“Paşinyanla mədəni muxtariyyət barədə danışıqlar aparmaq olar” - Tofiq Zülfüqarov

“Paşinyanla mədəni muxtariyyət barədə danışıqlar aparmaq olar” -  Tofiq Zülfüqarov

Prezident İlham Əliyev noyabrın 6-da “BBC News”a verdiyi geniş müsahibədə bir daha Qarabağ məsələsi ilə bağlı Azərbaycanın şərtlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Dövlət başçısı xatırlatdı ki, Ermənistan işğal olunmuş ərazilərin boşaldılmasına dair öhdəlik götürəcəyi təqdirdə dayanmağa hazırıq.

Sitat: “Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq”.

Təbii ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana vaxt cədvəli verməlidir. Amma bu tələbi icra etməməklə böyük səhvə yol verirlər.

Ümumiyyətlə, Ermənistanın hazırkı rəhbərliyi ilə sülh üçün hər hansı imkan demək olar ki, yoxdur. Ona görə hökumət dəyişməli, hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar hakimiyyətə gəlməlidir. Əslində yaxın gələcəkdə Ermənistanda siyasi hakimiyyət dəyişikliyi qaçılmazdır.

Düşmənin ordusunun məğlubiyyətə uğraması, daxildə ictimai-siyasi vəziyyətin çaşqınlıq, ölkənin xaos vəziyyətində olması, xalqın bütün baş verənlərə görə Paşinyanı günahkar, xəyanətkar çıxarması tezliklə iqtidara yeni qüvvənin gələcəyi, çevriliş olacağı ehtimallarını istisna etmir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Musavat.com-a bildirdiyinə görə, Ermənistanın indiyə qədər siyasi məntiqi o idi ki, bu ölkədə və onun əsgərinin olduğu yerdə azərbaycanlı olmasın:

“Onlar bu mövqeni sərgiləyirdilər. Ona görə yüz minlərlə insan etnik təmizləməyə məruz qalmışdı. İndisə Azərbaycan işğaldan azad etdiyi ərazilərə öz vətəndaşlarını qaytaracaq, azərbaycanlılar etnik təmizləmə olan yerlərə qayıdacaqlar.

Biz onların qarşısında indi bu məsələni qoymalıyıq ki, vaxtilə Ermənistandan qovulan azərbaycanlılara hansı imtiyazlar verməyə hazırsınız?

Əgər bunu istəyirsinizsə, biz də Qarabağdakı ermənilərə imtiyazlar haqda fikirləşə bilərik.

Lakin prezident tərəfindən də bəyan olunub ki, ilkin mərhələdə ermənilərə mədəni muxtariyyat verilə bilər. O deməkdir ki, onlara hansısa ərazi verilmir”.

T.Zülfüqarov Fransada yarım milyon erməni yaşadığını, onlara heç bir mədəni muxtariyyat verilmədiyini qeyd etdi: “Bu suallar verilməlidir ki, sən köhnə siyasətindən imtina edirsən, ya yox. Əgər edirsənsə, onda Ermənistanda yaşamış azərbaycanlılara hansı imtiyazlar verirsən?

Bu gün məsələ belə qoyulmalıdır. Məsələn, Moskvada erməni icması var. Onların Rusiyada qazandığı nədir?

Odur ki, ermənilərə Qarabağda mədəni muxtariyyatdan artıq nə verməliyik? Paşinyan bu istiqamətdə real addımlar atacaqsa, danışıqlar aparmaq olar”.

 

Mənbə: moderator.az