Qubanın icra başçısı yerli əhaliyə və rayonun qonaqlarına COVID-19-la bağlı müraciət edib

Qubanın icra başçısı yerli əhaliyə və rayonun qonaqlarına COVID-19-la bağlı müraciət edib

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev: "Quba tezliklə COVID-19 virusundan qurtarıb qələbəni qeyd etmək arzusundadır".

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr - Sputnik. Quba tezliklə COVID-19 virusundan qurtarıb qələbəni qeyd etmək arzusundadır. Bu sözləri Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Sputnik Azərbaycan-a rayonda koronavirusla mübarizə tədbirlərindən danışarkən deyib.

O qeyd edib ki, Şimal bölgəsində Quba gündən-günə çoxalan koronovirus pandemiyasına qarşı demək olar ki, hər gün mübarizə aparır.

Son iki həftə ərzində rayonda yerləşən Covid-19 regional xəstəxanasında koronavirusa yoluxmuş xəstələrin sayının artması narahatçılıq doğurur. Üstəlik, Quba şəhərinə, rayonun Zərdabi qəsəbəsinə və Rustov kəndinə Operativ Qərargah tərəfindən giriş-çıxışın qadağan edilməsi rayonda pandemiyaya qarşı daha ciddi tədbirlər görülməsini zəruri edib. Bu səbəbdən də rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev başda olmaqla, bütün qurumlar bu işə səfərbər olunub.

Qubada dezinfeksiya işləri

"Biz rayon əhalisinin bu bəladan tez qurtulması üçün əlimizdən gələni edirik", - deyə icra hakimi bildirib.

Qeyd edək ki, bu gün də Quba şəhərində növbəti genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Şəhərin park və xiyabanları, bazarı və insanların çox toplaşdığı yerlər xüsusi texnikalar vasitəsilə dezinfeksiya edilib.

İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dezinfeksiya prosesinə birbaşa nəzarət edib. Rayon rəhbəri əməkdaşımızla söhbətində "Şanlı Ordumuzun gündən-günə artan qələbə müjdələrinin müqabilində virusun yayılma tempinin artması"nı "xoşagəlməz" adlandırıb. O, rayona gələn qonaqlara, yerli əhaliyə müraciət edərək qoyulan şəxsi gigiyenik qaydalara tam əməl etmələrini xahiş edib.

Mənbə: sputnik.az