Ermənistanın törətdiyi mülki qətliamlara qarşı Türkiyə və Pakistanın Azərbaycanla həmrəyliyi yetərli faktordur – Qərb isə...

Ermənistanın törətdiyi mülki qətliamlara qarşı Türkiyə və Pakistanın Azərbaycanla həmrəyliyi yetərli faktordur – Qərb isə...

Məhəmməd Əsədullazadə: “Qərb ortaya ciddi mövqe qoysaydı, Ermənistan mülki insanları hədəfə almazdı”

Prezident İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsində dinc insanların hədəfə alınmasına görə beynəlxalq qurumlar tərəfindən Ermənistanın pislənəcəyinə o qədər də ümid etmədiyini qeyd edib.

Ölkə başçısı bununla bağlı Qərbdan elə bir gözləntilərin olmadığını deyib: “Onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur. Ona görə də onlar müharibəni belə aparırlar. Bilirsinizmi, hətta hər bir rəqibə, düşmənə də müəyyən dərəcədə hörmət etmək lazımdır, çünki qaydalar, o cümlədən, müharibənin aparılması qaydaları var. Erməni tərəfi üçün bu qaydalar yoxdur. Ona görə də biz Ermənistanın pislənəcəyinə o qədər də ümid etmirdik. Bizi qardaş Türkiyə dəstəkləyir. Bizi Pakistan, Türkiyə Prezidenti, Pakistanın Baş naziri açıq dəstəkləyirlər. Onlar dəfələrlə bizi dəstəklədiklərini ifadə ediblər. Bizi çox ölkələr dəstəkləyir. Lakin biz dünya birliyi dedikdə, nə üçünsə həmişə Qərb dünyası başa düşülür. Bax, oradan biz həmrəylik gözləmirdik və gözləmirik”.

Göründüyü kimi, Prezident çox aydın şəkildə hansı ölkələrin Ermənistanı mülki insanları hədəfə almağa görə qınadığını göstərdi. Əslində, insan hüquqlarından danışan Qərb bu məsələdə daha həssas olmalıdır. Ancaq, bəlli olduğu kimi, Qərb ölkələri bunu görməzdən gəlirlər.

“Hər dəfə ümumi və ünvansız çağırışlardan o tərəfə keçmədilər”

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bütün bunlar Qərbin mülki insanlara qarşı Ermənistanın törətdiyi cinayətlərə səssiz qalmasının nəticəsidir: “Zatən, Qərb sözügedən məsələdə həmrəylik göstərib ortaya ciddi mövqe qoysaydı, Ermənistan davamlı olaraq mülki insanları hədəfə almazdı. Qərb ölkələrinin bununla bağlı Ermənistana təzyiq imkanları genişdir. Ancaq bir dəfə olmadı ki, Ermənistanın törətdiyi bu cinayətləri açıq və ünvanlı şəkildə qınasınlar. Hər dəfə ümumi və ünvansız çağırışlardan o tərəfə keçmədilər. Hansı ki, bənzər hadisələr digər münaqişə bölgələri olan postsovet ölkələrində olsaydı, o dəqiqə bunu qınayacaqdılar. Ona görə də Prezident çox doğru olaraq qeyd etdi ki, oradan biz həmrəylik gözləmirdik və gözləmirik. Çünki reallıq ortadadır. Mülki insanların hədəfə alınmasını nəinki Qərb ölkələri, digər ölkələr də konkret qınamırlar. Bu baxımdan həmin ölkələrin ortaya qoyduğu mövqe ədalətsizdir”.

Politoloq hesab edir ki, uzun illərdir Azərbaycan bu kimi haqsızlıqlara məruz qalır.

Mənbə: www.baki-xeber.com