Latviyalı deputat: Ermənistan təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir

Latviyalı deputat: Ermənistan təcili olaraq Azərbaycan torpaqlarını tərk etməlidir

Əgər Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmirsə, o zaman sanksiyalar, məsələn, siyasətçilərin müəyyən bir ölkəyə girişinin qadağan edilməsi, bəzi təşkilatlarda səs hüququndan məhrum edilməsi tətbiq edilməlidir. Düşünürəm ki, dünya dövlətləri bu cür sanksiyalar tətbiq etsəydilər, bu gün belə bir qarşıdurma olmazdı.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Latviyanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin üzvü Romans Naudinş deyib.

Romans Naudinş qeyd edib ki, Avropa İttifaqı və dünyanın aparıcı ölkələri 30 il ərzində Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa və beynəlxalq hüquqa riayət etməyə məcbur etmək üçün çox az iş görüb: "Arzu edirəm ki, sülh bərpa olunsun və Cənubi Qafqaz ölkələri də Baltikyanı ölkələr kimi dinc və mehriban şəraitdə yaşasınlar. Bunun mümkün olduğunu bilirəm və olacağına da əminəm, çünki tarixdə belə nümunələr olub. 1980-ci illərin sonuna qədər azərbaycanlıların və ermənilərin birlikdə yaşadığı Dağlıq Qarabağda heç bir problem yox idi. Onlar orada sülh və mehriban qonşuluq şəraitində yaşayırdılar. Bu məsələdə yalnız Ermənistan və Azərbaycan deyil, beynəlxalq təşkilatlar və siyasətçilər də məsuliyyəti öz üzərinə götürməlidirlər, çünki qan yalnız döyüş meydanında deyil, dinc şəhərlərdə də tökülür".

Mənbə: demokratikmusavat.com