Böyük qayıdışın əsası qoyuldu

Böyük qayıdışın əsası qoyuldu

Xüsusi idarəetmə formasının yaradılmasında məqsəd məcburi köçkünlərin doğma yurdlarına qayıdışına hazırlıq işlərini həyata keçirməkdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızda xüsusi idarəetmənin təşkili haqqında fərman imzaladı. Fərmana əsasən xüsusi idarəetməni həyata keçirəcək müvəqqəti komendantlıqlar yaradılacaq. Komendantlıqların tərkibində hansı dövlət qurumları nümayəndələrinin olacağı, onların üzərinə düşən vəzifələr də göstərilir.

 

Prezident fərmanının əhəmiyyəti barədə “Şərq”ə danışan ADP sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, xüsusi idarəetmə formasının yaradılmasında məqsəd məcburi köçkünlərin doğma yurdlarına qayıdışına hazırlıq işlərini həyata keçirməkdir:

- Fərman köçkünlərin yurd yerlərinə qayıdışına hazırlıq və ərazilərin yaşayış üçün yararlı hala gətirilməsi məqsədi daşıyır. İşğaldan azad edilmiş ərazilərin yaşayış üçün mümkün vəziyyətə gətirilməsi, dağıdılmış infrastrukturun, kommunikasiya xətlərinin bərpası, əhalinin təhlükəsizliyinin təminatı üçün vacib işlər icra edilməlidir.

Bunun üçün də xüsusi idarəetmə forması tətbiq edilir. İşğaldan azad olunmuş torpaqlarımızda yaşayış üçün normal şərait yaradılmalıdır. Bir xəstəxana tikilməlidir, rabitə, nəqliyyat xidməti təmin edilməlidir, ərazilər minalardan təmizlənməlidir, əhalinin çalışa bilməsi üçün heç olmasa minimal şərtlər mövcud olmalıdır.

Fikir verəndə görürük ki, fərmanda bütün bu işləri həyata keçirəcək strukturların adı qeyd olunub. Sosial şəraitdən başlamış təhlükəsizlik məsələlərinədək hər bir detal nəzərə alınıb. İşğaldan azad edilmiş ərazilərimiz yaşayış üçün normal hala gətirilməlidir, sonra əhalinin köçürülməsi həyata keçirilməlidir. Biz bu vəziyyəti paytaxtda, paytaxt ətrafı qəsəbələrdə məcburi köçkünlər üçün salınan yaşayış massivlərinin tikintisi zamanı gördük.

Məktəb, bağça, sosial həyatda insana gərək olan infrastruktur normal vəziyyətə gətirildikdən sonra köçkünlər yeni mənzillərə köçürülürdü. Əlbəttə, maksimum şəraitdən yox, yaşayış üçün lazım olam minimal şəraitdən söhbət gedir. Zaman keçdikcə, əlbəttə, ərazilərdə infrastruktur daha da güclənəcək, iri layihələr icra edilməyə başlanacaq.

 

Yaşayış səviyyəsi getdikcə yüksələcək. Əsas məsələ yurd yerlərinə qayıdanların təhlükəsizliyidir. Ermənilər cəbhə bölgəsindən kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrini raket zərbələrinə məruz qoyur. İşğaldan azad edilmiş ərazilərin bir müddət hədəf altında olacağı istisna edilməməlidir və bu mənada həmin ərazilərdə müdafiə məsələlərinə maksimum diqqət edilməli və lazımi işlər görülməlidir.

Həmçinin asayişin bərpası da vacibdir. Çünki təxribat xarakterli hərəkətlər ola bilər. Bu kimi halların qarşısının alınması üçün bir müddət həmin ərazilərdə hərbiləşdirilmiş idarəetmə olmalıdır.

Fərmanın siyasi və mənəvi mahiyyətinə toxunan S.Cəlaloğlu bildirdi ki, bu fərmanla “işğal olunmuş ərazilər” ifadəsi dilimizdən çıxır artıq:

- Bu fərman o deməkdir ki, 28 il erməni işğalında qalmış torpaqlar artıq azaddır və Azərbaycanın ayrılmaz parçasıdır. Bu fərmanla “işğal olunmuş ərazilər” ifadəsi gündəmdən də çıxır, dilimizdən də. Fərman işğalın sona yetdiyini təsdiqləyir. Və təbii ki, xalqımıza həm də mənəvi güc verir.

Mənbə: sherg.az