"Biz Türkiyə olaraq Ermənistanın beynəlxalq hüquq qarşısında cavab verməsini tələb edəcəyik"

"Məclisin İnsan hüquqları Komitəsinin sədri Hakan Çavuşoğlunun başçılığı yaradılan alt komissiya üzvlərinin Azərbaycana səfəri gözlənilir"

Türkiyə Böyük Millət Məclisinin üzvü, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun Türkiyə tərəfdən rəhbəri Şamil Ayrımın Moderator.az-a müsahibəsini təqdim edirik:

- Şamil bəy, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla birlikdə yaxın günlərdə Azərbaycana səfəriniz oldu. Səfər çərçivəsində Prezidentimiz İlham Əliyevlə də görüşdünüz. Görüşdən hansı təəssüratlarla ayrıldınız?

- Bilirsiniz ki, bizim Türkiyə seçkilərindən sonra Cumurbaşkanımız və Məclis başkanımız ilk səfərlərini məhz Azərbaycana edirlər. Azərbaycanda da belə olur. İlk seçilən Prezident və Məclis sədri ilk ziyarətini məhz Türkiyəyə edir. Bu səfərin də iki məqsədi vardı: Birincisi o idi ki, Azərbaycan öz Milli Müstəqillik gününü qeyd edirdi. İkinci isə o idi ki, Azərbaycan bu gün öz haqqı olan torpaqlarını geri almaq uğrunda vuruşur. Hər ötən gündə də çox gözəl nəticələr əldə edir. İlk öncə prezident Əliyevlə görüşdük. Hörmətli Prezidentimiz Ərdoğan bəyin salamlarını ona çatdırdıq. Mustafa Şəntop cənab Əliyevlə görüşdə dedi ki, biz bu gün Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik. Vicdanı, qüruru və şərəfi olan hər bir dövlət də məhz bu gün bizim etdiyimizi etməlidir.

- Türkiyə Böyük Millət Məclisinin Sədri daha sonra Azərbaycanın Milli Məclisinin Sədri ilə görüşdü. Sirr deyilsə, bu görüşdə hansı məsələlər müzakirə olundu?

- Bu görüşlərdə əsas müzakirələrimiz məhz Dağlıq Qarabağ və Azərbaycanın ərazi bütövlüyü oldu. Daha sonra isə bəzi məsələlərdə Azərbaycan və Türkiyə Parlamentinin nümayəndələrinin daha sıx görüşməli və əhəmiyyətli məsələlərdə birgə qəraralar qəbul etməli olduğunu müzakirə etdik.

- Terrora məruz qalan Gəncədən hansı təəssüratlarla qayıtdınız?

- Gəncə səfərimizi son günlərdə planladıq. Çünkü Azərbaycana gələrkən belə bir planımız yox idi. Ora getməkdə məqsədimiz erməni terroru nəticəsində baş verənləri öz gözlərimizlə görmək və həlak olanların ailələrinə baş sağlığı vermək idi. Oraya gedən hər kəs oradakı terror nəticəsində yaranan mənzərəni daha yaxından öz gözləri ilə görmüş olur. Gəncədə çox acı bir mənzərə ilə qarşılaşdıq. Yaxınları ölən yaşlı bir qadının söylədikləri məni çox təsirləndirdi. O, dedi ki, buralar bizim torpağımızdır. Mən övladımı və nəvələrimi bu terrorda itirdim. Məclis sədrimiz söyləyəndə ki, biz Türkiyə Böyük Millət Məclisi nümayəndələriyik. O qadın söylədi ki, Türk Xalqına qurban olum. Bu söz bizi çox təsirləndirdi. Biz ona Anadolu və Azərbaycan qadını və anamız olaraq buradan sizin vasitənizlə bir daha təşəkkür edirik. Ermənistan tərəfindən bombalar atılmasına rəğmən Gəncədə yaşayan Azərbaycan türkləri heç nədən qorxmurlar və bu bizi çox sevindirir. Gəncədəki ruh yüksəkliyi bu gün Azərbaycanın hər yerində var.

- Türkiyə Böyük Millət Məclisi Gəncə terroru ilə bağlı hər hansı bir qərar alıbmı?

- Hələ ki, belə bir qərar yoxdur. Mən şəxsən bu mövzuda Parlamentdə çıxış etdim. Məclisin İnsan hüquqları Komitəsinin sədri Hakan Çavuşoğlunun başçılığı ilə bu mövzuda alt komissiya yaradıblar. Yaxın zamanlarda komisiyanın Gəncəyə səfəri gözlənilir. Ordakı ölənlərin ailələri və Baş Prokurorluğun nümayəndələri ilə görüşüb parlamentimizdə qərarlar çıxartdıqdan sonra təbii ki, bu qərarlar Türkiyə tərəfindən beynəlxalq ictimayyətə və beynəlxalq təşkilatlara göndəriləcək.

- Yəni artıq Məclisinizdə bununla bağlı müzakirələr başlayıb?

- Əlbəttə ki, başlayıb və bunu bizim insan haqları komitəmiz təsdiq etməlidir. Daha sonra isə Beynəlxalq İnsan Hakları Üzrə Avropa Məhkəməsinə göndəriləcək. Təbii ki, biz Türkiyə olaraq Gəncədə və Bərdədə ölən günahsız insanların ölümü üçün Ermənistan hərbi-siyasi rəhbərliyindən Beynəlxalq Hüquq qarşısında cavab vermələrini tələb edəcəyik.

- Gəncənin ardından Bərdə terroru da ermənilərin faşist mahiyyətini bir daha ortaya qoydu. Ümumiyyətlə, Azərbaycana qarşı erməni terroru ilə bağlı beynəlxalq hüquqdan gözləntiləriniz nədir?

- Çox təəssüflər olsun ki, yaxın keçmişdə Ermənistan tərəfindən Azərbaycan türklərinə qarşı 1992-ci il 26 Fevralda baş veən Xocalı Soyqrımı günahkarlarının cəzalandırılması ilə bağlı beynəlxalq hüquq indiyədək heç nə etməyib. Biz Türkiyə Parlamentinin üzvləri olaraq bütün cinayətkarların beynəlxalq hüquq tərəfindən cinayətə cəlb olunmasının tərəfdarıyıq və bu günlərdə baş verən Gəncə və Bərdə terrorunun dünya tərəfindən tanınması üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

“Müharibənin prinsipial mərhələsi Şuşanın azad edilməsi ilə bitəcək” - PROQNOZ!

SONRAKI XƏBƏR

Bizim əsgər: Cəbrayıl, Denis, Şahmar, Nicat... - “Onların şücaətindən çox təsirlənmişəm”