Tramp və Bayden Floridada kampaniya aparır

ABŞ Prezidenti Donald Tramp Raymond James Stadionu civarında kampaniya nümayişinə qatılıb. Tampa, Florida, 29 oktyabr.

ABŞ-da president seçkilərinə bir neçə gün qalmış Respublikaçı və Demokrat namizədlər kampaniyalarının diqqətini böyük elektoral səsə malik cənub-şərqi Florida ştatına yönəldiblər.

“Əgər Floridanı Demokratlar qazansa, məsələ bitdi. Məsələ bitdi,” deyə prezidentliyə Demokrat namizəd Co Bayden Broward Kollecindəki nümayişdə bildirib. O, cümə axşamı Tampada ikinci seçki nümayişinə qatılıb.

Bayden Prezident Donald Trampı koronavirus pandemiyası dönəmində izdihamlı nümayişlər keçirdiyinə görə tənqid edib. O, bu cür tədbirləri “super yoluxdurucu” adlandırıb.

Stadionun parkinq hissəsində iri izdiham qarşısında çıxış edən Tramp noyabrın 3-də çox sayda Respublikaçı seçicilərin səs verməyə gələcəyini deyib.

“Biz bu seçkiləri elə böyük səs fərqi ilə udacağıq ki. Siz baxın,” Tramp deyib.

Trampın Şimali Karolina ştatı üçün planlaşdırdığı seçki nümayişi pis hava şəraiti üzündən bazar ertəsinə təyin edilib.

Tramp habelə bir neçə həftəyə COVID-19 vaksininin əldə olunacağını bildirib, və yaşlı vətəndaşların bunu ilk alacaqlarını qeyd edib.

Florida ştatında president seçkilərində səs verəcək 65 yaşından yuxarı vətəndaşlar ştat elektoratının üçdə birini təşkil edir.

1996-cı ildən bəri Floridada qalib gələn namizəd prezident seçilib. Qələbə üçün tələb olunan 270 elektoral səsdən 29-u Florida ştatına məxsusdur.

Real Clear Politics təşkilatının hesablamalarına görə, Tramp və Bayden Florida və Şimali Karolina ştatlarında bərabər dəstəyə malikdirlər. Miçiqan, Pennsilvaniya və Viskonsin ştatlarında isə Bayden Trampdan irəlidə gedir.

 

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Cəbrayıldan yeni - Fotolar

SONRAKI XƏBƏR

Ermənistanın cinayəti sübut olunur - VİDEO