Azərbaycanın Ermənistanın müharibə cinayətləri barədə açdığı cinayət işləri beynəlxalq məhkəmə perspektivini yaxınlaşdırır...

Azərbaycanın Ermənistanın müharibə cinayətləri barədə açdığı cinayət işləri beynəlxalq məhkəmə perspektivini yaxınlaşdırır...

Samir Adıgözəlli: “Müharibə bitdikdən sonra Azərbaycan Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq hüquq platformalarında öz mübarizəsini davam etdirəcək”

Terrorçu Ermənistanın Azərbaycanın mülki əhalisini hədəfə alması, dinc insanlarımıza qarşı qadağan olunmuş kütləvi qırğın silahlarından istifadə etməsi faktları artıq beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib.

Sentyabrın 27-dən bəri Azərbaycanın cəbhədən uzaqda yerləşən şəhər və rayonları Ermənistan tərəfindən tez-tez atəşə tutulur, bunun nəticəsində də saysız insan tələfatı baş verir, sivillər ölür və yaralanır, mülki obyektlər, yaşayış binaları dağılır.

Azərbaycanda olan diplomatik korpus nümayəndələri ilə birlikdə Tərtər şəhərinə səfər edən Baş prokuror Kamran Əliyev mətbuata bildirib ki, Ermənistanın törətdiyi cinayətlərə görə sentyabrın 27-dən bu günə qədər 45 cinayət işi başladılıb.

Baş prokurorun sözlərinə görə, hər bir faktla bağlı prokurorluq əməkdaşları işlər aparır. Bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır: “Bir daha sizi əmin etmək istəyirəm ki, tarixdə həmişə belə cinayətləri törədənlər cəzasını alıb. Ermənistan hərbi-siyasi rəhbərliyi də tezliklə cəzasını alacaq”.

Ekspertlərin fikrincə, ölkəmizdə Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı açılan cinayət işləri bizə imkan verir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasına nail olaq. Onlar qeyd edirlər ki, rəsmi səviyyədə Ermənistanın cinayətlərinin beynəlxalq hərbi tribunala çıxarılmasına ciddi hazırlıq gedir. Ekspertlərin sözlərinə görə, Azərbaycanda Ermənistanın cinayətləri ilə bağlı açılan cinayət işlərinin bütün materialları beynəlxalq məhkəməyə göndərilməli və düşmən ölkənin caniləri cəzalarını almalıdırlar.

“Bu bizə imkan verəcək ki, terrorçu Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq tribunal yaradılmasına nail olaq”

Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli baki-xeber.com-a bildirdi ki, Azərbaycan tərəfindən Ermənistanın cinayətləri ilə bağlı 45 cinayət işinin açılması bu cinayətlərin beynəlxalq platformalarda lazımi qiymət almasına imkanlar açır. S.Adıgözəlli hesab edir ki, bu həm də Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına, dövlətinə qarşı törətdiyi cinayətlərin hüquqi cəhətdən qiymətləndirilməsi üçün beynəlxalq hərbi tribunalın yaradılmasına imkan verəcək: “Sentyabrın 27-dən bəri Azərbaycanda Ermənistanın bizə qarşı törətdiyi cinayətlərin araşdırılması, ona hüquqi qiymət verilməsi üçün 45 cinayət işi başlanıb. Bu bizə imkan verəcək ki, terrorçu Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq tribunal yaradılmasına nail olaq. Tribunalın yaradılması vacibdir, bu mütləq baş verəcək. Faktiki olaraq, Ermənistanın Gəncəyə, Bərdəyə, Tərtərə və başqa şəhərlərimizə atdığı kütləvi qırğın raketləri neçə-neçə dinc azərbaycanlının həyatına son qoyub. Ölən və yaralananlar arasında uşaqlar da az deyil. Bu da Ermənistanın hərbi-siyasi rəhbərliyinin bəşəriyyət əleyhinə törətdiyi saysız cinayətlərdəndir. Azərbaycan dövləti Ermənistanın dinc əhalimizə qarşı törətdiyi qanlı terror cinayətləri barədə artıq beynəlxalq müvafiq təşkilatlara məlumatlar verib, bu cinayətləri təsdiqləyən rəsmi sənədləri həmin təşkilatlara göndərib. Bütün bu məsələlərlə bağlı Azərbaycanın müraciəti əsasında Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsində proses başlayıb. Hərb meydanında da, diplomatik sahədə də Ermənistan darmadağındır, ardıcıl olaraq uğursuzluqlara məruz qalıb. Müharibə bitdikdən sonra Azərbaycan Ermənistanın törətdiyi cinayətlərlə bağlı beynəlxalq hüquq platformalarında öz mübarizəsini davam etdirəcək. Bütün bu cinayətlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi cavab verməli olacaq. Çünki artıq düşmən ölkənin törətdiyi bütün cinayətlər müəyyən edilib, faktlar sənədləşdirilib və bununla bağlı cinayət işi başlayıb” - deyə S.Adıgözəlli qeyd etdi.

 

Mənbə: www.baki-xeber.com