Şuşaya necə girməli, necə işğaldan azad etməli...

Şuşaya necə girməli, necə işğaldan azad etməli...

Biz arzularımızın tez gerçəkləşməsini istəyə bilərik, amma Prezidentin özünün dediyi kimi, o nəyin, nə vaxt və necə ediləcəyini bilir

Başlıq çox iddialı görünsə də, qüsura baxmayın, məlum, hamının ürəyi indi həm də bu bir Şuşa xəbəri ilə döyünür. Həm də şəhərin işğal tarixinin əhəmiyyətli hissəsinə şahidlik etdiyim üçün bu yazını o tərəfləri görüb-bilməyənləri üçün bir az izahat kimi qəbul edin…

Son 30 ildə Şuşa Azərbaycan cəmiyyətinin elə həssas məsələsidir ki, bu haqda ümumiyyətlə, ehtiyatla danışmaq və yazmaq lazım gəlir.

Təmiz havası, səfalı guşələri, buz kimi bulaqları ilə Azərbaycanın digər bölgələrindən bəlkə də xüsusi fərqlənmir. İşğalda isə bütün mədəniyyət abidələri ya dağıdılıb, ya da murdarlanıb. Mədəniyyət, ədəbiyyat və elmə bəxş etdiyi məşhur şəxsiyyətləri də məlumdur, amma indilikdə bunu da fərqləndirməyək, çünki Azərbaycanın dörd bir tərəfində tanınmış simalarımız olub və olacaq da. Bəs, o zaman bu şəhərin sirri nədir ki, hamı oraya can atır, oranın azad olunması xəbərini həyəcanla gözləyir, “Şuşasız Qarabağ, Azərbaycan yoxdur!” deyirlər…

Məlumdur ki, 1992-ci ilin 8 mayında Şuşanın işğalı ilə Qarabağın taleyi həll olundu, 10 gün sonra Laçının da düşmən əlinə keçməsi ilə Birinci Qarabağ müharibəsi de-fakto düşmənlərimizin hərbi qələbəsi ilə yekunlaşdı. Sonrakı torpaq tikililərimiz yalnız Ermənistanın qana batmış dişinin, işğal iştahasının nəticəsi idi.

Şuşanın işğalını şərtləndirən çox səbəblər var idi. İndi sandıq içi tökməyin nə faydası var, nə də zamanıdır. Amma “Şuşanı necə işğaldan azad edək” sualına cavabı bu şəhərin necə işğal olunmasında da axtarmaq lazım gəlir.

Birincisi, yolların bağlanması. Şuşaya ən işlək və əsas Ağdam yolu işğaldan aylar əvvəldən bağlanmışdı. Şuşadan Ağdama 37 kilometrdir. Bu yol bağlandıqdan sonra Şuşaya getmək üçün Laçına-indi işğaldan azad olunan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı yolunu keçməli idin ki, bu, Laçına çatmaq üçün ən azı 400 kilometr demək idi. Ağdamdan Şuşaya 30 dəqiqəlik rahat məsafə, təxminən 9 saatlıq təmirsiz yolla əvəz olmuşdu. Ermənilər indi Xocavənd-Qırmızı Bazar-Zərrin bağı tərəfdən Şuşaya yəqin ki, daha gedə bilmirlər, amma əsas yolları hələ açıqdır. Xankəndi-Şuşa yolu, Qafan(Ermənistan)-Laçın-Şuşa-Xankəndi(və əksinə) yolu hələ ki, işləyir. Xankəndindən Şuşaya 11 kilometrdir, bu da “Yeddi dolama”adlanan yeganə maşın yolu ilə 20 dəqiqədir. Ermənistandan Kəlbəcərə rahat yol çəkiblər, oradan da deyəsən, Laçın-Şuşa yoluna çıxmaq mümkündür. Amma indi o yola nəzarət bizim ordunun atəş nəzarətində olduğu üçün düşmən ölkədən Şuşaya(və əksinə) gedən ən təhlükəsiz yol yalnız Laçın koridorudur.

Şuşanın işğalını şərtləndirən əsas şərt yolun bağlanması idi. Biz də Şuşanı işğaldan azad etmək üçün əsas olanı-öncə yolları kəsməliyik. Xankəndi istiqamətindən Şuşaya və Ermənistana gedən yolu bağlamaq indi mümkün deyil, o səbəbdən hamının bildiyi kimi, əsas Laçın dəhlizini ya bağlamaq, ya da tam nəzarətə götürmək lazımdır.

Deyim ki, ermənilərin Birinci Qarabağ savaşında Laçın-Şuşa yolunda erməni silahlılarının toplaşdığı Daşaltı kəndi istiqamətində bir çox terror cəhdləri olmuşdu. Daşaltından tez-tez Şuşa-Laçın yoluna çıxıb ya kimisə girov götürür, ya da öldürürdülər. Rəhmətlik jurnalist Salatın Əsgərova məhz bu yolda erməni terrorçularının qurbanı olmuşdu.

Amma ermənilər tezliklə bu terroru dayandırdılar. Səbəb isə Şuşadan dinc əhalinin maneəsiz çıxmasına “şərait yaratamaq” idi. Bu səbəbdən də indi bütün Qarabağda qalmış ermənilərin də öz xarabalarına (Ermənistana) yeganə qaçış yolu Laçın dəhlizidir. Laçın dəhlizini indi bağlamaq Qarabağdakı ermənilərin tam mühasirəsi deməkdir. Mühasirəyə düşən əsgər və ya ordunun isə iki yolu qalır: ya təslim olmaq, ya da sonadək vuruşmaq. O səbəbdən Laçın dəhlizi ilə bağlı hərbi rərbərliyimizin indilikdə hansı qərar verəcəyi mühümdür. Laçın dəhlizi xirtdəkdir, amma bir var xirtdəyi əlində olanın canını üzəsən, bir də var onu boğub ölümcül hala salıb rədd edəsən. Deməyim odur ki, Laçın dəhlizi təkcə Şuşanın deyil, bütün müharibənin taleyini həll edəcək başlıca faktordur.

Şuşanı (eləcə də digər ərazilərimizi) işğalını şərtləndirən ikinci mühüm amil şəhərin daima atəş altında olması idi. Buna ilkin dövrlərdə mülkü əhali öyrəşə bilirdi, elə qəhrəman ana-bacılar da. Amma elə ki, Şuşaya çoxda dağıdıcılıq xüsusiyyəti olmayan “Alazan” yox, “Qrad” atmaqla evləri alt-üst etməyə, yanmağa başladılar, artıq o şəhərdə dinc əhali, xüsusilə qadın-uşaq saxlamaq mümkün olmadı. Xüsusilə fevralda Xocalı qırğını, Ağdamdan Şuşaya uçan vertolyotun vurulması nəticəsində 40-dək mülkü əhalinin həlak olması əhalinin bütün təbəqələrinə ağır psixoloji təsir etdi.

Qarabağdakı ermənilərinin təxminən 80 faizi Ermənistana qaçıblar, Ordumuzun qələbələri artdıqca, bu əlbəttə ki, məhz belə də olmalı idi. İndi qalanlar Rusiya saytlarının reportajlarından öyrəndiyimiz kimi, kimsəsiz və yaşlılardır. Azərbaycan hərbi komandanlığı mülkü erməni əhalisinə bir neçə dəfə müraciət edib, amma bunu hansısa mümkün yollarla, məsələn, yazılı xəbərdarlıq vərəqələri atmaqla etmək də uğurlu variant ola bilər. Bu həm bizə mülkü əhaliyə rəsmi xəbərdarlığımız olar, “mülkü əhalini hədəf alırlar” kimi erməni yalanın önləməyə imkan verə bilər. Ermənilər o vaxt bu cür “humanist” davranmayıblar, amma biz yenə də mülkü əhaliyə yazılı xəbərdarlıq edə bilərik.

İşğaldan azad etmək istədiyin şəhəri (və ya məntəqələri) ciddi və mütəmadi atəş altında saxlamasan, oradakılar(həm də silahlılar) heç vaxt nə könüllü, nə könülsüz yerlərindən tərpənməyəcəklər. Loru dildə desək, “arvad-uşağın” çıxması isə döyüşən qüvvələrə istər-istəməz ağır psixoloji zərbədir. Biz düşmənin bizə vaxtilə vurduğu bu zərbəni artıq onlara da vurmuşuq. Şuşada və digər işğaldakı torpaqlarımızda hazırda barmaq hesabı mülkü əhali olduğunu söyləmək olar.

Laçın koridorunu bağlayıb, o yolla Şuşaya doğru irəliləmək haqda da söyləntilər var. Bu, müasir hərbi üstünlük gətirən silahlarımızla etmək hərbi-strateji baxımdan nə qədər doğru və mümkün variant ola bilər, bunu müzəffər ordumuz və Ali Baş Komandanımız bilər.

Şuşanı almaq müzəffər ordumuz üçün əsas məqsəd olsa da, indilikdə hansısa dağ yolları ilə (şübhəsiz belə yollar var) piyada qoşunların şəhərə girib (guya belə videokadrlar da) mövqe tutmaq hərbi nöqteyi-nəzərdən uyğunsuz variant kimi görünür. Çünki ordumuzun məsələn, bugünkü mövqelərimizdə Şuşaya ağır texnika ilə girməyini mümkün etmir. Şuşaya girsək də, aşağıdan Xankəndi, sol tərəfdən Laçındakı erməni silahlılarının mühasirəsinə düşmək demək olar. Ermənilərin bizi həyəcanlandıran “Şuşanın 5 kilometrliyində döyüşlər gedir, köməyə gəlin” yalvarışları, xəritəni qarşımıza qoyub təhlil etdikdə, inandırıcı görünmür. Bu vay-şivən ermənilərin Şuşada toparlanması üçün bir gediş, tryuk ola bilər…

O səbəbdən gec-tez “Qarabağ Azərbaycandır!” şüarımızın nidası Şuşanın, nöqtəsi isə son dığanın da arxasına bir təpik vurub Laçın dəhlizinin bağlanması olacaq. Bizim o zəfər yolumuza hələ bir az var, o səbəbdən səbirli olaq, ancaq rəsmi məlumatlara güvənək. Prezident özünün dediyi kimi, o nəyin, nə vaxt və necə ediləcəyini bilir…Biz də Ali Baş Komandana və Ordumuza güvənirik!
“Qarabağ Azərbaycandır!”

Mənbə: konkret.az