"Düzdü, ermənilər əclafdı, amma öz əlafımızdı"- Qərb, Rusiya belə deyir..."

"Düzdü, ermənilər əclafdı, amma öz əlafımızdı"- Qərb, Rusiya belə deyir..."

“Odur ki, onları haqlı olduğumuza inandırmağa, buna vaxt itirməyimizə ehtiyac yoxdur. Azadlıq savaşımız sonacan davam etməlidir...”

“Ermənilər bu işləri, bu terrorları, bu işğalları özbaşına aparmır. Onları idarə edən, onları pul, texnika və silahla təmin edən beynəlxalq güc və ölkələr var. Həmin ölkə və güclər yaxşı bilirlər ki, Ermənistan torpaqlarımızı işğal edib. Yaxşı bilirlər ki, bu gün torpaqlarımızı işğal etmələri bir yana, üstəlik, həmin torpaqlardan və Ermənistan ərazisindən şəhər və kəndlərimizi raket atəşinə tutaraq dinc sakinləri, uşaq və qadınları qətlə yetirən ermənilərdir. Onlar ermənilərin xislətinə, onların çirkin xarakterinə bizdən də yaxşı bələddirlər. Buna görə də bəzi ölkə və beynəlxalq təşkilatların bizim haqq işimiz barədə mənfi rəyinə həddindən artıq diqqət etmək, onları haqlı olduğumuza inandırmağa çalışmağımıza, buna vaxt itirməyimizə ehtiyac yoxdur. Biz sadəcə, öz işimizi görməli, ordumuz işğalçıları torpaqlarımızdan qovmağa davam etməlidir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında 1988-1992-ci illərin Milli Azadlıq hərəkatının tanınmış simalarından olan Qarabağ qazisi, istefada olan polkovnik Arif Paşa söyləyib.

“Ermənilərin Azərbaycan Respublikasının ayrılmaz hüquqi-tarixi parçası olan Qarabağda guya “öz müqəddəratlarını təyin etmələri” barədəki “ideya” da xarici ölkələrdən idxal edilib. Yadımıza salaq ki, XX əsrin sonunda həmin ideyanın ilk konturları beynəlxalq miqyasda birinci dəfə 1987-ci ildə SSRİ başçısı Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Ağambekyan tərəfindən Parisdə, yəni xaricdə, özü də “sosial-mənəvi haqlar” şəklində səsləndirilib. Və bundan sonra ermənilər bu qondarma “ideya”nı nəinki Qarabağda, eləcə də qonşu Gürcüstan, hətta onları əsrlərlə himayə edən, onlara qondarma dövlət quran Rusiyanın öz ərazisində də qaldırmağa başladılar. Yaxşı, Axalkalakinin, Krasnodardakı Kuban ərazisinin bunların Qarabağda öz müqəddəratlarını təyin etmələrinə nə dəxli var? Ermənilər neçə ölkədə öz müqəddəratlarını təyin etməlidirlər? Deməli, bu, xaricdən idarə olunan məsələdir...

Öncə dediyim kimi, Ermənistanı, terrorçu, işğalçı erməni təşkilatlarını idarə edən Rusiya və Qərb ölkələri də ermənilərin hər cür alçaqlıqlara qadir olduqlarını gözəl bilirlər. Amma buna rəğmən onlardan öz məqsədləri üçün istifadə edirlər. Burada bir ibrətamiz siyasi olayı xatırlatmaq yerinə düşər. Müşavirləri ABŞ prezidentlərindən birinə öz xalqına və qonşu ölkələrə qarşı müxtəlif haqsızlıqlar, cinayətlər törədən bir Afrika ölkəsi lideri haqda tez-tez deyirlər ki, o, əclafın biridir. Növbəti dəfə eyni fikri eşidən amerikan prezident belə deyir: “Düzdü, o, əclafdı, amma öz əclafımızdı. Bunu unutmayın...” Dünən də bu gün də Qərb də, ABŞ da, Fransa da, Rusiya da, onların təsiri altında olan beynəlxalq təşkilatlar da ermənilərə məhz bu prizmadan yanaşmaqdadır. Bizim ermənilərin, ən azı, son terror aktlarına görə durdurulması, cəzalandırılması, Azərbaycanın haqlı azadlıq savaşına ədalətli münasibət bildirilməsi tələblərimizi eşidəndə isə ürəklərində deyirlər: “Biz də bilirik. Düzdü, ermənilər əclafdı, terrorçudur, amma bizim öz əclafımızdır, öz terrorçumuzdur...” Nə yazıqlar ki, bu, bir acı gerçəklikdir. Odur ki, biz öz gücümüz, qardaş və dostlarımızın dəstəyi hesabına haqq işimizi – torpaqlarımız uğrunda azadlıq savaşımızı sonacan davam etdirməliyik” - deyə Arif Paşa fikirlərini tamamlayıb.

Sultan Laçın

Mənbə: moderator.az