QARABAĞ MÜHARİBƏSİ VETERANI BAŞ PROKURORA MÜRACİƏT ETDİ - “Aldadılmışam və hüquqlarımın bərpa olunmasını xahiş edirəm”

QARABAĞ MÜHARİBƏSİ VETERANI BAŞ PROKURORA MÜRACİƏT ETDİ - “Aldadılmışam və hüquqlarımın bərpa olunmasını xahiş edirəm”

“Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün diqqətini Qarabağda Azərbaycan torpaqlarını işğaldan azad etməyə yönəltdiyi indiki zamanda onun vaxtını şəxsi problemlərimizlə almaq doğru olmadığından, təkrarən Sizlərə müraciət edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə yazdığım ərizəyə cavab verilmədiyinə görə, yenidən Sizə müraciət etmək məcburiyyətində qaldım. Xahiş edirəm ki, həmin İdarəyə ərizəmə qanuni şəkildə baxılıb, tezliklə cavab verilməsini tapşırasınız”.

Bu fikirlər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cavadxan küçəsi, keçid 4, ev 6 ünvanında yaşayan Quliyev Tahir Mürşüd oğlu tərəfindən Baş Prokuror cənab Kamran Əliyevə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarənin rəisi Heydər Məmmədova ünvanlanmış şikayət məktubunda əks olunub.

Qeyd edək ki, Tahir Quliyev Qarabağ müharibəsi veteranıdır, uzun müddət Polis orqanlarında müxtəlif vəzifələrdə xidmət edib, orden və medallarla təltif olunub.

Şikayət məktubunda T.Quliyev şəriki tərəfindən necə aldadıldığı haqda məlumat verib: “2018-ci ildə təqaüdə çıxaraq sahibkarlıqla məşğul olmağa başlamışam. 2019-cu ilin yanvar ayında Qurbanov Asəf Səməd oğlu adlı şəxslə tanış olmuşam. O mənə təsisçisi olduğu “İsgəndər ASA Holdinq Qrupu” MMC-də birlikdə fəliyyət göstərməyi təklif etdi.

Onunla razılaşaraq həmin MMC-nin 25 %-ni alqı-satqı yolu ilə əldə etmişəm. Qalan 75%-i isə Asəf Qurbanovda qalıb.

Bundan sonra Asəf Qurbanovun xahişi ilə borc müqaviləsi əsasında öz şəxsi vəsaitimdən onun şəxsən özünə və şirkətə ayrı-ayrılıqda pul vermişəm.

Şirkətin adından xarici ölkədən Respublikaya idxal etdiyi nərə balığı, kürü və sair məhsullardan əldə etdiyi qazancdan mənim dividentimi verəcəkdi.

Ona inanaraq Bakı şəhəri 12 saylı Notariat Kontorunda 04 dekabr 2018-ci il tarixdə Borc müqaviləsi bağlayıb 5 ay müddətində qaytarmaq şərti ilə A.Qurbanova 204000 manat (120000 ABŞ dolları ekvivalentində) borc pul vermişəm.

Bundan əlavə MMC-nin fəaliyyət göstərməyi üçün vəsait ödəmişəm ki, gələcəkdə lazımi divident əldə edək.

Lakin, A.Qurbanov MMC-yə qoyulan vəsaiti mənimsəyərək, əldə etdiyi mənfəətlə bağlı mənə heç bir məlumat vermədi. Həmçinin A.Qurbanova notariat qaydasında verdiyim borcu belə qaytarmadı. Verdiyim pulları tələb etməyə başladıqda müəyyən bəhanələrlə məni aldatmağa başladı.

Belə olduqda mən, A.Qurbanova qarşı 2019-cu ilin dekabr ayında Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə borcun qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etdim.

Lakin A.Qurbanovun yanlış məlumatlarına inanaraq şikayətim uzun müddət baxılmamış saxlanıldı. Lakin sonda Məhkəmənin 31.08.2020-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) tələbim əlavə faizlərlə birlikdə tam təmin edildi”.

Tahir Quliyevin sözlərinə görə, A.Qurbanov pulu qaytarmamaq üçün bu dəfə müxtəlif yollarə əl atıb: “A.Qurbanov pulu qaytarmamaq məqsədilə həmin qətnamədən əsassız apellyasiya şikayəti vermiş və işə hakim Qürbət Əsgərovun sədrliyi ilə 10.11.2020-ci il tarixdə baxılacaqdır.

Mənimlə A.Qurbanov arasında yaranan mübahisə mülki mübahisə olduğundan mülki qaydada Məhkəmədə araşdırılır.

Ancaq A.Qurbanov özünü sığortalamaq üçün 2020-ci ilin yanvar ayında bu işlərə aidiyyatı olmayan Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə ərizə verdi. İdarənin müstəntiqi də mənim ifadəmi alarkən lazımi sənədləri təqdim edəndən sonra işin icraatını dayandırdı”.

Tahir Quliyev yazır ki, heç bir günahı olmadığı halda, Asəf Qurbanovun saxta iddiaları ilə onun ölkədən çıxışına da qadağa qoyulub: “Göstərilənlərə baxmayaraq 15.10.2020-ci il tarixdə həyat yoldaşımın xəsəliyi ilə əlaqədar təcili olaraq onu Türkiyə Cümhüriyyətinə apararkən Hava Limanında mənim ölkədən çıxışıma qadağa qoyulduğu bildirildi. Məlum oldu ki, çıxışa qadağanı A.Qurbanovun şikayəti əsasında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin müstəntiqinin başladığı cinayət işi ilə əlaqədar qoyulub.

Göstərilən müddət ərzində lazımi araşdırma aparmadan çıxışıma qadağa qoyulması qanunsuzdur. Hazırda çıxışıma qoyulan qadağanın götürülməsi üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmişəm. İş icraata götürülüb. Bir daha qeyd edim ki, bu işmilki işdir. Mülki icraatda olan bir işlə bağlı başqa qərarlaın veilməsi doğru deyil.”.

Tahir Quliyev sonda qarşılaşdığı bütün bu qanunsuzluqlarla bağlı tədbir görülməsini tələb edir: “Göründüyü kimi mən hüquqlarımı müəyyən olunmuş qanunlar çərçivəsində həll etdiyimdən və A.Qurbanov məhkəmələrə təsir edə bilmədiyinə görə başqa yol tutub. Bu cür yollarla mənə təsir etməyə çalışır.

Heç bir inzibati xəta belə törətmədiyim halda mənə qarşı qanunsuz hərəkətlərin səbəbi araşdırılmalıdır. A.Qurbanov və eləcə də onu müdafiə edən şəxslər barədə tədbir görülməsini xahiş edirəm.

Sizdən xahiş edirəm ki, hüquqlarımın bərpa olunmasını təmin etmək üçün müvafiq qurumlara və vəzifəli şəxslərə göstəriş verəsiniz”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Rasim

AzPolitika.info

Mənbə: azpolitika.info