Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın mülki obyektləri və əhalisini qəsdlə vurduğunu rəsmi etiraf etdi

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın mülki obyektləri və əhalisini qəsdlə vurduğunu rəsmi etiraf etdi

İbrahim Rüstəmli: “Bununla rəsmən Ermənistan etiraf etdi ki, mülki obyektləri vurur”

“Qarabağ müdafiə ordusu”nun Azərbaycan şəhərlərinə zərbə vurmaq haqqı var! Dünyada kimsə Azərbaycanın “Artsax”a etdiyi bütün təcavüzdən sonra bizim (?) atəş açmağa haqqımız olmadığını düşünürsə, gələcəkdə də belə düşünməyə davam etsin”. Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan bəyan edib.

A.Hovhannisyan bunu bəyan etməklə Ermənistan ordusunun mülki insanları hədəfə almasını rəsmən etiraf etmiş oldu. Bunun başqa adı yoxdur. Çünki zaman-zaman Ermənistan tərəfi və separatçı qurumun təmsilçiləri mülki insanların hədəfə alınmasını inkar edirdilərsə, Hovhannisyanın bu açıqlamasından sonra mənzərə tamam dəyişdi.

“Qarşı tərəf buna görə beynəlxalq məhkəmə qarşısında cavab verəcək”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, bununla Ermənistan mülki obyektlərin vurulmasını rəsmən etiraf etdi: “Bununla rəsmən Ermənistan etiraf etdi ki, mülki obyektləri vurur. Bu bir. İkincisi, Hovhannisyan açıqlamasında “Artsax ordusu” ifadəsini işlətməklə məsuliyyət yükünün separatçı qurumun üzərinə düşdüyünü zənn edir. Ancaq onun bu yanaşması əsla Ermənistanı bundan xilas edə bilməz. Çünki separatçı qurum heç bir dövlət tərəfindən tanınmayıb. O cümlədən, Ermənistanın özü tərəfindən. Bununla belə, hamı yaxşı blir ki, Azərbaycan ərazisini işğal edən və müqavimət göstərən Ermənistan ordusudur. Ona görə də Hovhannisyanın “Artsax ordusu”nun Azərbaycan şəhərlərinə zərbə vurmaq haqqı var” deməsi Ermənistanı məsuliyyətdən xilas etmir. Bütün hallarda, Ermənistanın mülki obyektləri hədəfə alması cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Ermənistan buna görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində mübarizə aparır. Bu haqqı bizə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və sözügedən təşkilatın nizamnaməsinin 51-ci maddəsi verir. Sözügedən maddə Azərbaycana özünümüdafiə haqqı və hüququ verir. Azərbaycan ona verilən hüquqdan istifadə edərək BMT qətnamələrinin icrası ilə məşğuldur. Bu sahədə də ciddi irəliləyişlər var. Azərbaycanın ərazi bütövlüyü dünya tərəfindən tanınır”.

Hərbi ekspertin fikrincə, Ermənistan mülki insanları hədəfə aldığına görə beynəlxalq məhkəmədə cavab verəcək.

 

Mənbə: www.baki-xeber.com