Ermənistanın mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır - Aydın Quliyev

Ermənistanın mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır - Aydın Quliyev

Bakı. Samir Əli - Trend:

Sentyabrın 27-dən başlayaraq Ermənistan ordusunun Azərbaycanın dinc qəsəbə, kənd və şəhərlərində heç bir hərbi xüsusiyyəti olmayan obyektləri kütləvi qırğın silahları ilə vuraraq mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, bir sıra beynəlxalq təşkilat və rəsmi dairələrin sərt ittiham və etirazlarına baxmayaraq, Ermənistanın bu cinayətlərini davam etdirməsi onun terrorçu və faşist dövləti mahiyyətinin birbaşa təzahürü kimi ortaya çıxır: "Ermənistanın xunta təfəkkürlü və feodal düşüncəli rəhbərliyi Dağlıq Qarabağda və onun ətrafında işğal etdikləri ərazilərdən əzilərək geri oturdulduğu üçün Azərbaycanın dinc vətəndaşlarından qisas almaq əməllərinə geniş rəvac verir. Maraqlıdır ki, Gəncə, Mingəçevir, Tərtər, Ağcabədi, Bərdə və sair rayonlarımızda 100-ə yaxın mülki şəxsi, uşaq qadın və qocaları ballistik raket və top zərbələri ilə qətlə yetirən, yüzlərlə insanı yaralayan xunta liderləri ilk günlərdə bunu həyasızcasına boyunlarından atmaq üçün hər cür yalana və riyakarığa əl atsa da çox qısa zaman içində yalanlar onların öz əleyhinə çevrildi. Belə ki, Ermənistan nə qədər inkar etməyə çalışsa da, "Aministy İnternational", "Human Rigts Watch" və digər beynəlxalq qurumlar, eləcə də dövlət rəsmiləri Azərbaycan əhslisinin qadağan olunmuş kütləvi qırğın silahları ilə vurulması faktlarını yerindəcə qeydə alandan sonra Ermənistan dövlətinin yalançı və cinayətkar mahiyyəti bir daha təsdiqlənmiş oldu. Mötəbər beynəlxalq dairələrin Ermənistanın müharibə və bəşəri cinayətlərini fakt kimi qeydə alması Ermənistanı daha həyasız davranışlara sövq etdi".

Baş redaktor deyib ki, Ermənistan müdafiə nazirinin müavini Avanisyanın dünyanın gözünə qırmızı şəkildə törətdikləri cinayətləri etiraf etməsi bir daha göstərdi ki, Etmənistan üçün hüquq, əxlaq və humanitar çərçivə yoxdur: "Avanisyanın dinc Azərbaycan vətəndaşlarını vurmaq hüququna malik olduqlarını əsaslandırmağa çalışması törədilmiş insanlıq əleyhinə cinayətlərin etirafından başqa bir şey deyil. Bu fakt sübut edir ki, Etmənistan liderlərinin etnik azərbaycanlılara yalnız soyqırımı təfəkkürü ilə yanaşması dəyişməyən davranış və dövlət siyasətidir. Xatırlamaq yerinə düşər ki, hələ 1992-ci ildə Xocalıda törətdikləri dəhşətli soyqırımı barədə prezident Sarkisyan "biz dinc insanlara da belə divan tuta biləcəyimizi azərbaycanlılara sübut etdik" kimi qeyri-insani siyasət bu gün də davam etdirilir. Etmənistanda o zamandan hakimiyyətlər dəyişsə də dinc azərbaycanlıların qanına susamış siyasət hələ davam etdirilir. Əslində, indiki Ermənistan rəhbərliyi hərbi cinayətlərin inkarının heç bir nəticə vermədiyini görəndən sonra cinayətlərinə haqq qazandırmaq üçün "hüquqi arqumentlər" axtarışına baş vurdu. Ermənistanın mülki azərbaycanlılara qarşı cinayətkar siyasətinin bütün mahiyyəti bu gün artıq ifşa olunub. Dünya çox gözəl anlayır ki, Ermənistan öz xalqının diqqətini Azərbaycan ordusundan aldığı böyük zərbələrdən yayındırmaq üçün sivil azərbaycanlıları qətl edir".

Ekspert qeyd edib ki, Ermənistan rəhbərliyinin mülki azərbaycanlılara qarşı qisas və terror siyasətini gizlətmək üçün istifadə etdiyi uğursuz usullardan biri də Azərbaycanın özünü bu sayaq cinayətlərdə suçlamaq, guya Azərbaycan ordusunda ərəb, türk, pakistanlı muzdluların döyüşdükləri barədə nağıllar uydurmaqdan ibarətdir: "Ermənistan Azərbaycanı guya onun sivil insan və obyektlərini vurması barədə yalanlarda suçlamağa çalışsa da onun beynəlxalq qurumlara heç bir sübut təqdim edə bilməməsi onun dövlət siyasəti səviyyəsində yalan və şantaj taktikası apardığını bir daha ortaya qoydu. Halbuki, Ermənistanın ballistik raketlərlə onlarla dinc azərbaycanlını qətlə yetirdiyinə dair sübutlatımıza dünya təşkilatlarının mötəbər yanaşması bir fakt kimi ortadadır.

A.Quliyev bildirib ki, 80 il əvvəl faşist Hitlerin Çexoslavakiyanın Sudet vilayətində yaşayan almanların guya insan haqlarını müdafiə adı altında bu vilayəti, ardınca isə bütün Çexoslavakiyanı işğal etməsi müasir Ermənistanın Azərbaycana qarşı Qarabağ erməniləri ilə bağlı apardığı siyasətin klassık tarixi analoqu kimi nəzərdən keçirilməlidir: "Hitler Sudet almanlarının hüquqları adı altında bütün Çexoslavakiyanı işğal etdiyi kimi, müasir Ermənistan da guya Qarabağ ermənilərinin hüquqları altında Azərbaycan ərazilərini mümkün qədər işğal etmək və genosidə məruz qoymaq siyasəti aparır.

Ermənistanın siyasətinin də, liderlərinin də aqibıtlərinin hitlerçi xunta üzvləri kimi olacağına indi onların özlərindən başqa kimsə şübhə etmir.

Ermənistanın dinc azərbaycanlıları kütləvi qətlə yetirməsi son iki min ildə bəşəriyyətə qarşı ağır cinayətlər tarixində xüsusi qara hərflərlə qalacaq".

Mənbə: az.trend.az