Moldova saytı Milli Məclis Sədrinin müavini Adil Əliyevin Ermənistanın müharibə cinayətlərinə dair müsahibəsini yayıb

Moldova saytı Milli Məclis Sədrinin müavini Adil Əliyevin Ermənistanın müharibə cinayətlərinə dair müsahibəsini yayıb

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhərlərini raket atəşinə tutması nəticəsində 90-dan çox mülki şəxs həlak olub, 400-dən artıq dinc sakin xəsarət alıb. Eyni zamanda, 2700-dən çox mülki obyektə və evə ciddi ziyan dəyib.

TV24 xəbər verir ki, bu barədə Kişineuda səfərdə olan MDB Parlament Assambleyasının müşahidəçilər qrupunun rəhbəri, Milli Məclis Sədrinin müavini Adil Əliyev Moldovanın nüfuzlu “NOİ.md” informasiya portalına müsahibəsində bildirib.

Adil Əliyev qeyd edib ki, Ermənistanın oktyabrın 28-də Bərdə şəhərinə kasetli raket hücumu nəticəsində 30-a yaxın mülki şəxs həlak olub. Onlardan 11-i uşaqdır və ən kiçiyinin 2 yaşı var idi. Eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsinin bir könüllüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşı da həyatını itirib.

Milli Məclis Sədrinin müavini qeyd edib ki, oktyabrın 11-i və 17-də Gəncə şəhərinə kasetli raket hücumu nəticəsində onlarca insan həlak olub. Onların əksəriyyəti uşaq, qadın və qocalar idi. Həlak olanların arasında Rusiya vətəndaşı olan 13 yaşlı oğlan da var idi. Özü də bu raket hücumları gecə, sakinlər yatan zaman həyata keçirilib.

“Biz dərhal dinc sakinlərə raket hücumunu pislədik. Cəbhə bölgəsindən uzaq olan yaşayış məntəqələrinə gecə saatlarında edilən raket hücumu beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Beynəlxalq birlik Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı hücumuna göz yummamalıdır”, - deyə A.Əliyev vurğulayıb.

Bildirilib ki, Ermənistan Azərbaycan Ordusunun döyüş meydanında uğurlarını həzm edə bilmədiyindən, mülki insanlara qarşı zorakılıq tətbiq edir.

“Ermənistan döyüş meydanında məğlub olur, Azərbaycan Ordusu hər gün yeni qəsəbə, kənd və yaşayış məntəqəsini işğalçılardan azad edir. Ermənistan, həmçinin Azərbaycan şəhərlərini raket hücumuna məruz qoymaqla ölkəmizi təxribata çəkmək istəyir. Düşünür ki, Azərbaycan tərəfi də buna cavab olaraq Ermənistan şəhərlərini raket atəşinə tutacaq. Bununla da üçüncü tərəfi münaqişəyə cəlb etmək istəyirlər. Ancaq onların bu hiyləsi baş tutmayacaq. Azərbaycan Prezidenti dediyi kimi, biz dinc erməni xalqına toxunmayacağıq, yalnız döyüş meydanında düşmənə cavab veririk. Azərbaycan Ermənistan kimi qadağan olunmuş silahlardan da istifadə etmir”, - deyən Milli Məclis Sədrinin müavini ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyətsizliyindən danışıb, Ermənistanın müharibə cinayətləri fonunda Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına və digər məsələlərə toxunub.

Qeyd edək ki, A.Əliyevin rumın və rus dillərində yayımlanan bu müsahibəsi Moldovanın digər nüfuzlu saytlarında da dərc edilib.

Mənbə: kanal24.az