Tərtərdə aktiv döyüş əməliyyatları gedir – rayona 55 mərmi atılıb

Tərtərdə aktiv döyüş əməliyyatları gedir – rayona 55 mərmi atılıb

Tərtər istiqamətində döyüşlər yenidən aktiv fazaya keçib. Oktyabrın 31-i səhər saatlarından başlayaraq düşmən tərəfi yenidən rayon istiqamətində atəşi davam etdirib. Gecə boyu ara-sıra eşidilən atəş səsləri hazırda daha intensiv eşidilir. Düşmən birbaşa hərbi əməliyyatların getdiyi ərazilərdən çox uzaqda yerləşən evləri, sosial obyektləri hədəf götürür.

“Yeni Müsavat”ın Reportyor Qrupu xəbər verir ki, Azərbaycan Ordusu düşmənin atəş nöqtələrini, canlı qüvvələrini zərərsizləşdirmək üçün tədbirlər görür. Oktyabrın 30-u müharibə başlayan gündən Tərtərə ən az mərmi düşən gün kimi tarixə qovuşub – cəmi 16 mərmi düşüb. Bu gün isə ötən günlə müqayisədə 3 dəfədən artıq mərmi atılıb. Rayon ərazisinə təxminən 55 mərmi düşüb.

Tərtər rayonu Dağlıq Qarabağla bilavasitə sərhəddə yerləşir. Düşmən dağlıq hissədə dəmir-beton konstruksiyalı istehkamlardan Tərtər rayonunun daha çox dinc əhalinin məskunlaşdığı ərazilərini atəş altında saxlayır. Bu baxımdan qeyd olunan istiqamətdə düşmən qüvvələrini tezliklə darmadağın etmək çətinləşib.

Ermənistan Silahlı Qüvvələri dağlıq ərazilərdəki mövqelərindən daha çox mülki əhalinin yaşadığı ərazilərə atəş açır və ağır, qadağan olunmuş mərmilərə, sursatlara üstünlük verir. Hərbi mütəxəssislər düşmənin bu addımını mülki əhali arasında daha çox qırğın törətmək istəyindən qaynaqlandığını bildirirlər. Bu cür davranışın müharibə cinayəti olduğunu qeyd edirlər. Vətən müharibəsinin 35-ci günü Tərtər rayonunda çoxsaylı evlər dağınıq durumdadır, müharibə başlayandan bu günə qədər düşmənin raket və mərmilərindən 61 nəfər rayon sakini xəsarət alıb, 17 nəfər həlak olub.

Yaralı rayon sakinlərindən 52 nəfər sağalıb, 9 nəfərin müalicəsi davam edir. Azərbaycan ordusu müharibə üçün çox qısa müddət hesab edilən bu zaman axınında düşmənin 30 illik hazırlıqlarına rəğmən, ciddi nailiyyətlər əldə edib. Ermənilərin Tərtər rayonuna atdıqları mərmi və raketlərlə mülki sakinlərə məxsus 200-dən çox ev, 58 yardımçı tikili tamamilə dağılıb, 500-dən çox evə, 52 çoxmənzilli yaşayış evinə, 18 sosial obyektə, 7 istehsal sahəsinə, 27 ticarət obyektinə, 14 inzibati binaya ziyan dəyib. Hazırda döyüşlər davam edir.

Mənbə: pia.az