Müzəffər ordumuz işğalçı ermənilərdən qisasımızı alır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev həm cəbhədə, həm də siyasi arenada qətiyyətlə Azərbaycan xalqının iradəsini ifadə edir.
Müzəffər Ordumuz işğalçı Ermənistanı döyüş meydanında cəzalandırır.
Azərbaycan Ordusunun müzəffər yürüşü davam edir. Ötən bir ay ərzində Füzulidən Ermənistanla dövlət sərhəddinə qədər böyük bir ərazi artıq işğaldan azad edilib. Sentyabrın 27-dən başlayan döyüş əməliyyatları Ermənistanın faşist xislətini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.
Belə ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında duruş gətirə bilməyərək geri çəkilən Ermənistan tərəfi işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hər gün yaşayış məntəqələrimizi və mülki əhalini hədəfə alaraq intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutur. Bununla da bir daha terrorçu mahiyyətini təsdiqləmiş olur.
Müharibə təkcə döyüş meydanında getmir, həm də siyasi arenada davam edir. Bu qısa zaman kəsiyində demək olar ki, hər gün Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyev müxtəlif ölkələrin mətbuat nümayəndələrinə verdiyi müsahibələrində qətiyyətli cavabları ilə Azərbaycan tarixini qızıl hərflərlə yenidən yazır.
Cənab Prezidentin 29 oktyabrda Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəsini böyük fəxarətlə izlədim. Böyük qürur hissi ilə Prezidentimiz bəyan etdi ki, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu arasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib.
Beynəlxalq təşkilatların 30 il ərzində reallaşdıra bilmədiyini Azərbaycan Ordusu 30 gün ərzində demək olar ki, həyata keçirdi. Ərazilərimizin bir qismini azad etməklə Azərbaycan danışıqlar prosesində müəyyən olunmuş baza prinsiplərindən birini təmin etdi. Belə ki, ilkin olaraq işğalçılardan azad edilməsi nəzərdə tutulan 5 rayondan 4-ü artıq Azərbaycanın nəzarəti altındadır. Bunu vurğulamaqla Prezidentimiz bir daha beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in və Minsk qrupunun bu 30 il ərzində Ermənistana heç bir siyasi sanksiya qoymadığını və danışıqların yalnız masa üzərində qaldığını, boş yerə vaxt itkisindən başqa heç bir işə yaramadığını cəsarətlə bəyan etdi.
Atəşkəsi 3 dəfə pozan Ermənistanın sentyabrın 27-də və 28-də ard-arda Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından zərbə endiriməsini bir daha bütün dünyaya bəyan edən Prezidentimiz bu müsahibəsində də bildirdi ki, Ermənistan növbəti müharibə cinayətinə imza atdı.
Bəli, Xocalı soyqırımını törədən faşist xislətli Ermənistandan bu gözlənilən idi. Cəbhədə uduzan düşmən öz heyfini əliyalın insanlardan alır. Təəccüblüsü isə odur ki, beynəlxalq təşkilatlar bunu görməzdən gəlir, dünya bu vəhşiliyə, bu cinayətə susur.
Prezidentimiz məhz bu məsələyə toxunarkən bildirdi ki, Minsk qrupu özünü doğrultmayıb. BMT-nin qəbul etdiyi qətnamələri reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Minsk qrupunun həmsədrləri BMT təhlükəsizlik şurasının 3 daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması əlbəttə ki, coxlu suallar doğurur. Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmçinin Prezidentimiz qeyd etdi ki, münaqişənini həlli regionun sürətli inkişafına səbəb olacaqdır.
Hamımızı bir daha qürurlandıraraq Prezidentimiz bəyan etmişdir ki, Dağlıq Qarabağa həyat qayıdacaqdır. İşğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturaların yaradılması da məhz buna xidmət edir.
Azərbaycanın öz tolerantlıq ənənlərinə sadiq olduğunu bildirən Prezidentimiz jurnalistin Dağlıq Qarabağ ermənilərinin sonrakı taleyi haqqında suallarını cavablandıraraq qeyd etdi ki, mehriban qonşuluq şəraitində erməni əhalisi də o torpaqlarda yaşayacaqdır.
Amma nədənsə dünya bizi ermənilərin təqdim elədiyi kimi görmək istəyir. Bu informasiya savaşında bir hüquqşünas və ehtiyatda olan zabit kimi bir daha başa düşdüm ki, bütün dünya azərbaycanlıları Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli və ön cəbhədə oluğu kimi arxa cəbhədə də erməni lobbisi ilə sözün əsl mənasında savaşmalıyıq. Haqq səsimizi hər birimiz öz sahəmizdə dünyaya çatdırmaqdan usanmamalıyıq.
Hər birimiz əminik ki, tezliklə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tarixi ədaləti tam bərpa edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Çingiz Dadaşov,
hüquqşünas,
“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyinin sədri
Mənbə: cebhe.info