiqamətlənib. Məsələn, savaşın başından bəri Azərbaycanda çalışan dəyərli Mete Çubukçu bu alanda, yəni savaşlar- konfliktlər üzərində ixtisaslaşıb. Və deyim ki, bu sayaq jurnalistlərin hazırladıqları proqramlar dünyada bizim mövqeyimizi ifadə etmək açısından çox əhəmiyyətli rol oynayır. Türkiyə mətbuatı vasitəsilə beynəlxalq media institutları ilə işləmək təcrübəsi burada var və onları inkişaf etdirmək lazımdır. Bizim də belə təcrübədən yararlanmaq imkanlarını düşünməmiz lazımdır. Adını çəkdiyiniz kanalların çoxu xəbər kanalı deyilsə də bu məsələ mühüm olduğundan ona yer ayırmaları vacibdir. Onlar xəbəri belə özləri hazırlamırlar. Ayrı ayrı agentliklərdə alıb yayırlar, agentliklər bir şey verməsə onlar da dayanırlar. Onlar daha çox əyləncə, film və b. özlərinin məqsədlərinə daxil ediblər. Qəzet mediasına gəlincə, Qarabağ hadisələri burada da xəbər agentliklərinin və həmin KİV orqanlarının təmsilçilərinin qələminə bağlıdır. Bunlarda köşə yazarları nəsə yazmalıdır. Köşə yazarları ilə belə hallarda Azərbaycan işləməlidir. Məsələn, mən ünsiyyətin və dostluğun olan köşə yazarları bilgilər verib onlardan bu konunu yazmağı rica etmişəm. Yoxsa onların heç də hamısı problemin mahiyyətinindən yetərincə bilgiyə sahib deyil. Ən yaxşısı isə bu müharibənin bizə diqtə elədiyi məsələlər üzərində düşünməliyik. Hər yerdə, hər səviyyədə adamlar. jurnalistlər, politoloqlar yetişdirib yerləşdirməliyik. Eynən ermənilər kimi. Görürsünüzmü haranı qurdalayırsan oradan erməni və yaxud erməni yanlısı çıxır. Bu iş dövlət siyasəti olmalıdır. Nəinki qardaş ölkədə,dünyanın əsas informasiya məkanlarında da... İnformasiya savaşı anlamında ermənilərlə hələ bizim işimiz çox olacaq, mən deyərdim ki, o hələ yeni başlayır...

 

 

Mənbə: moderator.az