Türkiyə "Türk ocaqları" Azərbaycana ilk yardımını göndərib

1912-ci ildən fəaliyyət göstərən Türkiyə "Türk ocaqları"nın Mərkəzi Qərargahı Dağlıq Qarabağın ətraf bölgələrində erməni terrorundan əziyyət çəkən, evləri dağıdılan və yaralanan insanlara qardaş köməyi edəcək. 120 ailə üçün nəzərdə tutulan ərzaq bağlaması sabah Tərtərə və Gəncəyə aparılacaq.

Bu barədə "Şərq"ə məlumat verən Azərbaycan "Türk ocağı"nın sədri Akif Aşırlı deyib ki, bu qardaş yardımlaşmasının maddi tərəflərindən daha çox mənəvi tərəfləri var:

"Türkiyə dövləti, xalqı ən çətin anlarda Azərbaycanın yanında olub və bu gün də bu yenilməz münasibəti görürük. Türkiyə "Türk ocağı"nda birləşən, milli birliyi sağlam əsaslarla qoruyan ziyalılarımız Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın yanındadır". Tərtərin 80, Gəncənin isə 40 ailəsinə yardımların çatdırılacağını qeyd edən A.Aşırlı əlavə edib ki, Gəncədə valideynlərini itirmiş körpələrə də hədiyyələr veriləcək. Bu qardaş köməyinin, yardımlaşmasının tarixi ənənələrinə diqqət yönəldən A.Aşırlı deyib ki, 1918-ci ildə Türkiyənin Şərqi-Anadolu vilayətində erməni-rus terrorundan evini, yurdunu itirən qardaşlarımıza ilk dəstəyi də Azərbaycan edib. Həmin vaxt Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən "Qardaş köməyi" günləri təşkil edilib, Qars, Ərzurum, İqdır, Otul, Kağızman bölgələrində insanlara yardımlar edilib, kimsəsiz uşaqlar Bakıya, Tiflisə, Şəkiyə yerləşdirilib.

Bu gün Ermənistanın hərbi cinayətlərinin qurbanı olan insanlara Türkiyə "Türk ocağı"nın dəstəyini qardaş köməyinin davamı olduğunu bildirən A.Aşırlı qeyd edib ki, növbəti yardım kampaniyası Bərdəyə olacaq.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldo koronavirusdan sağaldı

SONRAKI XƏBƏR

"Türkiyədə baş verən zəlzələ və ondan sonrakı afterşoklar RSXM tərəfindən qeydə alınıb"