Gürcüstan yeni siyasi eraya qədəm qoyur

Gürcüstan yeni siyasi eraya qədəm qoyur


Sabah Gürcüstanda parlament seçkiləri keçirilir. Bu gün səhər saat 8-dən bütün təbliğat vasitələrində sükut elan olunub.
Bu parlament seçkilərinin özəlliyini şərtləndirən ən vacib məsələ yeni millət vəkillərinin ölkə prezidentini seçmək hüququdur. Yeni parlamentin işə başladığı andan Gürcüstanda ümumxalq səsvermə yolu ilə prezident seçkilərinin keçirilməsi tarixin arxivinə qovuşur, ölkə yeni eraya qədəm qoyur.
Ona görə də parlament seçkilərinin çox qızığın ortamda keçəcəyi gözlənilir. Gürcüstanlı analitiklərin fikrincə, kəskin mübarizə iki partiya,
Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakim "Gürcü arzusu" və Mixeil Saakaşvilinin müxalifətdə olan "Milli Hərəkat" partiyaları arasında olacaq.
Qarışıq sistemlə 120 deputatın proporsional, 30 deputatın majoritar qaydada seçiləcəyi seçkilərdə 40%- dən çox səs ala bilməyən partiya Gürcüstanda təkbaşına hökumət qura bilməyəcək. Seçki baryeri isə 5 faizdən 1 faizə qədər azaldılıb. Cəmi 1 faiz səs toplayan partiya öz deputatını parlamentə keçirmə şansı qazanacaq.
Seçki kampaniyasındakı göstəricələrə görə, ekspertlər düşünürlər ki, "Milli Hərəkat" Partiyasının səs toplamaq imkanları səsvermədə iştirak edən seçicilərin səsinin 40 faizi civarında ola bilər. Bu da pis göstərici hesab olunmur. Saakaşvilinin partiyası digər muxalif partiyalarla koalisiya yaratmaq şansını da özündə saxlayır.
Amma Fransanın “İpsos” şirkətinin son məlumatında seçkidə hakim "Gürcü arzusu" Partiyası 40 faizlik baryeri aşacaq. Şirkətin hesablamalarına görə, "Milli Hərəkat " Partiyasının güc göstəricisi isə 33 faiz təşkil edəcək.
Siyasi ekspert Zaur Məmmədov da Bizim.Media- ya açıqlamasında qeyd edir ki, hakim "Gürcü arzusu" Partiyası qalibiyyətə daha yaxındır. Eyni zamanda M. Saakaşvilinin də tərəfdarları kifayət qədərdir.
Güscüstandakı seçkilərin Azərbaycan üçün önəmini vurğulayan politoloq qeyd edir ki, Gürcüstan həm qonşumuz, həm də Azərbaycanla Avropanı birləşdirən xətt üzərində yerləşir: “Azərbaycan üçün Gürcüstanda qütbləşmə, vətəndaş qarşıdurması arzuolunmazdır. Sabitliyin olması vacibdir. Çünki Gürcüstan Azərbaycanın yanındadır və Rusiyadan Ermənistana gedən hərbi xarakterli uçuşlara qadağa qoyması ilə də bunu bir daha sübut etdi. Azərbaycan üçün əsas olan qalib gələn siyasi partiyanın Cənubu Qafqazda sabitlik uğrunda bizimlə birgə mübarizə aparmasıdır”.

Mənbə: teref.az