"Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik, xəyanətin bir cəzası olmalıdır"

"Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik, xəyanətin bir cəzası olmalıdır"

Müsahibimiz Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlıdır.

- Qafar bəy, ermənişünas alim kimi bu gün yaşanan hadisələrin fonunda əvvəlcə çağdaş erməni ideologiyasının əsasları ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Biz bu gün həddindən çox şovinistləşmiş bir erməni toplumu ilə üz-üzəyik. Onlar reallığı, dünyanın qəbul etdiyi dəyərləri qəbul etmək qabiliyyətinə malik deyillər. Onlar hüquqi və tarixi baxımdan Azərbaycana məxsus ərazilərə iddia edərkən də məsələyə həmişə o şovinist duyğularla yanaşıblar. Artıq bu, xəstəlikdir və erməni genetikasının əsasını təşkil edir. Bu səbəbdən də onlar insanların rəngini və fiziki özəlliklərini, bir-birindən üstünlüyünü əsas götürən irqçilik fəlsəfəsini mənimsəmiş şəxslərə üstünlük verirlər. Bu gün dünyada terrorçu kimi tanınan şəxslər - başda Andranik Ozanyan olmaqla Stepan Şaumyan, Dro, Njde, Varujan Karapetyan, Monte Melkonyan, Vazgen Sarkisyan və bunu kimilər - Ermənistanda qəhrəman hesab olunurlar. Mənim bu məsələlərlə bağlı Türkiyədə "Erməni düşüncə sistemi və ideologiyası" adlı kitabım çıxıb. Orada ermənilərin ən qədim dövrlərdən indiyə qədərki düşüncə sistemini araşdırmışam. Son nəticədə erməni milli düşüncəsi terrora gəlib çıxır.

- Bəs, onlar bu ideyaları həyata keçirmək üçün hansı üsullara əl atırdılar və öz məqsədlərinə nə dərəcədə nail ola bilirdilər?

- Ötən əsrin 20-ci illərində ermənilər artıq terroru hərtərəfli mənimsəmişdilər. Terrorçubaşı Şahan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Erməni İnqilabçı Federasiyası - "Daşnaksütyun" partiyasının İrəvanda keçirdiyi IX qurultayında yeni terror aksiyalarına başlamaq haqqında qərar verilmişdi. Bu aksiyalardan birinin adı "Nemezis əməliyyatı" idi.

Bəhanə də o idi ki, guya 1915-ci ildə Osmanlı imperiyası erməniləri soyqırıma məruz qoyub, 1918-ci ildə Bakıda erməni əhalisinin qətli təşkil edilib və onların qisası alınmalıdır. Bu əməliyyatda qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Demokratik Respublikasının keçmiş rəhbərləri var idi. Əməliyyatlara Şərqi Anadolu torpaqlarında suçsuz insanlara divan tutmuş terrorçu Armen Qaronun (Garegin Basdırmaçıyan) rəhbərlik etməsi qərara alınmışdı. Qətliamçıların qərargahları kimi İstanbulda fəaliyyət göstərən "Çakatamart" ("Ön cəbhə") və Bostonda çıxan "Droşak" ("Bayraq") qəzetlərinin redaksiyaları seçilmişdi. "Nemezis"in ölüm siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Onların içərisindən 41 nəfər "əsas günahkar" elan edilmiş və öldürülmələrinə qərar verilmişdi.

Bilirsiniz ki, bundan sonra Cümhuriyyət xadimləri, Osmanlı imperiyasının nüfuzlu şəxsləri sui-qəsdlər nəticəsində öldürüldülər. Daha sonra ASALA ortaya çıxdı. Onun da insanlara yanaşması eyni idi. Türk düşmənçiliyi burada əsas idi və bunlar yenə irqçilik xəstəliyinə tutulmuşdular. Sonralar Qarabağda da eyni şeyi davam etdirdilər.

Bu terror aksiyalarına etiraz edən ermənilər də eyni aqibətlə üzləşirdilər. Onlar ya öldürülür, ya ölkədən qovulur, təqib olunurdular. Normal düşüncəli adamların irqçi ölkədə yaşamaları mümkün deyildi.

- Qafar bəy, bu günlər Qarabağda işğal altındakı torpaqlarımız uğrunda qızğın döyüşlər gedir. Gəlin söhbətimizin məcrasını bir az dəyişək. Mümkündürsə, sentyabrın 27-dən öncə Ermənistandakı vəziyyəti dəyərləndirəsiniz. Həmin günlər cəbhə bölgəsində təxribatların törədilməsi çox güman ki, Ermənistan hakimiyyətinin təkbaşına verəcəyi qərar deyildi. Niyə bu addımı atdılar, nəyə nail olmaq istəyirdilər?

- Mən həmişə demişəm, Ermənistan dövlət kimi çox perspektivsizdir, ermənilərin Cənubi Qafqazda kiminsə hesabına yaşamağı hədəfləyən bir xüsusiyyəti var. Rusiya uzun illər bu dövləti yaşatmaq üçün hər şey verdi, Gümrü şəhərində hərbi bazasının olmasından istifadə edən Ermənistan hər zaman Rusiyadan hərbi baxımdan da yararlandı. Amma sonda Ermənistan bütün digər dövlət və toplumlara etdikləri xəyanəti Rusiyaya da etdi. Rusiya üçün artıq Ermənistan elə də əhəmiyyətli bir müttəfiq deyil. Rusiya da artıq anlayıb ki, Azərbaycan hər mənada etibarlı partnyor ola bilər. Müharibədən qabaq bizim cəmiyyətdə bir Rusiya əndişəsi vardı, bir çoxları düşünürdü ki, Qarabağı azad etməyə başlasaq, Rusiya Ermənistana kömək edəcək. Mən müharibə öncəsi açıqlamalarımda da demişdim, bizim öz ərazilərimizdə antiterror əməliyyatları aparmağımıza nəinki Rusiya, heç başqa ölkələr də qarışa bilməzlər. Beynəlxalq hüquq bizə ədalətli bir savaş aparmağa imkan verəcək. Bu gün onun şahidi oluruq. Biz Ermənistan ərazisində hərbi əməliyyatlar aparmasaq, heç bir ölkə, heç bir beynəlxalq təşkilat işimizə əngəl ola bilməz. Biz əslində, BMT-nin qətnamələrini həyata keçiririk. Həmin qətnamələrdə isə Ermənistanın işğalçı ordusunun qeyd-şərtsiz bizim ərazilərimizdən çıxarılması tələb olunur. Ermənistanda bütün bunları hesablamamışdılar, onlar məsələyə hələ də 90-cı illərdəki təsəvvürlə yanaşırdılar və bunun kökündən yanlış olduğunu dərk edə bilmirdilər. Artıq dünya dəyişib və yeni düzən deyilən bir anlayış önə keçib. Küçədən hakimiyyətə gətirilmiş Paşinyan siyasi səbatsızlığı, Rusiyanın ona mənfi münasibəti, onun dar, məhdud təfəkkür tərzi, Dağlıq Qarabağ məsələsinə qeyri-diplomatik yanaşması bizim xeyrimizə işlədi. 27 sentyabrda onlar Azərbaycana hücum edərkən necə cəzalandırılacaqlarını hesablaya bilmədilər. Bir məqamı da qeyd etmək lazımdır ki, bu illər ərzində Azərbaycan da öz ərazi bütövlüyünü təmin etmək üçün ciddi hazırlıq işləri görmüşdü. 2016-cı ilin Aprel döyüşlərində də, builki Tovuz hadisələrində də bir gün bu əməliyyatların olacağının siqnalı verilmişdi.

- Paşinyan hökuməti niyə Putindən istədiyi dəstəyi ala bilmədi? Yoxsa bu bizəmi belə görünür? Rusiya Ermənistandan imtina edə bilərmi?

- Əslində, bu suala yuxarıda qismən cavab verdim. Putin ağıllı siyasətçidir. O bildirdi ki, hərbi əməliyyatlar Azərbaycanın ərazisindən kənara çıxmadığı təqdirdə bu işə qarışmayacaqlar. Ermənilər bu bəyanatı gözləmirdilər. Rusiya Ermənistana görə Türkiyəni qarşısına almaz. Artıq Türkiyə bu proseslərin içərisindədir.

- Niyə beynəlxalq təşkilatlar 30 ildir davam edən danışıqlar prosesində ortaq həll yolu tapa bilmədilər?

- Danışıqlar prosesini izləyən şəxs kimi deyim ki, ATƏT-in Minsk qrupu bu dövr ərzində məsələnin Ermənistanın xeyrinə həll edilməsinə çalışıb. Bununla bağlı bir neçə plan təklif olunmuşdu. Ən son Madrid prinsipləri idi. Orada da son nəticədə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün bir referendum keçirilməsi təklif olunurdu. Bu referendum nəticəsində Dağlıq Qarabağ de-yure də ermənilərin əlinə keçəcəkdi və torpaqlarımız tamamilə itiriləcəkdi. Son çıxışlarının birində Prezident İlham Əliyev dedi ki, artıq burada heç bir referendumdan söhbət gedə bilməz.

 

- Bizi düşündürən mövzulardan biri də hazırda Qarabağ ərazisində erməni əhalisinin yerləşdirilməsi məsələsidir. 1994-cü ildə atəşkəs imzalandıqdan və hərbi əməliyyatlar dayandıqdan sonra işğal edilmiş ərazilərə 90-lardan bu yana təqribən 35 min erməni əhalisi köçürülüb. Ərazilərimiz işğaldan azad edildikdən sonra o əhalinin vəziyyəti necə olacaq? Onlar Ermənistan hökuməti üçün siyasi qurbanlar idilərmi?

- Bilirsiniz, Dağlıq Qarabağda yaşayan əhaliyə hər zaman milli-mədəni azadlıq verilib, elə Sovet hakimiyyəti zamanlarında orada yaşayan əhalinin durumu digər Azərbaycan rayonlarında yaşayan əhalinin durumundan xeyli yaxşı idi. Nankor çıxdılar. Mən bilmirəm, bu qədər hadisələrdən sonra onlar hansı üzlə bizim torpaqlarda yaşamaq istəyəcəklər. Onlara isə danışıqlar zamanı şübhəsiz, mədəni müxtariyyət təklif olunacaq. Bu artıq dövlət başçısının dilindən də səsləndirilib. İşğal olunmuş bölgələrimizə gətirilib yerləşdirilən əhaliyə gəlincə, onlar ölkəmizi tərk etməlidirlər. Ermənilər o qədər qudurmuşdular ki, bu rayonlarımızda məskunlaşma proqramı hazırlayıb həyata keçirmişdilər. Bu qanunsuz məskunlaşma ilə bağlı mənim 2014-cü ildə "İşğal və məskunlaşdırma fitnəkarlığı" adlı kitabım çap olunub. Çox qəribədir ki, ATƏT-n bu məsələlərlə bağlı yaratdığı Faktaraşdırıcı missiyası bütün bunlara göz yumurdu. Baxın, deyirsiniz məsələ niyə həll olunmurdu? ATƏT-in Minsk qrupu ölkələrinin hər üçündə erməni diasporu güclüdür və həmin ölkələr Ermənistanın tərəfini tuturdular. İndi Türkiyənin vasitəçilik məsələsi müzakirə predmeti olmalıdır. Azərbaycan prosesdə Türkiyənin vasitəçi kimi iştirakına çalışmalıdır.

- Hazırda Ermənistandakı vəziyyəti ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycanın siyasi vəziyyətinə bənzədirlər. Siz bu haqda nə deyə bilərsiz?

- Ermənistan mənim nəzərimdə dövlət deyil. Bundan öncə də bir qrup mafiozun əlində olan quldur qaydaları ilə idarə olunub. Onu dövlət eləmək mümkün deyil. Birincisi, sən bu torpağın sahibi olmalısan. Bu torpaqlar ermənilərə aid deyil, bizimdir. Mənim rəhbərliyimlə elan olunmuş və fəaliyyəti də millətimiz tərəfindən təqdir olunan İrəvan Türk Cümhuriyyəti ermənilərə qanunsuz verilmiş bu ərazilərin varisidir. Gec-tez bu ərazilər onun əsl sahiblərinə keçəcək. Bunun mücadiləsi də nəticə verəcək. Qarabağda olduğu kimi.

 

- Müharibənin dayandırılması istiqamətində nə kimi həll yolları önə sürülə bilər?

- Mən müharibənin tam kapitulyasiyaya qədər davam etdirilməsinin tərəfdarıyam. Ermənistan məğlub olduğunu etiraf etməlidir. Bundan sonra 30 il ərzində Azərbaycan vurulan zərərlərə görə Ermənistanı təzminat ödəməyə məhkum etmək lazımdır. Ac-yalavac ölkə təzminat ödəyə bilməyəcək. Bunun yerinə biz vaxtilə qanunsuz şəkildə Ermənistana verilmiş Zəngəzuru, Dərələyəzi, Göyçəni istəməliyik. Onsuz da gələcəkdə bu torpaqlarımızı alacağıq. Onlar bu torpaqlarda yaşamaq haqqını itiriblər. Xəyanətin bir cəzası olmalıdır deyilmi?

 

 

Mənbə: moderator.az