Trampın müşaviri ermənilərlə görüşdə Türkiyənin Qarabağa Suriya terrorçuları göndərdiyi barədə qərəzli bəyanat verdi - Qarabağda Skandinaviya sülhməramlıları?

Trampın müşaviri ermənilərlə görüşdə Türkiyənin Qarabağa Suriya terrorçuları göndərdiyi barədə qərəzli bəyanat verdi - Qarabağda Skandinaviya sülhməramlıları?

Ramil Hüseynov: “...erməni lobbisinin səsini almaqdan ötrü belə əsassız fikirlərlə çıxış edir”

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brien Amerikanın erməni icmasının nümayəndələri ilə görüşüb. Sözügedən görüşdə müşavir bir sıra məsələlərə toxunub.

O iddia edib ki, Türkiyə Qarabağa Suriya terrorçularının göndərilməsini təşkil edir. Robert O’Brien deyib ki, Türkiyənin Qarabağa terrorçu göndərməsinə dair onların əlində faktlar var.

Bununla yanaşı, O’Brien qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında Skandinaviya ölkələrindən olan sülhməramlıların yerləşdirilməsini təklif edir. Müşavir bunu belə əsaslandırıb: “Atəşkəsə dair üç razılaşmaya əməl olunmayıb. Təəssüf ki, bu münaqişəyə çoxmillətli sülhməramlı qüvvələri və ya müşahidəçiləri cəlb etmədən uzunmüddətli atəşkəs rejiminə nail olunacağını təsəvvür etmək çətindir. Əlbəttə, istənilən sülhməramlı missiyaya Minsk Qrupu ölkələri, o cümlədən, ABŞ da daxil bu qrupun həmsədri olan ölkələr, habelə qonşu ölkələr daxil edilməməlidir. Türkiyənin istənilən vasitəçilik və ya sülhməramlı rolu istər ABŞ, istərsə də Ermənistan üçün məqbul deyil. Biz hesab edirik ki, hər iki tərəf Skandinaviya sülhməramlıları ideyasını qəbul etməlidir. Biz regionda atəşkəs rejiminin saxlanması üçün sülhməramlı qüvvələrin təşkili məqsədilə Skandinaviya ölkələri ilə işləyirik. Çox mürəkkəb vəziyyətdir və tərəflərin müxtəlif müttəfiqləri var və buna görə də burada neytral müşahidəçilərin olması zəruridir. Məhz bu səbəbdən də biz hesab edirik ki, Danimarka, İsveç, Finlandiya və Norveçdən olan sülhməramlılar hər iki tərəfin tələblərinə cavab verərdi. Bu ölkələrin çox hazırlıqlı əsgərləri var”.

Göründüyü kimi, müşavir reallığa uyğun olmayan fikirlər səsləndirib. Xüsusən də onun guya Türkiyənin Qarabağa terrorçu göndərməsi barədə dediyi fikirlər tamamilə əsassızdır. Bütövlükdə, onun toxunduğu məqamları ekspertlər necə dəyərləndirirlər?

“Sülhməramlılar məsələsinə gəldikdə isə, indi bu barədə danışmaq tezdir”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, müşavirin Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər tamamilə qərəzlidir: “Robert O’Brienin indiki məqamda erməni icmasi ilə görüş zamanı belə qərəzli fikirlərlə çıxış etmsi təsadüfi deyil. Məsələ ondadır ki, o, seçki ilə əlaqədar erməni lobbisinin səsini almaqdan ötrü belə əsassız fikirlərlə çıxış edir. Ancaq O’Brien nə qədər çalışsa da, erməni icması Trampa deyil, Co Baydenə stavka edir. Təəssüflər olsun ki, döyüş əməliyyatları başlayandan sonra əvvəl Fransa ilə Rusiya, indi də ABŞ belə əsası olmayan fikirlərlə çıxış edirlər. Ancaq indiyə qədər bir dənə fakt ortaya qoyulmayıb. ABŞ rəsmisinin NATO-da Türkiyə kimi vacib müttəfiqinə qarşı bu cür qərəzli açıqlamalarla çıxış etməsinin heç bir əsası yoxdur. Sülhməramlılar məsələsinə gəldikdə isə, indi bu barədə danışmaq tezdir. Ən azından ona görə ki, hərbi əməliyyatların aktiv fazası hələ bitməyib. Üstəlik, Ermənistan öz təcavüzkarlıq niyyətindən əl çəkmək istəmir. Ən başlıcası, işğalçı ölkəyə heç bir təzyiq yoxdur. Belə olan halda, sülhməramlılardan danışmaq hələ tezdir. Sülhməramlılar olarsa, Azərbaycan üçün ən məqbul variant onların tərkibində Türkiyə qüvvələrinin olmasıdır. Türkiyə olmazsa, o zaman tamamilə tərəfsiz ölkələr bu prosesdə iştirak etməlidirlər. Ancaq bəlkə elə oldu ki, Qarabağa sülhməramlı yerləşdirməyə heç ehtiyac olmadı”.

Siyasi ekspertin fikrincə, sözügedən məsələdə əsas söz sahibu Azərbaycan olmalıdır.

 

Mənbə: www.baki-xeber.com